
Əsədin qaçışı Tehranı təlaşa salıb
Milyardlarla dollar və böyük ümidlər havaya sovruldu
16 Dekabr 2024
HƏMAS, “Hizbullah” və Bəşər Əsədin bir ildə çöküşü Tehranın vəziyyətini ağırlaşdırıb. İran rəhbərliyinin on illər boyu bu qruplaşmalara və rejimə yatırdığı sərmayə batıb. Onlar zənn edirdilər ki, Yaxın Şərqdə İslam Respublikasının lideri ayətullah Ruhullah Xomeyninin islam inqilabı doktrinası regionda yayılacaq və ona oxşar rejimlər yaranacaq. Ancaq bu baş vermədi, əksinə, Tehran rejiminin özünün tarixə keçməsi məsələsi beynəlxalq ictimaiyyətin gündəliyindədir.
Bəlağətli çıxışlar edən rejim rəsmiləri HƏMAS, “Hizbullah”ın zəifləməsi, Bəşər Əsədin süqutu ilə gələn məğlubiyyətlə barışmaq istəmir. Müxtəlif bəhanələrlə özlərinə, düşdükləri vəziyyətə haqq qazandırmağa çalışırlar.
Bu vəziyyət Tehran rejimi daxilində qarşıdurmaya səbəb olub. Hakimiyyətin əsas dayağı sayılan İnqilab Keşikçiləri Qvardiyasında (SEPAH) fikir ayrılığını artırıb.
İngiltərədə çıxan “The Telegraph” qəzeti yazır ki, SEPAH generalları Əsəd rejiminin süqutundan qəzəblənib. İranın bölgədə nüfuzunu itirəcəyinə görə onlar bir-birini günahlandırırlar. Bəşər Əsədin qaçacağını bu komandanın daxilində heç kim zənn etməyib. İran İsraildən qorunmaq və “Hizbullah”la yaxınlığını qorumaq üçün onu hakimiyyətdə saxlamağa çalışıb: “Tehran Əsəd rejimini dəstəkləmək üçün milyardlarla dollar xərcləyib. Suriya Bəşər Əsəd rejimi dövründə İrandan “Hizbullah”a silah təchizatı üçün əsas marşrut olub...
SEPAH daxilində bir sıra rəsmilər “Qüds” qoşunlarının komandanı İsmayıl Kaanini günahlandırır. Çünki o, Əsəd ordusunun dağılmasına imkan verməkdə əsas təqsirkar sayılır. Bunu onun üzünə deməyə heç kim cəsarət etmir, ancaq o, İranın maraqlarının itirilməsinin qarşısını almaq üçün heç bir iş görməyib. İsmayıl Kaani Suriyadakı vəziyyəti yalnız Tehrandan izləməklə kifayətlənib”.
“Hizbullah” lideri Həsən Nəsrullah öldürüldükdən sonra İsmayıl Kaani ilə bağlı qalmaqallı məlumatlar yayılırdı. Təşkilat rəhbərinin bunkerinin yerinin İsrailə verilməsində onun da adı hallanır. Hətta Həsən Nəsrullah öldürüldükdən sonra Kaani bir müddət ictimaiyyət arasında görünmədi.
Bu baxımdan, “Qüds” komandanının Suriyadakı hadisələri İrandan izləməsi Qvardiya daxilində şübhələrdən xəbər verir.
İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamənei isə bu kimi məsələlərə diqqət ayırmadan Əsədin süqutunda onu suçlu bilib. O, suriyalı gənclərin “Suriyanı xilas edəcəklərini” vurğulayıb.
Xamənei Dəməşq rejiminin çöküşündə ABŞ, İsrail və “qonşu dövlətin” əli olduğunu bildirib. O, qonşu dövlətin adını hallandırmamaqla İran hakimiyyəti üçün manevr etməyə yer qoyub. Suriyanın qonşuları sırasında Livan, İordaniya və Türkiyə də var. Bu baxımdan, Tehran Əsədin süqutunu özündən və Dəməşq rejimi başçısından kənarda axtarmağa çalışır.
ABŞ və İsrail Əsəd ordusunun hərbi texnikasını və canlı qüvvəsini bombaladığını inkar etmir. “Haarets” qəzetinin yazdığına görə, yəhudi dövlətinin müdafiə ordusu Suriyanın hərbi texnikasının və şəxsi heyətinin 80 faizini məhv edib. Bu əməliyyatda İsrailin 359 qırıcısının iştirak etdiyi vurğulanıb.
Bu il oktyabrın 26-da yəhudi dövlətinin hərbi qüvvələri İran ərazisinə havadan zərbə endirib. Təl-Əviv rəsmilərinin sözlərinə görə, İslam Respublikası Hərbi Hava Qüvvələrinə aid sisteminin 60-70 faizi sıradan çıxıb. İsrail iddia edib ki, bu zərbələr nəticəsində İran ballistik raket istehsalını dayandırıb.
“The Times of Israel”in yazdığına əsasən, İsrail Hərbi Hava Qüvvələri Suriyanın hava hücumundan müdafiə sistemi sıradan çıxardıqdan sonra İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır.
Yəhudi dövlətinin ordusundan bildirilib ki, Yaxın Şərqdə iranyönlü qrupların zəifləməsi və Suriyada Əsəd hakimiyyətinin sürətlə devrilməsindən sonra İranın nüvə obyektlərinə zərbə endirmək imkanı yaranıb. Bu səbəbdən, İsrail Hərbi Hava Qüvvələri bu cür potensial zərbələr üçün hazırlıqları gücləndirməkdə davam edir.
İsrailin Baş naziri Binyamin Netanyahunun dekabrın 12-də İran vətəndaşlarına müraciət yəhudi dövlətinin Tehran hakimiyyətinə qarşı əməliyyatlar keçirə biləcəyi ehtimalını artırır: “Sizin diktatorlarınız Suriyada Əsədi dəstəkləmək üçün 30 milyard dollardan çox pul xərcləyib. Cəmi 11 günlük müharibədə onun rejimi külə döndü”.
O, İslam Respublikasının Qəzzada HƏMAS-ı dəstəkləmək üçün xərclədiyi milyardlarla dollara, eləcə də Livanda “Hizbullah”a xərclədiyi 20 milyard dollardan çox vəsaitə toxunaraq, bildirib: “Bu gün onların rejimi devrilib. “Hizbullah” liderlərinin əksəriyyəti, minlərlə terrorçu raket tüstüsü ilə havaya çevrildi”.
ABŞ-nin yeni seçilən Prezidenti Donald Tramp da İrana qarşı hərbi əməliyyatların keçiriləcəyini istisna etməyib. Odur ki, Suriyadan sonra İranın vurulması məsələsi Vaşinqton və Təl-Əvivin gündəliyindən çıxmayıb.
Bir ay öncə İslam Respublikasının hərbi rəhbərləri, SEPAH komandirləri yəhudi dövlətinə gözlənilməz, daha güclü zərbə endirəcəklərindən bəhs edirdilər. HƏMAS, “Hizbullah” və Əsədin sıradan çıxması onları sanki silkələyib, reallığı görməyə məcbur edib. Tehran rəsmiləri İsraili “siyasi xəritədən siləcəkləri” ilə bağlı artıq ritorik çıxışlar etmir. Bu baxımdan da İran İsraili vurmasını təxirə salır, bəlkə ləğv edir. Rəsmi Təl-Əviv isə əksinə, Tehran hakimiyyətini yeni zərbələrlə hədələyir…