“Öz adamlarımız” uduzmağa başlayanda...
İqtisadiyyat uğur qaydalarını cəmiyyətin dəyişməsinsən daha sürətlə dəyişir
10 Avqust 2026
İnsanlar demək olar ki, min illər ərzində dəyişməyiblər. Fərqi yoxdur, siz müasir demokratik cəmiyyətdə yaşayırsınız, yoxsa ibtidai tayfada: əgər başçının oğlu varsa, onun ümumi növbədə dayanacağı ehtimalı çox azdır. Valideynlər nadir hallarda orijinal olurlar.
Onlar iki min il əvvəl də övladları üçün xoşbəxt tale arzulayırdılar. Bu gün də eyni şeyi istəyirlər. Dövrlər, dillər, siyasi sistemlər və ictimai quruluşlar dəyişir, amma valideyn arzuları demək olar ki, eyni qalır.
Yaxşı təhsil. Yaxşı iş. Faydalı əlaqələr.
Əgər ata oğlunun üzünə “qapı” aça bilirsə, niyə onu həmin qapını “döyməyə” məcbur etsin? Bundan daha təbii istəyi təsəvvür etmək çətindir.
Yəqin elə buna görə də, bütün dövrlərdə hətta ən istedadlı sərkərdələrin yanında belə çox nüfuzlu qohumları olan sərkərdələr də olub. Görkəmli dövlət xadimlərinin yanında tanınmış soyadlardan olan övladlar, uğurlu sahibkarların yanında isə uğurlu sahibkarların varisləri yer alıblar.
Biz dünyanın bu quruluşuna o qədər öyrəşmişik ki, artıq onu demək olar hiss etmirik.
Böyük dövlət müqaviləsinin nüfuzlu məmurun qohumları ilə əlaqəli şirkətə verilməsi barədə xəbərlər artıq çox az adamı təəccübləndirir. Eləcə də, mühüm vəzifəyə “öz adamları” hesab olunan şəxsin təyin edilməsi ilə bağlı məlumatlar da təəccüb doğurmur. Belə hadisələrə ən müxtəlif ölkələrdə – zəngin və kasıb, demokratik, avtoritar, hətta teokratik dövlətlərdə də rast gəlmək olar. Bayraqlar, partiyalar və soyadlar dəyişir. İnsan təbiəti isə çox cüzi dəyişir. Ancaq gəlin qəribə bir sual verək. Bəs əgər tarixdə ilk dəfə problem heç də insan təbiətində deyilsə?
Ola bilsin, insanlar demək olar ki, dəyişməyib. Amma iqtisadiyyat dəyişib.
Yüz illər boyu dövlətlər özlərinə ən yüksək vəzifələrə ən “bacarıqlı” insanları təyin etməməyə icazə verə bilirdilər. Bəzən bu, pis nəticələnirdi. Bəzən isə hər şey kifayət qədər uğurla başa çatırdı. Tarix öz axarı ilə davam edirdi.
Niyə? Çünki dünya asta-asta dəyişirdi!
Əgər qonşu dövlət gəmiləri bir qədər yaxşı tikirdisə, bu, o demək deyildi ki, beş ildən sonra on dəfə varlanacaq. Haradasa yeni kotan və ya yeni dəzgah ixtira olunurdusa, digərləri də onu təqib edib vaxtında çata bilirdilər. Səhvin bədəli isə nisbətən aşağı idi.
Amma tamam başqa bir dünyanı təsəvvür edin.
Bəzi ölkələr dünənədək sağalmaz hesab olunan xəstəliklərə qalib gələ bilən dərmanları ilk yaradır.
Digərləri yeni materialları ilk hazırlayır.
Üçüncülər süni intellekt sahəsində sıçrayış edirlər.
Dördüncülər isə yeni enerji mənbələri kəşf edirlər.
Və birdən məlum olur ki, birinci ilə ikinci yer arasındakı fərq artıq faizlərlə deyil, bütöv onilliklərlə ölçülür. Səhvin bədəli sürətlə artmağa başlayır. Elə bu zaman hələ çox yaxın vaxtlara qədər qəribə görünən sual yaranır.
Dövlət ən mühüm layihənin rəhbəri vəzifəsinə ən güclü mütəxəssisi deyil, sadəcə “öz adamını” təyin etmək dəbdəbəsini özünə rəva görə bilərmi? Bəlkə də məhz burada, XXI əsrin ən gözəgörünməz inqilablarından biri başlayır.
Biz, bacarığa görə irəli çəkilməni ilk növbədə ədalət məsələsi hesab etməyə öyrəşmişik.
Bəs iqtisadiyyat buna tamam başqa cür baxmağa başlayanda necə olur? Bu, nə alicənablıq nümunəsi, nə də qanunun tələbi deyil. Bu, özünün sağ qalmasının şərtidir.
Mümkündür ki, biz tarixi ümumiyyətlə yanlış başa düşmüşük.
Bizə elə gəlir ki, bəşəriyyət tədricən daha ədalətli olub. Bəs, iqtisadiyyat sadəcə insanların yanlış seçiminin qiymətini tədricən artırıbsa? Torpaq əsas sərvət olanda cəmiyyət hələ çoxlu səhvlərə yol verməyi özünə rəva görə bilirdi. Əsas sərvət insan istedadına çevriləndə isə hər bir səhv çox baha başa gəlməyə başlayır.
İstənilən ilə aid olan xəbər lentini açmaq kifayətdir. Hansısa bir məqamda nüfuzlu siyasətçinin qohumlarına məxsus şirkətin dövlət müqaviləsi alması müzakirə olunur. Başqa bir məqamda lazımi təcrübəsi olmayan, amma lazımi əlaqələrə malik şəxsin yüksək vəzifəyə təyin edilməsi mübahisə doğurur. Haradasa isə növbəti siyasi ailə artıq üçüncü nəslini hakimiyyətə gətirir. Belə hadisələrə dünyanın demək olar ki, hər yerində rast gəlmək olar. Amma bəlkə də, tarixdə ilk dəfə olaraq yalnız “bu, ədalətlidirmi?” sualı deyil, həm də “müasir iqtisadiyyat özünə belə bir dəbdəbəni rəva görə bilərmi?” sualı yaranır.
Yaxud başqa bir misal gətirim. Təsəvvür edin ki, Çempionlar Liqasının finalına çıxan futbol komandası meydana ən yaxşı oyunçularını deyil, klub rəhbərliyinin övladlarını buraxır. Bu, absurd səslənir. Amma tarix boyu dövlətlər çox vaxt məhz belə davranıblar. Sadəcə əvvəllər məğlubiyyətin bədəli xeyli aşağı idi. Və burada məsələ heç də əxlaqda deyil. Məsələ ondadır ki, yüksək rəqabət artıq insanların zəif seçimini bağışlamır.
Məhz buna görə də bərabər imkanlar haqqında mübahisə tədricən yalnız siyasi və ya mənəvi məsələ olmaqdan çıxır. O, iqtisadi məsələyə çevrilir. Düşünmək üçün daha bir səbəb də var.
Yer əhalisinin artımı demək olar ki, dayanıb. Bir çox ölkələrdə isə əhali artıq azalır. Bu isə o deməkdir ki, yeni nəsə yarada bilən hər bir insan getdikcə daha dəyərli resursa çevrilir.
Ola bilsin ki, on ildən sonra dövlətlər yalnız investisiyalar uğrunda deyil, həm də belə insanlar uğrunda rəqabət aparacaqlar.
Onda isə artıq vərdiş etdiyimiz “Sən hansı klandansan? Arxanda kim dayanır?” sualı tədricən başqa bir sualla əvəz oluna bilər: “Sənin başqalarının hələ bacarmadığı hansı bacarığın var?”
Əgər bu baş verərsə, təkcə iqtisadiyyat dəyişməyəcək.
İctimai uğurun qaydaları da dəyişəcək. Və onda hər bir ölkənin qarşısında əvvəllər demək olar yaranmayan sual dayanacaq.
Uğurun qaydalarını kim dəyişəcək? Çünki institutlar demək olar ki, heç vaxt özlərini islah etmirlər. Burada necə məntiq yarandığına baxın:
1. İqtisadiyyat ən yaxşı insanları tələb etməyə başlayır.
2. Amma həmin ən yaxşıları vəzifəyə təyin etməli olanlar köhnə sistemdə yetişən insanlardır.
3. Köhnə sistem isə onları məhz “əlaqələrdən” istifadə etdiklərinə görə yuxarı qaldırıb.
Beləliklə, paradoks yaranır. Yeni iqtisadiyyat oyunun bir cür qaydalarını tələb edir, amma qərarları hələ də tamamilə başqa qaydalara öyrəşmiş insanlar qəbul edirlər. Məhz o insanlar ki, özləri “öz adamımız”ın norma hesab olunduğu dövrdə yetişiblər.
Təsəvvür edin ki, böyük bir dövlət şirkətinin direktoru qarşısında iki namizəd var. Biri onun öz oğludur. Digəri isə obyektiv olaraq daha güclü olan, lakin ona tanış olmayan gənc mütəxəssisdir.
İqtisadiyyatın gözü ilə baxanda, qərar aydın görünür... Amma ona bir də ata gözü ilə baxmağa çalışın.
Məhz buna görə də XXI əsrin əsl inqilabı, bəlkə də, nə laboratoriyalarda, nə də birjalarda baş verəcək. O, insanların ailəyə sədaqətlə dövlətin maraqları arasında seçim etməli olacaqları kabinetlərdə baş verəcək.
Çünki necə deyərlər, “canlı yerdən kəsmək” lazım gələcək.
Söhbət kimisə işdən çıxarmaqdan və ya islahat aparmaqdan getmir. Məhz canlı yerdən kəsməkdən gedir. Çünki söhbət düşmənlərdən və ya korrupsionerlərdən getmir. Söhbət öz övladlarından, bacı oğullarından, qardaş oğullarından, dostlardan, bir ömür boyu birlikdə yaşanmış insanlardan gedir.
Deməli, əsas sual budur: cəmiyyət “öz adamını” irəli çəkmək vərdişindən imtina etməyə güc tapa biləcəkmi? Axı bacarığa görə edilən hər bir təyinat, demək olar həmişə təkcə iqtisadiyyatın qazancı deyil, həm də kiminsə şəxsi məğlubiyyətidir. Çünki həmin yeri kimsə gözləyirdi. Kiminsə oğlu. Kiminsə qohumu. İqtisadiyyat insandan əvvəllər yalnız əxlaqın tələb etdiyi şeyi tələb etməyə başlayır.
Amma cəmiyyət “öz adamını” irəli çəkmək vərdişindən imtina etməyi bacarsa belə, onun qarşısında dərhal başqa, heç də az mürəkkəb olmayan sual yaranacaq. Doğrudan da yeni nəsə yarada bilən insanları necə müəyyən etmək olar? Tarix göstərir ki, həqiqi istedad ilk baxışdan heç də həmişə inandırıcı görünmür. Eynşteyn patent bürosunda işləyirdi. Stiv Cobsun ali təhsili yox idi. Buna görə də, insanları seçmək üçün universal düsturun mövcudluğu inandırıcı görünmür.
Ola bilsin ki, gələcəyin əsas vəzifəsi ən yaxşıları səhvsiz müəyyən etmək olmayacaq – bu, yəqin ki, mümkün deyil. Əsas məqsəd ən perspektivli namizədləri vicdanla seçməyi və onların bacarıqlarını ortaya qoya biləcəkləri şəraiti yaratmağı öyrənmək olacaq. Belə bir sistemdə həm rəhbərlərin övladlarına, həm də nüfuzlu əlaqələri olmayan insanlara yer ola bilər. Ancaq qərarı soyad deyil, insanın göstərə bildiyi nəticələr verməlidir.
Ola bilsin ki, məhz bu, XXI əsrin ən böyük çağırışlarından birinə çevriləcək. Hər dövr özünəməxsus şəkildə eyni suala cavab verib: kim irəli çəkilməlidir? Lakin ola bilsin ki, tarixdə ilk dəfə dövlətlərin uğuru təkcə istedadlı insanları tapmaq bacarığından deyil, həm də onlara öz potensialını vaxtında reallaşdırmaq imkanı yarada bilməsindən asılı olacaq.