.jpg)
Qəzza dalanı
Fələstini kimin təmsil etdiyi, HƏMAS-da kimin söz sahibi olduğu hələ də aydınlaşmayıb
08 May 2024
İsrail HƏMAS-a qarşı mübarizəsində israrlı görünür. Mayın 6-da Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Dinc sakinlər və oraya köçürülən qaçqınlar şəhərin şimal-şərqinə təxliyə ediliblər. Orada sakinlərə humanitar yardım göstəriləcəyi bildirilib. BMT-nin məlumatına görə, Rəfahda 1 milyon 400 min nəfər yaşayıb. İnformasiyaya əsasən, bu şəhərdə HƏMAS-ın hərbi qolu sayılan “İzəddin əl-Kasam briqadası”nın dörd taboru və başqa terror qruplaşmalarıının qüvvələri yerləşdirilib. Əməliyyatın azı altı həftə davam edəcəyi gözlənilir.
Son günlər Misirin paytaxtı Qahirədə HƏMAS-la İsrail arasında girovların azad edilməsinə dair danışıqlar aparılırdı. Bu müzakirələr nəticə versəydi, İsrail Rəfahdakı əməliyyatı təxirə sala bilərdi. Ancaq bu baş vermədi.
Çünki HƏMAS-ın İsrail nümayəndə heyətinə təqdim etdiyi şərh və düzəlişlərdə İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılması tələb edilir. Bundan başqa, onlar İsrailin dinc sakinlərin zolağın şimal hissəsinə qayıtmasına icazə verəcəyi ilə bağlı bəndə də düzəliş ediblər. Silahlılar bütün fələstinlilərin, o cümlədən qruplaşma üzvləri də daxil olmaqla, Qəzzanın şimal hissəsinə qayıtmasına icazə verilməsi tələbini də irəli sürüblər.
İsrail hökuməti isə bütün əsirlikdə olan fələstinli silahlıların sərbəst buraxıldıqdan sonra geri qayıdıb, müharibəni davam etdirə biləcəyini düşünür. Bundan başqa, rəsmi Təl-Əviv indiki şəraitdə qoşunlarını Qəzza zolağından çıxarmaq niyyətində deyil.
Odur ki, bu atəşkəs humanitar və müvəqqəti sayıla bilərdi. Ancaq heç bu da baş tutmadı. HƏMAS İsrailin son atəşkəs təklifini tələ kimi gördüyünü açıqladı.
İsrail, uzun müddətdir, beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-nin təklifi ilə təxirə saldığı Rəfah əməliyyatına başlayıb. O, bu barədə Misirə və müttəfiqlərinə xəbər verib.
Rəfahda əməliyyatın başlaması Binyamin Netaniyahu hökumətinin HƏMAS-a qarşı mübarizədə qətiyyətli olduğunu göstərir. Baş nazir hələ ötən il müharibə başlayandan sonra “Wall Street Journal” yazdığı məqalədə üç şərt irəli sürmüşdü: Fələstin cəmiyyəti deradikallaşdırılmalı, Qəzza zolağı silahsızlaşdırılmalı və Fələstinin HƏMAS qrupu məhv edilməlidir.
O, təklif etmişdi ki, məktəblər uşaqlara həyatı ölümdən üstün tutmağı öyrətməli, imamlar isə yəhudilərin öldürülməsi ilə bağlı təbliğatı dayandırmalıdır: “Fələstin vətəndaş cəmiyyəti, xalqı terrorizmi maliyyələşdirməkdənsə, ona qarşı mübarizəni dəstəkləməyə transformasiya edilməlidir”.
Ötən müddət ərzində Fələstində Məhəmməd Mustafanın başçılığı ilə yeni texnokrat hökumət yaranıb. Yeni kabinet islahatlar həyata keçirəcək. Bu hökumət növbəti prezident seçkisindən sonra səlahiyyətini başa vuracaq. Onun əsas işi Fələstində vahid hökumət təşkil etməkdir.
Aprelin sonunda Çinin dəvəti ilə Fələstinin Milli Azadlıq Hərəkatı (Fəth) və İslami Müqavimət Hərəkatı (HƏMAS) nümayəndələri Pekində Fələstin daxilində barışıq mövzusunda danışıqları aparıblar. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian görüşün müsbət nəticələndiyini bildirib. Onun sözlərinə görə, Fəth və HƏMAS nümayəndələri barışığı təşviq etmək üçün dərin və səmimi dialoq aparıb, sülhün məsləhətləşmələr yolu ilə bərqərar olmasını istədiklərini vurğulayıblar. Tərəflər qeyd ediblər ki, müsbət nəticələr əldə etməyə hazırdırlar və tezliklə birliyə nail olmaq üçün əlaqələri davam etdirəcəklər.
Fələstin məsələsi ilk növbədə daxili siyasi qüvvələrin və cəmiyyətin birliyinə bağlıdır. Ölkədə bu yoxdur. Fələstin, faktiki olaraq, lap xəritədə olduğu kimi, siyasi və idarəetmə baxımından da ikiyə bölünüb.
Belə şərait ilk növbədə dövlətin özündə vəziyyəti gərginləşdirir. Bundan isə xarici güclər ustalıqla yararlana bilir.
İsrail hökumətinin başçısının yuxarıda sitat gətirdiyimiz üç tələbi hələ də qüvvədə qalır. HƏMAS-ın məhv edilməsi də bu tələblər sırasındadır.
Qahirədə razılaşma əldə edilməməsi də daxili sülhün olmamasının göstəricisidir. Çünki Fələstin dövlətini, yaxud İsrailin ifadə etdiyi kimi, bu muxtariyyəti kimin təmsil etdiyi aydın deyil. İran? Xeyr. İsrail onunla danışıq aparmaq istəmir. Fəth? O da Qəzzaya nəzarət etmir. HƏMAS zolağı zəiflədilmiş qüvvə ilə idarə edir.
Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və başqaları Fələstinin vəkili rolundadır. Onların bu məsələyə öz maraqlarını qatmayacağına təminat yoxdur. Bu da Fələstinin belə vəziyyətə qalmasına şərait yaradır.
Hələ bu azmış kimi, HƏMAS daxilində də parçalanmanı olduğuna dair xəbərlər yayılıb. HƏMAS hərəkatının Qəzza zolağındakı lideri Yəhya Sinvar girovların mübadiləsi və atəşkəslə bağlı son təklifləri “tələ” adlandırıb. Qruplaşmanın Livandakı nümayəndəsi Üsamə Hadman da bu sənədə mənfi münasibət bəslədiklərini bildirmişdi.
Bundan başqa, HƏMAS rəhbərliyində atəşkəslə bağlı fikir ayrılıqlarının olduğu da iddia olunur. Sinvar bildirib ki, Qəzzadan kənarda olan liderlər HƏMAS-ı təmsil etmir.
Bu kimi ziddiyyətli münasibət zolaqda və bütövlükdə Fələstində problemlərin yaranmasına səbəb olur.
HƏMAS öncə atəşkəslə bağlı təklifləri qəbul etdiyini bildirsə də, İsrail Müdafiə Ordusu mayın 7-də Rəfah keçid-buraxılış məntəqəsinə nəzarət ələ keçirib. Bölgəyə artıq tanklar daxil olub. İsrail hərbi rəhbərliyi bölgədə HƏMAS-ın hərbi mövqelərinə nöqtə zərbələri endirdiklərini bildiriblər.
Beləliklə, İran kimi müdafiəçilərinin, HƏMAS kimi qruplaşmanın fəaliyyəti nəticəsində Fələstinin daha bir şəhərinin dinc sakinləri öz evlərindən didərgin düşüb. İsrail isə Rəfaha da nəzarəti ələ keçirib. Bu, həm də o deməkdir ki, Netaniyahu hökuməti HƏMAS-ı tamamilə bitirmək planından vaz keçməyəcək. Yaranmış fürsətdən istifadə edilməməsi qruplaşmanın yenidən İsrail üçün problem yaratmasına səbəb olacaq. Odur ki, vəziyyətdən ən təminatlı çıxış yolu silahlıların və ətraf dövlətlərin proksi güclərinin regiondan təmizlənməsidir. Bu, həm sabitliyə doğru ilk addım olar, həm də Yaxın Şərqin siyasi-ictimai və iqtisadi mənzərəsini dəyişə bilər.