İran SEPAH-ın mühasirəsində
Pezeşkian etiraz edir, ali rəhbər gizlədilir, ölkədə qorxu hökm sürür...
10 May 2026
Qlobal miqyasda müstəqillik, azadlıq, suverenlik, birləşmək və başqa hədəflər uğurunda mübarizə aparmış, hazırda da fəaliyyət göstərən təşkilatlar olub və mövcud olmaqdadır.
Məsələn, ETA (“Bask Euskadi Ta Askatasuna” - “Bask ölkəsi və azadlıq”) 50 ildən artıq müddət ərzində baskların İspaniya və Fransadan müstəqilliyi uğrunda silahlı mübarizə aparan radikal separatçı solçu-millətçi təşkilatdır.
Bu hərbi-siyasi qruplaşma 1959-cu ildə Frankonun diktaturası dövründə bask torpaqlarında müstəqil sosialist dövlətinin yaradılmasını müdafiə edən gizli təşkilat kimi qurulmuşdu. 1968-ci ildən o, partlayışlar, polis əməkdaşlarının, siyasətçilərin və mülki şəxslərin öldürülməsi, həmçinin insan oğurluğu əməliyyatları həyata keçirib. Fəaliyyəti müddətində ETA ən azı 829 nəfərin ölümünə görə məsuliyyət daşıyır. 2011-ci ildə qruplaşma silahlı fəaliyyətini dayandırdığını elan edib. 2018-ci ilin mayın 2-də isə özünü buraxdığını elan edib. Hazırda ETA fəal hərbi qruplaşma kimi artıq mövcud deyil.
Təşkilat uzun müddət İspaniya başda olmaqla Avropa İttifaqı, ABŞ və başqa ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınmışdı.
“İrlandiya Respublika Ordusu”, Şen Feyn Partiyası Böyük Britaniyada siyasi-hərbi qruplaşma kimi fəaliyyət göstərib. Onların əsas məqsədi Şimali İrlandiyanın Birləşmiş Krallıqdan ayrılaraq İrlandiya Respublikası ilə birləşməsi idi. Şin Feyn Şimali İrlandiyada (Britaniya), həm də İrlandiya Respublikasında (müstəqil dövlət) fəal siyasi rol oynayır.
O, müəyyən dövrlərdə İrlandiya Respublikaçı Ordusunun (İRA) siyasi qanadı kimi tanınıb.
Onlar da silahlı mübarizədən imtina ediblər.
Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri (FARC-EP) 1966-cı ildə hökumətə qarşı mübarizə aparmaq üçün Kolumbiya Kommunist Partiyasının hərbi qanadı kimi yaradılmış ən böyük marksist-leninçi partizan qruplaşmasıdır. Həmçinin əhəmiyyətli sol radikal təşkilat olaraq 1964-cü ildə yaradılmış Milli Azadlıq Ordusu (ELN) mövcuddur.
Onlar marksizm-leninizm ideologiyasına sadiq qalaraq vətəndaş müharibəsində iştirak edib. 2016-cı ildə hakimiyyətlə sülh sazişi imzalayıb. Üzvlərin çoxu tərksilah olub. Bununla belə FARC-dan ayrılmış silahlı qruplar mövcuddur.
19 Aprel Hərəkatı (M-19) silahlı qruplaşması 1970-80-ci illərdə fəaliyyət göstərib. Sonradan siyasi partiyaya çevrilib.
Təşkilatlar tez-tez partizan mübarizə üsullarından istifadə edib, narkoticarət və adam qaçırma hesabına maliyyələşməkdə ittiham olunublar.
Son zamanlar ABŞ Prezidenti Donlad Tramp Kolumbiya hakimiyyətini bu istiqamətdə xəbərdar edib.
HƏMAS, PKK, Livandakı “Hizbullah”, İŞİD, “əl-Qaidə” və başqaları siyasi və hərbi qollardan ibarət olub və belə fəaliyyəti göstərir.
Bu qruplaşmaların bəziləri böyük güclərin və regional dövlətlərin əllində proksi qüvvə kimi də fəaliyyət göstəriblər.
Odur ki, maliyyə qaynaqları zəifləyən kimi onların zəiflədiyi, yaxud sıradan çıxdığı da hallar da olub.
Sadaladığımız bu kimi qruplaşmalar Avropa İttifaqı və bir çox dövlətlər tərəfindən terrorçu təşkilatlar siyahısında daxil edilib.
Beynəlxalq ictimaiyyətin terrorçu olaraq tanıdığı İranın İslam İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) da var.
O biri qruplaşmaların hədəfi, tutaq ki, öz ideyaları əsasında dövlət qurmaq, yaxud mövcud olanı parçalamaq və sairdirsə, SEPAH 1979-cu il fevral inqilabından sonra məhz dövlətin, hakimiyyətin qoynunda yaranmış hərbi təşkilatdır.
Onun da müxtəlif terror olaylarında adı hallanır. ABŞ, Avropa İttifaqı, İsrail, Səudiyyə Ərəbistanı, Kanada, Argentina, Belçika, İsveç və başqa dövlətlər SEPAH-ı terrorçu təşkilat olaraq tanıyır. Onun liderlərinə sanksiya da tətbiq olunub.
Terror qruplaşması kimi tanınan digər təşkilatlardan fərqli olaraq, SEPAH İslam Respublikasında hakimiyyətdədir. Onun siyasi qolu İslam Respublikası hakimiyyəti, vilayəti-fəqih, ali rəhbəri başda olmaqla, idarəetmə institutlarıdır. Bu baxımdan, qvardiya terror qruplaşması kimi tanınan başqa hərbi təşkilatlardan bu üstünlüyü ilə də fərqlənir. Bundan başqa, onun xaricdə fəaliyyət göstərən “Qüds” qoşunu var. SEPAH-ın hərbi, təhlükəsizlik, iqtisadiyyat, kəşfiyyat sahələri üzrə strukturları da mövcuddur.
Bu təşkilatın “bəsic” adlı yarımhərbi sosial bazası da var. O, dinc vətəndaşlara, ictimai-siyasi hadisələrə, aksiyalara bəsici vasitəsi ilə nəzarət, etiraz tədbirlərinin yatırılmasında ondan da istifadə edir.
SEPAH-ı bəzən “hakimiyyət içində hakimiyyət” sayırlar. Ancaq son hadisələr göstərir ki, əksinə, İslam Respublikası İnqilab Keşikçiləri Qvardiyasının daxilindədir.
Başqa sözlə, SEPAH İranı bütün istiqamətlərdə işğal edib. O, inqilabın ilk günlərində anti-inqilabi ünsürlər, “azmışlara” qarşı cəza maşını olaraq yaradılıb. Ancaq bir müddət keçdikdən sonra hökumətin də funksiyalarını üzərinə götürməyə başlayıb.
Son aylar İran Prezidenti Məsud Pezeşkianla SEPAH-ın baş komandan Əhməd Vahidi arasında qalmaqalla bağlım yayılan xəbərlər də bunu təsdiqləyir.
Məlumatlara əsasən, hökumətlə SEPAH komandanı da daxil olmaqla, hərbi komandirlər arasında görünməmiş gərginlik yaşanır. Bildirilir ki, Məsud Pezeşkian SEPAH-ın region ölkələri ilə gərginliyi artırmaq yanaşmasını “axmaqlıq” adlandırıb.
Prezident Əhməd Vəhidinin fəaliyyətindən son dərəcə qəzəblidir. O, Birləşmiş Ərəb Əmirliklərinə raket və pilotsuz təyyarə hücumlarını hökumətin xəbəri və ya koordinasiyası olmadan həyata keçirməsini "məsuliyyətsiz addım” adlandırıb.
Hökumət başçısı SEPAH-ın Körfəz ölkələrinə hücumlarının dayandırılması və onların təkrarlanmasının qarşısının alması ilə bağlı Müctəba Xamenei ilə təcili görüş tələb edib.
Məsud Pezeşkian Müctəba Xamenei ilə görüşdə atəşkəs razılaşmasını təcili diplomatik tədbirlərlə xilas etmək üçün hələ də qısa bir fürsət pəncərəsinin olduğunu və Tehranın danışıqlar masasına qayıtmağa hazır olduğunu vasitəçilərə bildirməsinə icazə verilməli olduğunu vurğulamaq niyyətindədir.
Məlumatlara əsasən, prezident İranın ali rəhbəri sayılan Müctəba Xamenei ilə görüşünə şərait yaradılmayıb. Məsud Pezeşkian özü isə Müctəba Xamenei ilə görüşdüyünü iddia edib.
Pezeşkianla SEPAH komandanı arasında hər hansı münaqişə olmadığına dair hökumət bəyanat yaysa da, hakimiyyət daxilində ciddi fikir ayrılığının olduğu ehtimalı günü-gündən artır. Bunun səbəblərindən biri də hakimiyyətin fəaliyyəti, ali rəhbərin vəziyyəti barədə şəffaflığın olmamasıdır.
Belə qənaətə gəlmək olar ki, ali rəhbər SEPAH-ın nəzarəti altındadır.
Bir sözlə, SEPAH İslam Respublikasında hakimi-mütləqdir.
Bu hərbi-siyasi birləşmənin fəaliyyəti Məhəmmədrza şah Pəhləvinin hakimiyyətinin son illərində SAVAK-ın (“Sazman-e Ettelaat və Əmniyyət-e Keşvər” – Ölkənin İnformasiya və Təhlükəsizlik Təşkilatı) törətdiyi əməlləri xatırladır.
Həmin illərdə SAVAK bütün sahələrə nəzarət edirdi. Hətta Daxili İşlər Nazirliyinin də funksiyasını üzərinə götürmüşdü.
Bu təşkilatın adı çəkiləndə göz önünə işgəncə, təqib, müəmmalı ölümlər, məhkəməsiz edamlar, insanların məişətindən tutmuş, həyatını əhatə edən bütün sahələrə müdaxilə gəlir. SAVAK şahdan sonra ölkəyə nəzarət edirdi. Onların dövründə dindarlar təqib olunurdu. Rza şahın hakimiyyəti illərində hicab qadağan edilmişdi. SEPAH-da isə əksinədir.
Ən təəccüblü və təəssüfləndirici hal odur ki, pəhləvilərin və SAVAK-ın zülmünü görmüş, yaşamış eşitmiş SEPAH-çılar özləri indi oxşar addımlar atırlar. Bir sıra hallarda isə SAVAK-ın əməllərinin inkişaf etdirirlər.
Odur ki, son yarım əsrdə İranda rejimlərin adı dəyişib - monarxiya teokratiyaya çevrilib, təzyiq və nəzarət alətləri isə SAVAK-dan SEPAH-a keçib.
Məhz bu səbəbdən ölkə yeniləşməyə, dəyişikliyə ehtiyac duyur. Son 100 ildə İran öz yerini tapa bilmir. Bu yer isə yüz il əvvəl itirilib - Qacarları devirməklə…