Logo
news content

Pərdənin arxasındakı SEPAH
Ali rəhbərin adından yayılan bəyanatlar kimin ritorikasıdır?

İran hakimiyyəti, yaxud rejimin yuxarı eşelonunda mövqe tutan bir qrup, baş verənləri cəmiyyətdən gizli saxlayır. Sanki bu, onların ailə məsələsidir. Dövlət bir ailə, onu idarə edənlər xidmətçidirsə, o zaman hadisələri cəmiyyətdən gizlətmək nə qədər məntiqidir?! Düzdür, dövlətin maraqları, təhlükəsizliyi naminə bəzi mətləblər məxfi saxlanıla bilər. Ancaq ümumcəmiyyət mahiyyətli mövzuların gizlədilməsi əlavə problemlər yaradır.

Başqa bir tərəfdən, hakimiyyət ölkə əhalisinin rifahına xidmət edirsə, o zaman ondan xəlvətilik etmək nə məna daşıyır?

Qayıdaq bu il fevralın 28-də baş vermiş hadisələrə. ABŞ və İsrailin İrana raket hücumu nəticəsində İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei və ailə üzvləri ölüb. Həmin hadisədə oğlu, parlamentin keçmiş sədri, panfarsçı ideoloq, hazırkı ali rəhbər Müctəba Xameneinin də öldüyü, yaxud yaralandığına dair xəbər yayılmışdı.

İyulun 3-də seyid Əli Xameneinin cənazəsi ilə vida mərasimi başlayıb. Onu iyulun 9-da Məşhəddə İmam Rzanın məqbərəsində dəfn edəcəklər.

Bu mərasimə milyonlarla insan, habelə xarici dövlətlərin müxtəlif vəzifəli şəxsləri qatılıb. İran XİN sözçüsü İsmayıl Bəqainin sözlərinə görə, prezident və baş nazirlər daxil olmaqla, səkkiz dövlət başçısı və 12 parlament sədri vida mərasimində iştirak edib. Təxminən yüz ölkənin rəsmi nümayəndə heyətləri mərasimə qatılıb, həmçinin ayrı-ayrı şəxslər və ictimai təşkilatlar tədbirə nümayəndə göndərib.

Azərbaycandan vida mərasiminə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Bəqai deyib ki, hərbi əməliyyatlar zamanı ABŞ və İsraili dəstəkləmiş Avropa dövlətlərinin rəsmi nümayəndələri vida mərasiminə dəvət edilməyib. Vida mərasimi Tehran, Qum, Məşhəd və İraqın Nəcəf şəhərlərində keçiriləcək. Altı günlük bu tədbirdə 15-20 milyon insanın iştirakı gözlənilir.

Tehranda keçirilən mərasimdə İran Prezidenti Məsud Pezeşkian, parlament sədri Məhəmmədbaqer Qalibaf, İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) komandanı Əhməd Vahidi, ali məhkəmənin səlahiyyət müddəti başa çatmış sədri Qulamrza Möhsüni-Ejeyi, xarici işlər naziri Abbas Əraqçi və başqaları iştirak edib.  

Ancaq ali rəhbər Müctəba Xamanei mərasimdə görünməyib, onun vida tədbirinə qatılıb-qatılmayacağına dair müxtəlif ehtimallar var.

Bununla belə, Məsud Pezeşkian və Məhəmmədbaqer Qalibaf başda olmaqla Tehran hakimiyyəti özünü Müctəba Xameneiyə heç nə olmamış kimi aparır.

Onun adından paylaşımlar da edilir. Belə addımlardan biri iyunun sonunda atılıb. Həmin paylaşımda ali rəhbər ABŞ-nin şərtləri yerinə yetirməsini gözləyəcəklərini vurğulayıb.

O, iyunun 17-də ABŞ Prezidenti Donald Tramp və  İran Prezidenti Məsud Pezeşkianın elektron formatda imzaladıqları memorandum çərçivəsində yeddi əsas gözləntini sadalayıb:

- Livan cəbhəsi də daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması;

- Memorandumun 4-cü bəndinə uyğun olaraq naviqasiyaya mane olan bütün məhdudiyyətlərin və dəniz blokadasının 30 gün ərzində aradan qaldırılması;

- Hörmüz boğazı üzərində suverenliyin möhkəmləndirilməsi;

- 6-cı bəndə uyğun olaraq kompensasiya və bərpa üçün ABŞ və regiondakı tərəfdaşlarının 300 milyard dollar ayırması;

- Bütün sanksiyaların hərtərəfli şəkildə ləğvi edilməsi;

- İranın nüvə dosyesinin bağlanması;

- Dondurulmuş aktivlərə çıxışın təmin edilməsi.

Burada yeni heç bir şərt yoxdur. Sadəcə memorandumda nəzərdə tutulan bəndləri müəyyən mənada təfsiridir.

Ali rəhbərin öz atasının və keçmiş dövlət başçısının dəfn mərasiminə qatılmaması çoxsaylı suallar yaratmaqla yanaşı, təəccüb də doğurur.

Əvvəla, Seyid Əli Xameneini “müsəlman dünyasının aparıcı din xadimi”, “İslam Respublikasının imamı”, baş verən hadisəni isə islam dini uğurunda şəhidlik sayırlarsa, Müctəba Xameneinin mərasimə qatılması daha məntiqi olardı – təbii ki, sağdırsa və fəaliyyət qabiliyyəti varsa.

Çünki Xameneinin dəfninə ABŞ və İsrail də şərait yaradıb. Ötən gün “Nyu York Tayms”da İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və XİN başçısı Abbas Əraqçinin İsrail tərəfindən öldürəcəyinə dair məlumat yayılıb. Ancaq vida mərasimində onların ikisi də iştirak edib. Belə mülahizə etmək olar ki, bu tip məlumatı qəzetə bilərəkdən ötürüblər. Başqa sözlə Müctəbanın dəfndə iştirak etməməsinə bəhanə yaratmaq üçün hazırlanıb. Yəni “ali liderin həyatına təhlükə var” bəhanəsi ilə o, vida mərasiminə gəlmir. Ancaq Müctəba Xameneinin fəaliyyət qabiliyyəti varsa, onun inancı dairəsində dəfn mərasimlərinə qatılması, əhali arasında onunla bağlı yaranan çoxsaylı suallara cavab verməsi, varlığını göstərməsi vacib sayılır. 

Odur ki, İran hakimiyyətinin Müctəba Xameneinin fəaliyyəti, sağlıq durumu haqqında reallığı gizlətməsi yanlış ideyadır. Ehtimal etmək olar ki, guya lideri uzun müddət gizli saxlamaqla cəmiyyətin diqqətinin bu sayaq ona cəlb edir, bu yolla onun tanınması, ətrafında sirli halə yaradılması və ölkədə, regionda və qlobal miqyasda reytinqinin artması məqsədi güdülür.

Bu günlərdə ali liderin adından ABŞ və İsrail liderlərinin cəzalandırılmasına dair açıqlama da yayılıb. Lakin hər dəfə belə bir informasiya özü ilə labüd suallar da gətirir – Müctəba Xameneinin adından yayılan açıqlamalar nə qədər doğrudur? Bunu təsdiqləmək üçün onun varlığını hansısa formada özünü göstərməyə ehtiyac var.

Ali rəhbərin adından yayılan açıqlamada o, İslam Respublikası ilə ABŞ və İsrail arasındakı müharibəni “cinayət” adlandıraraq, onun icraçılarının məhkəmə qaydasında təqib olunmasını tələb edib. Onun iddiasına əsasən, amerikalı və israilli rəhbərlərin bu hadisələrlə öyünməsi, “şübhəsiz ki, cinayətin etirafı sayılır”. Rəhbərin sözlərinə görə, bu bəyanatlar hüquqi və məhkəmə təqibləri üçün əsas ola bilər.

II Xamenei müraciətinin digər hissəsində vurğulayıb ki, son iki müharibədə həlak olanların, xüsusilə də İslam Respublikasının qətlə yetirilmiş rəhbəri Seyid Əli Xameneinin qisası “daxili və beynəlxalq məhkəmələrdə ciddiyyətlə təqib edilməlidir”.

Ali rəhbərin adından danışıqlar apardıqları qarşı tərəfə belə sərt ismarışlar verilməsi müraciətləri onun adından yazılmadığı ehtimalını artırır. Çünki Məsud Pezeşkian sülh və danışıqlarla bağlı daha mülayim açıqlama verir. Məsələn, Müctəba Xameneinin müraciətinin yayıldığı gün Məsud Pezeşkian ABŞ ilə mümkün razılaşmaların icrasının hər iki tərəfin öhdəliklərinə əməl etməsindən asılı olduğunu bildirib: “Qarşılıqlı anlaşma iki tərəfli bir yoldur. Amerika tərəfi razılaşmaya əməl edərsə, biz də öhdəliklərimizi yerinə yetirəcəyik”.

O, ABŞ ilə əldə olunan razılaşmanın Müctəba Xamenei ilə tam koordinasiya şəraitində hazırlandığını da bildirib. Pezeşkian əlavə edib ki, bəzi daxili dairələr İranın danışıqlar qrupunun nüfuzuna zərbə vurmağa çalışırlar.

Fikrimizcə, əsas problem də elə bu “daxili dairələrin” danışıqlara zərbə vurmaq cəhdləridir. Ona görə də Xamenenin adından yayılan müraciət və açıqlamaların əslində SEPAH-a aid olduğu ehtimalı artır. Bu, daha çox “sepah”çıların ritorikasına bənzəyir. Hədə gəlmək, qalmaqal yaratmaq, mübahisəli məqamları artırmaq və s. onların üsuludur.

Açıq mənbəli izləmə və rəqəmsal məlumatların təhlili sahəsində tanınmış şəxs olan “Shin” (@hey_itsmyturn) telerqam kanalı iddia edir ki, Müctəba Xamenei ilə Məhəmmədbaqer Qalibafın ofisinin sənədləri arasında qəribə oxşarlıq var. Mənbə bildirib ki, Telegram kanallarında dərc olunmuş PDF fayllarının metaməlumatlarının araşdırılması bu iki qrup arasında ortaq media infrastrukturunun mövcudluğunu göstərir.

Şinin sözlərinə görə, oxşarlıq yalnız proqram təminatı versiyası ilə məhdudlaşmır. Hər iki kanaldan olan fayllar, o cümlədən Adobe PDF 18.0 kitabxanası, ar-SA dili, eyni Adobe XMP Core məlumatları və hətta “XMP Toolbox” bölməsindəki eyni zaman möhürü də daxil olmaqla, çox oxşar texniki xüsusiyyətlərə malikdir (açıq mənbəli analitikada məzmunun yaradılması prosesinin "rəqəmsal barmaq izi" kimi tanınan məlumat toplusu).

O deyib ki, müşahidə edilən yeganə dəyişiklik 2026-cı ilin iyun ayının əvvəlində, Müctəba Xameneiyə aid edilən ofisin Mac-dakı Adobe InDesign 21.0 versiyasından Windows-dakı 21.3 versiyasına köçürüldüyü zaman baş verib.

Şin yazısında bildirir ki, bu oxşarlıqlar Müctəba Xameneinin ofisi ilə Qalibafın media komandası arasında ortaq infrastruktur, avadanlıq və ya işçi qüvvəsindən istifadəni göstərir. O, həmçinin qeyd edib ki, hazırkı şəraitdə İslam Respublikasında iki mühüm güc mərkəzi arasında bu cür texniki üst-üstə düşmə hökumətin media strukturunda daha mütəşəkkil koordinasiyanın əlaməti ola bilər.

Düzdür, bu məlumatda göstərilənlər spesifik sahənin mütəxəssisləri üçün daha aydındır. Ümumilikdə də isə belə qənaətə gəlmək olar ki, Xameneinin adından yayılanları Qalibaf təsdiqləyir. Parlament sədri isə SEPAH-ın keçmiş komandanı, Tehranın meri, prezidentliyə bir neçə dəfə namizəd olub. Bu baxımdan, indiki şəraitdə İran hakimiyyətini idarə edən əsas fiqur olaraq onun adı daha çox hallanır. Onu da qeyd etmək lazımdır ki, ABŞ ilə danışıqlar aparan İranın nümayəndə heyətinə Qalibaf başçılıq edir. Bu, İran tərəfdən prosesin və danışıqların SEPAH-ın nəzarəti altında keçdiyini isbatlayır.

Qulaməli Həddad Adilin bu günlərdə verdiyi “yeni liderlə heç bir əlaqəm olmayıb” açıqlaması İran hakimiyyəti daxilində ciddi fikir və fəaliyyət ayrılığı olduğunun göstəricisidir. Çünki Həddad Adil sıradan bir fiqur deyil. O, həm də Müctəba Xameneinin qayınatasıdır.

Digər yandan isə Adil ABŞ ilə əldə edilən razılaşmanın yanlış şərh edildiyini iddia edir: “Mənim prinsipial fərqli fikrim var”. Adil dediklərinin şəxsi fikri olduğunu, bunların ali rəhbərə aidiyyəti, habelə kürəkənin nümayəndəsi olmadığını da vurğulayıb. O, həmçinin bildirib ki, İslam Respublikasının lideri “danışıqlar aparmır”, hətta “üzbəüz görüşlər keçirimir”. Onun sözlərinə görə, bu razılaşma “hərtərəfli oxunmalı və şərh edilməlidir”.

Onu da qeyd edək ki, Ali Milli Təhlükəsizlik Şurasında ABŞ ilə razılaşmanın əleyhinə yalnız Qulaməli Həddad Adil səs verib.

Bundan başqa, bu günlərdə ölkə televiziyasında Qalibafın müsahibəsinin yarımçıq kəsilməsi də İran hakimiyyəti daxilində müəmmalı olayların baş verdiyini göstərir.

Sadalanan arqument, fakt və məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, Xamenei hələ fəaliyyətini tam bərpa etməyib. Bu isə hakimiyyət daxilində vahid lider fiqurun olmadığı qənaətinə gəlməyə imkan verir. Yaxud, lap fərz edək ki, ali lider sağdır. Adından yayılanlar da ona mənsubdur. Onda başqa bir versiya üzərində düşünməyə əsas yaranır: Xamenei hakimiyyət daxilində atası qədər nüfuza malik deyil, bu səbəbdən də rejim nümayəndələri, məşhur filmdə deyildiyi kimi, “hərəsi bir cür oynayır”.

ABŞ Prezidenti Donald Tramp isə Amerikanın Müstəqilliyinin 250-ci illiyi münasibətilə çıxışında İranla danışıqlar mövzusuna toxunaraq bildirib: “Biz İranı tar-mar etdik. Onlar ölüm-dirim məsələsi kimi razılaşma bağlamaq istəyirlər. Onlar bunu çox istəyirlər. Biz onlara dəfn mərasimi üçün bir həftə fasilə verdik, çünki biz xeyirxahıq”.

Kimin hansı mövqedə durmasından, Tehranda hərənin öz havasına oynamasından asılı olmayaraq, ABŞ İran hakimiyyəti qarşısında qoyduğu şərtləri addım-addım qəbul etdirir. Bu isə yaxın zamanlarda ABŞ ilə İran arasında daha mühüm sənədlərin imzalanacağına ümidləri artırır. Qeyd edək ki, tərəflər arasında danışıqların növbəti raundu iyulun 11-də keçirilməlidir…