Logo
news content

Müharibə bitəcək, bəs problemlər?
Tehran rejimi ən çətin suallar qarşısında qalıb

İranda hakimiyyətin özbaşınalığına, seçicilər, vətəndaşlar, cəmiyyət qarşısında hesabatsızlığına etirazlar bütün səviyyələrdə mövcuddur.

Ancaq ölkədə söz mətbuat, fikir azadlığının demək olar ki, çox az miqyasda təmin olunması, hakimiyyətin fəaliyyətinin şəffaf olmaması, habelə ali rəhbərliklə hökumət arasında sərt tabeçilik bir sıra reallığın cəmiyyətə çatdırılmasına mane olur. Belə vəziyyət müxtəlif şayiələrin yayılmasına da rəvac verir.

Bu günlərdə İran Prezidenti Məsud Pezeşkianın istefası ilə bağlı məlumatlar yayılmışdı. Özünü İrandakı “Hizbullah”ın baş katibi sayan Məhəmməd Baqer Xərrazinin iddiasına görə, ali rəhbər Müctəba Xamenei rəsmi və açıq şəkildə xəbərdarlıq edib ki, Məsud Pezeşkian yenidən istefa verərsə, onun ərizəsini qəbul edəcək. 

Onun sözlərinə görə, lider Ali Milli Təhlükəsizlik Şurasının tərkibində dəyişikliklər etmək niyyətində olduğunu elan edib.

Məhəmməd Baqer Xərrazi Seyid Əli Xameneinin başqa bir oğlu Məsud Xameneinin kürəkənidir. O, sosial şəbəkədə yayımlanan videoda Müctəba Xameneyinin bu xəbərdarlığı nə vaxt, kimə rəsmi və açıq şəkildə verdiyini açıqlamayıb. 

Qeyd edək ki, Müctəba Xameneinin ali rəhbər təyin olunduqdan bu günədək görünməməsi onun haqqında müxtəlif müəmmalı məlumatların yayılmasına səbəb olub. Onun hətta bu il fevralın 28-də ABŞ-nin hücumu nəticəsində atası, ailə üzvləri və başqa rəsmi şəxslərlə birlikdə öldüyü barədə də xəbərlər yayılmışdı. 

Ancaq Tehran rəsmiləri Müctəba Xameneinin sağ olduğunu deyirlər. Hətta özünün iştirakı olmadan belə İranın Dini Ekspertlər Şurası onu ali rəhbər vəzifəsinə seçib. 

Ötən müddət ərzində onun iştirakı ilə bağlı nə bir video, nə də audio material yayımlanıb.

Xərrazi isə Məsud Pezeşkianın 28 dəfə istefa verməsi, yaxud istefa verəcəyi ilə hədələməsi məsələsinə istinad edərək, deyib: “Müctəba Xamenei yazıb ki, Pezeşkian yenidən istefa versə, biz onu qəbul edəcəyik. Ona görə də onlar kasalarını və küpələrini bir yerə yığıb, fitili çıxarıb, bir daha istefa ilə hədələməyiblər”.

“İran International” isə etibarlı mənbəyə istinadən bildirmişdi ki, Məsud Pezeşkian Müctəba Xameneinin dəftərxanasına istefası barədə rəsmi məktub göndərib. Bildirilib ki, həmin məktubda Prezident çox sərt şəkildə tənqidi tonda xəbərdarlıq edib. O, ölkənin inzibati strukturunun praktikada rəsmi prosedurlardan kənara çıxdığını, hökumətin əsas sahələrinin İslam İnqilabı Keşikçiləri Qvardiyasının müəyyən bir qrup komandirlərinin tam nəzarəti altına düşdüyünü vurğulayıb. 

Məlumata görə, məktubda Pezeşkian bildirib ki, özü və hökuməti əslində ölkənin ən mühüm qərarlarının qəbulundan kənarlaşdırılıb, yaranan boşluğu isə SEPAH-dakı ekstremist cərəyanlar ələ keçirib.

Belə iddia olunur ki, Pezeşkianla SEPAH-ın komandanı Əhməd Vahidi arasında qarşıdurma yaşanır. Bu hərbi qruplaşmanın hakimiyyətin idarə edilməsi üzərində dominantlığı prezidentin öz vəzifələrini icra etməsinə mane olur. 

Bu kimi xəbərlər yayıldıqdan sonra əvvəlcə hökumətə bağlı media, sonra hökumət başçısının yaxın çevrəsi bu xəbəri təkzib etdi. 

Məsud Pezeşkianın istefası ilə bağlı xəbərlər, şayiələr ilk dəfə yayılmır. Əvvəllər də oxşa xəbərlər və təkziblər olub. 

Məsud Pezeşkian prezident səlahiyyətlərinin icrasına yenicə başlayandan bir müddət sonra ona “işləməyə imkan verilmədiyinə” dair açıqlama vermişdi. Bunun ardınca toplantılardan birində ana dilində Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bu bəndi deməklə, belə düşünmək olar ki, vəziyyətini xarakterizə edib: 

“Mən sənintək dağa saldım nəfəsi,

Sən də qaytar, göylərə sal bu səsi,

Bayquşun da dar olmasın qəfəsi,

Burda bir şir darda qalıb bağırır,

Mürüvvətsiz insanları çağırır…” 

Bundan başqa, hakimiyyət daxilində qarşıdurmanın olduğuna dair tez-tez məlumatlar yayılır. Bildirilir ki, SEPAH Prezident Məsud Pezeşkiana sayğısızlıq edir. Hətta, reallıqda ölkəni parlament sədri Məhəmmədbaqer Qalibafın idarə etdiyinə dair məlumatlar, şayiələr yayılır. 

Pezeşkianın toplantılardan birində ana dilində, Azərbaycan türkcəsində çıxışının kəsilməsi, habelə ölkənin dövlət televiziya kanalında çıxışının kəsilməsi və tam verilməməsi kimi hallar onun istefa verdiyinə dair xəbərlərin, şayiələrin yayılmasına, ayaq tutub yeriməsinə şərait yaradır. 

Məsud Pezeşkian İslam Respublikasının siyasi-dini-ideoloji məktəbinin yetirməsidir. Ancaq teokrat sayılmır. O, daha çox İranın mövcud şərtləri daxilində demokratik düşüncəli siyasətçi hesab olunur. Deputat olduğu dövrdə daim hökuməti tənqid edib. İxtisasca həkim-kardioloq olan Məsud Pezeşkian 1997–2001-ci illərdə səhiyyə nazirinin müavini, 2001–2005-ci illərdə Məhəmməd Xatəminin prezidentliyi dövründə səhiyyə, müalicə və tibbi təhsil naziri təyin edilib. Hakimiyyətin mətbəxinə yaxın siyasətçi sayılır. 

Bu kimi keyfiyyətləri ilə o, SEPAH-ın cızdığı dairəyə sığmır. Ona görə də belə qənaətə gəlmək olar ki, daim onun təzyiqi ilə üzləşir. 

Hakimiyyət daxilindən və xaricdən də bu tip xəbərlərin yayılmasında maraqlı qüvvələr ola bilər. Onların bunu Məsud Pezeşkianın nüfuzunu artırmaq, ölkədə qara-qura işlərdə əlinin olmadığını göstərmək, habelə prezidenti hakimiyyətdəki mürtəce qüvvələrdən ayırmaq, onun fərqli olduğunu göstərmək üçün etməsi də mümkündür. 

Vəziyyət o yerə qalıb ki, ölkənin ikinci şəxsinin siyasi taleyi barədə məlumatı “Hizbullah” adlanan təşkilatın məsul şəxsi verir. Çox maraqlı vəziyyət yaranır: Məsud Pezeşkian Müctəba Xamenei ilə bir dəfə görüşüb. Avqustun əvvəlində verdiyi müsahibədə isə o, ali rəhbərlə görüşməyin çətin olduğunu demişdi. Xarici işlər naziri Abbas Ərakçi ali rəhbərin heç üzünü görmədiyini bildirib. Parlamentin sədri Məhəmmədbaqer Qalibafın da onu gördüyünə dair məlumat yoxdur. Qayınatası, parlamentin keçmiş sədri, fars dili və ədəbiyyatı akademiyasının başçısı Qulaməli Həddad Adil də kürəkənini hadisələrdən sonra bir dəfə belə görmədiyini deyib. Belə bir halda Xameneinin ikinci oğlu Məsudun kürəkəni Xərrazi ali rəhbərin adından açıqlama yayır. 

Qəribə deyilmi?! Belə şərait həm də İranda hakimiyyət daxilində ziddiyyətin olduğunu, lap Məhəmmədrza şah dövründə olduğu kimi qohum-əqrəbanın ölkənin idarə olunmasına burun soxduqlarını düşünməyə əsas verir. 

Görünür, elə bu vəziyyət ABŞ-nin vitse-prezidenti Cey De Vensi İranla aparılan danışıqların hakimiyyət daxilində mövcud olan fikir ayrılıqları səbəbindən mürəkkəb və uzunmüddətli olacağına dair açıqlama ilə çıxış etməsinə əsas yaradıb. 

O, “Fox News”a müsahibəsində bildirib ki, İran hakimiyyəti daxilində müxtəlif mövqelər mövcuddur. Onun sözlərinə görə, bəzi yüksək vəzifəli şəxslər münaqişənin başa çatmasının tərəfdarı olsalar da, onun ifadəsinə görə, radikallar qarşıdurmanın davam etdirilməsində israrlıdır.

ABŞ vitse-prezidenti vurğulayıb ki, Vaşinqtonun məqsədi ABŞ vətəndaşlarının maraqlarını qorumaq üçün mövcud hərbi, iqtisadi və diplomatik imkanlardan yararlanaraq, bu mürəkkəb vəziyyəti idarə etməkdir: “Tehrandakı fikir ayrılıqları danışıqlar prosesini çətinləşdirir. Ona görə də yekun razılaşmaya nail olmaq üçün müəyyən zaman tələb olunacaq”.

Pezeşkianın istefası hakimiyyət daxili məsələlərə, ziddiyyətlərə etirazın görünməyən, bilinməyən tərəfidir. Mövcud rejimə etiraz edən başqa rəsmilər də var, onların mövqeyi də gizlədilmir. 

Xorasan Rəsəvi əyalətinin Kiber Polis (FƏTA) İdarəsinin rəis müavini, polkovnik Şəhrzad Zəmiri İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bildirilib ki, o, 2026-cı ilin dekabr-yanvar aylarında keçirilən etiraz aksiyalarını dəstəkləyib. O, Məşhəddəki Vəkilabad həbsxanasında saxlanılır. Tutulduqdan sonra o, iki aya yaxın təkadamlıq kamerada saxlanılıb. Bu müddət ərzində onun ailəsi ilə telefonla danışmasına, görüşməsinə icazə verilməyib.

Şəhrzad dəfələrlə dindirilsə də indiyədək vəkillə təmin olunmayıb və onun işi hələ də ilkin istintaq mərhələsindədir. Mühakimə olunmadığı halda əmlakı müsadirə edilib. O, yanvar etirazlarında iştirak etməkdə və etirazçılara kömək etməkdə ittiham olunur. 

Bu hadisə İranda, başda prezident olmaqla, heç də bütün məmurların ali rəhbərə və komandasına “odu, baş üstə” demədiklərinə aid nümunələrdən biridir. Ehtimal etmək olar ki, hakimiyyətə etiraz edərək, tutduqları vəzifədən müxtəlif səbəblər gətirərək uzaqlaşanlar da var. 

Hakimiyyətin panfarsçı, antitürk əməllərinə də müxtəlif şəkildə etirazlar edilir. 

Bu günlərdə Təbrizdə İslam İncəsənət Universitetində doktorluq müdafiə edən tələbə türk dilində, Azərbaycanca çıxış edib. Sosial şəbəkədə yayılan məlumata əsasən, universitetdə şəhərsalma ixtisası üzrə doktorantın dissertasiya müdafiəsinin iclasında çıxışlar türk dilində aparılıb. Bu səbəbdən iclası dayandırıb, onun nəticəsini ləğv ediblər. 

Həmin doktorantın aylarla çəkdiyi zəhməti fars şovinistləri, yaxud ona xidmət edənlər heçə endirib. 

İranda ana dilinin yerlərdə işlədilməsi rejimin tətbiq etdiyi qanuna zidd deyil. Bununla belə, Tehran hakimiyyəti başqa sahələrdə də yazdığı, imzaladığı qanunlara, qərarlara əmələ etmədiyi kimi mədəni hüquqların təminində də mürtəceliyini göstərir. 

İslam Respublikasının rəhbərliyi etirazları yatırmaq, iştirakçılara qara yaxmaq üçün müharibədən bəhanə kimi istifadə edir. Hətta, prezidentin səlahiyyətlərinin icrasına mane olur, onu fəaliyyətini məhdudlaşdırır. Eləcə də sosial, mədəni sahədə də özbaşınalıq hökm sürür. Ölkəni SEPAH və bəsic idarə edir. Belə vəziyyətin isə uzun sürəcəyi ehtimalı azdır. 

Çünki hakimiyyətə bütün səviyyələrdə etirazlar var. Cəmiyyətin tələbini isə hakimiyyət ənənəvi olaraq qulaqardına vurur. Bir gün əhali mövcud problemlərdən cana doyub , alternativ axtarmadan “kim gəlir, gəlsin, bunlar getsin” deyəndə necə olacaq? Hər halda, hansı şərtlərlə olursa olsun, müharibə də bitəcək. Ancaq çoxsaylı problemlərlə baş-başa qalan yenə bu hakimiyyət olacaq…