Dövlət və cəmiyyət: kim kimə borcludur?
Hamı Avropadakı kimi yaşamaq istəyir. Bəs hamı qaydalara uyğun yaşamağa hazırdırmı?
29 İyun 2026
Səhər tezdən insan xəbərlərə baxaraq korrupsiyadan qəzəblənir. Günorta avtomobilini qadağan olunmuş yerdə saxlayır və özünü sakitləşdirir: “Mən cəmi iki dəqiqəliyə dayanmışam”. Axşam isə dostlarına ölkədə heç kimin qaydalara əməl etməməsindən şikayətlənir. Ən maraqlısı isə odur ki, bunda heç bir ziddiyyət görmür.
Bir çox ölkələrdə insanlar dövləti tənqid etməyi sevirlər. Və çox vaxt da haqlı olaraq tənqid edirlər. Amma maraqlı olan başqa məqamdır: bəzi cəmiyyətlərdə bununla yanaşı yüksək şəxsi məsuliyyət də mövcuddur, digərlərində isə hələ də “yuxarıdakılardan kimsə hər şeyi həll edəcək” gözləntisi qalır.
İroniya ondadır ki, insanlar adətən dürüst məmurlar, təmiz küçələr, qaydalara riayət olunması və keyfiyyətli dövlət xidmətləri istəyirlər. Lakin özləri çox vaxt hesab edirlər ki, özləri istisna olmaqla qaydalar hamı üçün məcburidir – xüsusən “heç kim görmür” deyə düşünəndə. Amma bu məqalə “cəmiyyət pisdir” mövzusunda deyil. Məqalə daha çox qarşılıqlı əlaqədən, dövlət və cəmiyyətin tədricən bir-birinə bənzəməyə başlamasından bəhs edir. Və ölkənin keyfiyyətinin yalnız qanunlardan, nazirlərdən və islahatlardan deyil, həm də milyonlarla insanın gündəlik vərdişlərindən asılı olduğunu göstərir.
Dövlət niyə cəmiyyətə bənzəməyə başlayır
Biz dövlətin bizə nəsə borclu olduğunu deməyi sevirik.
O, yollar çəkməli, asayişi təmin etməli, korrupsiya ilə mübarizə aparmalı, ədaləti təmin etməli və bütün bunları mümkün qədər tez, keyfiyyətlə və növbəsiz həyata keçirməlidir.
Bu, normaldır. Axı dövlət məhz bunun üçün mövcuddur. Amma bəzən narahatlıq doğuran sual yaranır: bəs cəmiyyətin dövlət qarşısında ümumiyyətlə hər hansı borcu varmı? Heç olmasa, qaydaların hamı üçün mövcud olduğunu, özümüz üçün isə kiçik istisna etməyin mümkünlüyünü düşünməmək kimi.
Dövlətlə cəmiyyət arasındakı münasibətlər köhnə ailə mübahisəsini xatırladır. Burada hər tərəf məhz özünün daha çox töhfə verdiyinə əmindir. Dövlət intizamsız vətəndaşlardan şikayət edir, vətəndaşlar isə məmurlardan, bürokratiyadan və ədalətsizlikdən gileylənirlər. Bu zaman hər iki tərəf nədənsə təəccüblənir ki, nəticə gözlədikləri kimi alınmır.
Biz tez-tez islahatları, yeni qanunları, inkişaf proqramlarını, rəqəmsallaşmanı və korrupsiyaya qarşı mübarizəni müzakirə edirik. Amma insanların gündəlik davranışlarının dövlətin keyfiyyətinə nə dərəcədə təsir göstərdiyi mövzusundan çox az hallarda danışırıq.
Bu təsir isə göründüyündən qat-qat güclüdür. Çünki dövlət əhalidən kənarda, haradasa ayrıca mövcud olan abstrakt qurum deyil. O, tədricən tərkib hissəsi olduğu cəmiyyətə bənzəməyə başlayır.
“Bir dəfə olar” sistemə çevriləndə
Əgər cəmiyyətdə “razılaşmaq” norma hesab olunursa, gec-tez bu yanaşma dövlət institutlarına da sirayət etməyə başlayır. Əgər insanlar ictimai məkanı özlərinə aid olmayan yer kimi qəbul edirlərsə, bunun nəticəsi sınmış dayanacaqlar, skamyalar, zibil qutularının ətrafına atılmış tullantılar və təzəcə rənglənmiş divarlara yazılmış yazılar olur. Əgər qayda şərti anlayış kimi qəbul edilirsə – “mənim hərəkətim heç nəyi dəyişməyəcək” prinsipi ilə yanaşılırsa, onda təəccüblü olan qanunun pozulması yox, ona əməl edilməsidir.
Bu zaman, demək olar ki, hər bir insan özünü səmimi şəkildə kifayət qədər normal vətəndaş hesab edir. Sadəcə, şərait çətindir, vaxt azdır və ümumiyyətlə: “Qaydalara əməl edərdim, amma bu gün xüsusi haldır”. Və nədənsə belə “xüsusi hallar”ın sayı şübhəli dərəcədə çox olur.
Bəzən elə təəssürat yaranır ki, hər bir ölkədə iki xalq yaşayır. Birinci xalq nizam-intizam, qanunçuluq və Avropa standartları tələb edir. İkinci isə “Bəs maşını başqa harada saxlayım?” deyərək avtomobilini səkidə park edir, siqaret kötüyünü zibil qutusundan kənara atır və sonra da səmimi şəkildə təəccüblənir: “Bu cərimə nəyə görədir?” Ən maraqlısı isə odur ki, bu iki “xalq” adətən eyni insanın daxilində yaşayır.
Bəzi ölkələr niyə fərqli işləyir
Bir çox ölkələrdə nizam-intizamın səviyyəsi sərt qanunların sayı ilə deyil, heç kimin onlara nəzarət etmədiyi halda belə qaydalara əməl edən insanların sayı ilə müəyyən olunur.
Məsələn, Yaponiyada iri idman yarışlarından sonra azarkeşlər çox vaxt tribunaları tərk etməyə tələsmir, qalıb zibilləri yığırlar. Bu, xaricilər üçün ekzotik görünür, lakin yaponların özləri üçün belə davranış qeyri-adi hesab edilmir. Bu, ümumi məkanla bağlı münasibətin bir hissəsidir: əgər həmin məkan hamıya məxsusdursa, deməli, ona görə məsuliyyət də hamının üzərinə düşür.
Bu gün belə nümunələrə təkcə Yaponiyada rast gəlinmir. Hazırda keçirilən futbol üzrə dünya çempionatında Özbəkistan millisinin azarkeşləri komandalarının 1:3 hesabı ilə məğlub olmasına baxmayaraq, stadionu tərk etməyə tələsməyərək tribunaları zibildən təmizləyiblər və bununla tamaşaçıların, eləcə də təşkilatçıların hörmətini qazanıblar. Məlum olur ki, yaxşı vərdişlər də sərhədləri aşa bilir.
Əlbəttə, məsələ təkcə mədəniyyətdə deyil. Burada qanunlar, həyat səviyyəsi və dövlət institutlarının fəaliyyəti də mühüm rol oynayır. Lakin məsuliyyət vərdişi çox böyük əhəmiyyət daşıyır. İsveçrədə dövlətin səmərəli fəaliyyət göstərməsinin sirri təkcə yaxşı qanunlarda və ya məmurlarda deyil, həm də vətəndaşların ölkəyə necə münasibət bəsləməsindədir – bu ölkə “yuxarıdakılara” yox, məhz onlara məxsusdur.
Bəzi ölkələrdə cəmiyyətlə dövlət arasındakı münasibətlər qarşılıqlı etimadsızlığın bitib-tükənməyən oyununu xatırladır. Dövlət vətəndaşlara etibar etmədiyi üçün nəzarəti gücləndirir, vətəndaşlar isə dövlətə etibar etmədikləri üçün qaydalardan yayınırlar. Nəticədə hər iki tərəf inkişaf üçün deyil, bir-birinə qarşı sığortalanmaq üçün getdikcə daha çox qüvvə sərf edir.
İnsan saatlarla korrupsiyadan narazılıq edə, amma sonra ilk sualı belə ola bilər: “Sənin orada təsadüfən tanışın yoxdur?” Məmurlardan dürüstlük tələb edə, amma eyni zamanda əlavə qazancından vergi ödəməməyə və ya məsələni “artıq rəsmiyyət olmadan” həll etməyə tam normal yanaşa bilər.
Bu yaxınlarda qonşum fəxrlə mənzil təmirindən yaxşı pul qazandığını danışırdı.
– Vergisini ödəmisən?
O, elə səmimi şəkildə təəccübləndi ki, sanki mən ondan gəlirinin bir hissəsini Misirdə piramidaların tikintisinə ianə edib-etmədiyini soruşmuşdum.
– Niyə? Axı bunlar mənim pulumdur!
Bəzən mənə elə gəlir ki, cəmiyyətlə dövlət arasındakı münasibətlərin əsas sirri məhz bu cümlədə gizlənir.
Biz Avropa səviyyəsində xidmət istəyirik, amma bəzən qaydalara münasibətimiz təxminən belə qalır: “Yaxşı, bir dəfə olar da”. Maraqlısı isə budur ki, bu “bir dəfə“ nədənsə heyrətamiz müntəzəmliklə təkrarlanır.
Rahat cəmiyyətin qiyməti
Demək olar ki, hər kəs rahat, təhlükəsiz və proqnozlaşdırıla bilən ölkədə yaşamaq istəyir. Amma rahat cəmiyyət çox bahalı məhsuldur. Üstəlik, onun dəyəri təkcə neft, vergilər və ya investisiyalarla ödənilmir. Onun qiyməti həm də intizam, etimad, qaydalara hörmət və bəzən ümumi nizam naminə şəxsi rahatlığını məhdudlaşdırmağa hazır olmaqdır.
Bəli, bəzən bu, piyada keçidinə çatmaq üçün əlavə iyirmi metr yol getmək və ya zibil qabı lap yanında olmasa belə, zibili ona qədər aparmaq zərurəti deməkdir.
Təəssüf ki, intizam yerin təkindən çıxarıla, boru kəməri ilə nəql edilə və ya xarici investisiyalar hesabına cəlb edilə bilən resurs deyil. Onu özümüz formalaşdırmalıyıq. Və bu, yəqin ki, ən çətin vəzifələrdən biridir.
Azadlıq təkcə istədiyini etmək imkanı deyil. Azadlıq həm də onlardan yan keçmək mümkün olduğu halda belə, məhdudiyyətlərə əməl etməyə hazır olmaqdır.
İstənilən müasir sistem – demokratik və ya qeyri-demokratik – son nəticədə insanların gündəlik məsuliyyətinə söykənir. İnsan həyəti sadəcə “Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin ərazisi” deyil, öz yaşayış mühitinin bir hissəsi kimi qəbul etməli, qanunu maneə kimi deyil, hamının riayət etdiyi ümumi razılaşma kimi dərk etməlidir.
Sual təkcə dövlətə ünvanlanmamalıdır
Əlbəttə, cəmiyyət dövlətdən səmərəli fəaliyyət tələb etmək üçün mükəmməl olmaq məcburiyyətində deyil. Əks halda, istənilən məmur istənilən problemi sadə bir cümlə ilə izah edə bilərdi: “Əvvəlcə özünüz ideal vətəndaş olun”. Yox. Dövlət cəmiyyətin çatışmazlıqlarından asılı olmayaraq peşəkar şəkildə işləməyə borcludur. Üstəlik, onun məsuliyyəti həmişə daha böyükdür, çünki məhz dövlət hakimiyyətə və resurslara malikdir.
Amma cəmiyyət də bütün məsuliyyəti öz üzərindən ataraq sonsuzadək dövlətdən keyfiyyətli idarəetmə tələb edə bilməz. Dövlət və cəmiyyət iki ayrı planet deyil. Onlar eyni reallıqda yaşayır və tədricən bir-birinə bənzəməyə başlayırlar.
Biz tez-tez soruşuruq: “Dövlət insanlara nə borcludur?” Bu, düzgün sualdır. Lakin bundan heç də az əhəmiyyət daşımayan başqa bir sual da var: başqalarından tələb etdiyimiz qaydalara uyğun yaşamaq üçün hər birimiz bu gündən etibarən nə etməyə hazırıq?
Biz institutların işlədiyi, qanunlara əməl olunduğu və qarşılıqlı etimadın yüksək olduğu ölkədə yaşamaq istəyirik. Amma belə ölkələr öz-özünə yaranmır və investisiyalar, yeni texnologiyalar və ya növbəti islahat proqramı ilə birlikdə hazır şəkildə gəlmir.
Ölkə təkcə nazirlərin kabinetlərində qurulmur. O, hər gün yol ayrıcılarında və həyətlərdə, növbələrdə və avtomobil dayanacaqlarında, ümumi məkanlara və bir-birimizə münasibətdə formalaşır. Hakimiyyətdən tələb etdiyimiz dövlət məhz orada yaranmağa başlayır.
Ona görə də hər dəfə bütün problemlərin mənbəyinin haradasa yuxarıda olduğunu düşündükdə, bir qədər yaxına baxmağa dəyər. Ola bilsin ki, o, həqiqətən də oradadır. Amma tamamilə mümkündür ki, problemin bir hissəsi elə həmin an qazonun üstündə dayanıb, maşınını qadağan olunmuş yerdə park edilib və ya siqaret kötüyünü zibil qutusunun yanına atır.
Deməli, “Dövlət insanlara nə borcludur?” sualı gec-tez bizi başqa bir sualın qarşısında qoyur: “Bəs insanlar öz ölkələrinə nə borcludurlar?”