Logo
news content

150 manatlıq çay, yaxud turist özü ilə nə aparacaq?
Məsələ təkcə qiymətdə deyil. Sual budur: turistin seçim imkanı varmı və o, yenidən qayıtmaq istəyəcəkmi?

Müəllifdən

Bu yaxınlarda Azərbaycanda turizmin 2030-cu ilədək inkişafına dair Dövlət Proqramı təsdiqlənib. Deməli, turizmə yalnız otellər, çimərliklər, yeni marşrutlar və ölkəyə gələnlərin sayı prizmasından baxmamağın vaxtı çatıb. Mən isə söhbətə daha sadə bir şeydən – bir stəkan çaydan başlamağı təklif edirəm. Çünki 150 manatlıq çay məsələsi sadəcə bahalı çayın hekayəsi deyil. Bu, daha vacib məsələlərdən danışmaq üçün bir bəhanədir...

Vaxtaşırı sosial şəbəkələrdə belə bahalı qiymətlərlə bağlı hekayələr yayılır. Bir dəfə çimərlikdə çay, başqa halda hansısa tədbirdə qəhvə birdən-birə yaxşı nahardan baha başa gəlir.

Belə hekayələrdən sonra adətən eyni nəticələr səslənir: “Lap ağını çıxarıblar!”, “Hər yerdə monopoliya var”, “Bu, axı, adi çaydır!” və ya “Dövlət heç nəyə nəzarət etmir”. Ola bilsin ki, ayrı-ayrı hallarda bunların həm biri, həm də digəri doğrudur.

Öz qiymətindən xeyli bahalı çay

Adi vəziyyəti təsəvvür edək.

Dostlarınızla dəniz kənarına gəlmisiniz. Günəş parlayır, su ilıqdır, əhvalınız yaxşıdır. Masa arxasında əyləşib çay sifariş edirsiniz. Sadəcə çay. Nə qızıl çaydanda təqdim olunan çay, nə tarixi çini qabda verilən çay, nə də Himalay yamaclarında hansısa rahibin şəxsən topladığı çay. Sadəcə çay.

Amma çayı məcburi şəkildə şirniyyat dəsti ilə birlikdə gətirirlər. Çayı içirsiniz və ofisiant hesabı gətirir. 150 manat.

Belə anda adətən insan hava ilə maraqlanmağı dayandırır, iqtisadiyyatla maraqlanmağa başlayır. Niyə 150 manat? Çaya görə? Xidmətə görə? Masaya görə? Dəniz mənzərəsinə görə? Məhz burada oturmaq hüququna görə? Yoxsa hamısına görə? İndi isə ən maraqlı məqam.

Əgər qiymət sifarişdən əvvəl iri hərflərlə yazılıbsa, siz narazı qala bilərsiniz, amma formal baxımdan vəziyyət kifayət qədər sadədir. Siz qiyməti görmüsünüz. Sifariş verməyə də bilərdiniz. Amma qiymət yalnız çay içiləndən sonra məlum olursa, vəziyyət tamamilə dəyişir.

Yaxınlıqda keçə biləcəyiniz başqa kafe də yoxdursa, məsələ daha da maraqlı olur.

Niyə şəhərdə çay 150 manat deyil

Baş verənləri anlamağın çox sadə bir yolu var. Bakıda adi küçəni təsəvvür edin. Bir kafedə çay 3 manatdır. Qonşu kafedə 4, üçüncüdə isə 5 manat. Sahibkar, əlbəttə, qiyməti 20 manat etmək istəyərdi.

Amma nədənsə etmir. Niyə? Çünki yolun o biri tərəfində məmnuniyyətlə eyni çayı müştəriyə daha ucuz satmağa hazır olan insanlar əyləşiblər.

Bazar bəzən sahibkarları iqtisadiyyatdan bircə mühazirə belə oxumadan tərbiyə etmək kimi heyrətamiz qabiliyyətə malikdir. Həddindən artıq qazanmaq istəyirsinizsə, müştəri sadəcə yolun o biri tərəfinə keçir.

İndi həmin kafeni çimərliyə köçürək. Heç bir rəqabət yoxdur. Sahibkar artıq belə düşünmür: “Turist niyə məhz məni seçməlidir?” O, başqa cür düşünür: “Bəs hara gedəcək?”

Turizm biznesində ən bahalı şey də elə budur – qonşuluqda başqa kafenin olmaması.

Nəyə görə baha ödəməyə hazırıq

Bununla yanaşı, öz-özlüyündə baha qiymətin pis olduğunu iddia etmək düzgün olmazdı. Hamımız yaxşı başa düşürük ki, yaxşı restoran adi yeməkxanadan baha olur. Dəniz mənzərəli otel isə pəncərəsindən qonşu divar görünən mehmanxanadan baha başa gəlir.

İnsanlar gözəl interyerə, yaxşı xidmətə, rahat kresloya, musiqiyə, təmizliyə, ab-havaya və nəhayət, sadəcə həmin məkanda olmaqdan aldıqları zövqə görə pul ödəməyə hazırdırlar.

Bu da normaldır.

Üstəlik, turist ən ucuz qəhvəni tapmaq üzrə dünya çempionatında qalib gəlmək üçün gəlməyib. O, istirahət etməyə gəlib.

Qəhvə 10 manatdırsa, amma gözəl məkanda əyləşmisinizsə, ofisiant gülümsəyirsə, ətraf xoşdursa və özünüzü yaxşı hiss edirsinizsə, rahatlıqla pulunu ödəyə bilərsiniz. Qoy baha olsun. Əvəzində aydındır ki, nəyə görə pul ödəyirsiniz.

Qarşınızda plastik stul, bir stəkan su, paket çay və insanı dünya iqtisadiyyatının taleyi haqqında düşünməyə vadar edən hesab varsa, bu, tamamilə başqa məsələdir. Bax, onda sual yaranır: Mən konkret olaraq nəyə görə pul ödədim?

Turist özünü “şikar” kimi hiss etməyi sevmir

Burada başqa incə məqam da var. Turist baha qiymət ödəməyə sakit yanaşa bilər.

Amma aldadıldığını hiss etməyi qətiyyən sevmir. Bunlar fərqli şeylərdir.

İki hesab təsəvvür edin. Birinci halda turist deyir: “Bəli, baha idi. Amma məkan gözəl, xidmət əla idi, hər şey də dürüst şəkildə təqdim olunmuşdu”.

İkinci halda isə deyir: “Məndən sadəcə bacardıqları qədər pul aldılar”.

Məbləğ eyni ola bilər. Təəssürat isə tamamilə fərqli.

Turist özü ilə məhz bu təəssüratı aparır. O, restoranın adını unuda bilər. Ofisiantın adını da unuda bilər. Bir həftədən sonra otel otağına nə qədər pul ödədiyini belə xatırlamaya bilər. Amma evə qayıdanda dostlarına danışır: “Dəniz, dağlar möhtəşəmdir”. “Yeməklər əladır”. Sonra isə əlavə edir: “Amma bir görəydiniz, orada çay neçəyə idi!”

Nədənsə, ən yaxşı yadda qalan da məhz bu sonuncu ifadə olur. İnsan internetdə Azərbaycanın yüz fotosunu görə bilər. Amma tanışının “Orada bir qəhvəyə görə məndən elə pul qopardılar ki...” deməsi çox vaxt daha inandırıcı təsir bağışlayır. İnsan psixologiyası belə qurulub.

Reklam deyir: “Gəlin, burada özünüzü yaxşı hiss edəcəksiniz”. Dostu isə danışır: “Mən orada olmuşam. Başıma da bu gəlib...”

Nədənsə, ikinciyə daha çox inanırıq. Məhz buna görə də bir uğursuz epizod turizm sektoru üçün göründüyündən daha baha başa gələ bilər.

Biri qazanır – bütün sektor hesabı ödəyir

Tutaq ki, sahibkar həqiqətən də turistdən 150 manat qazanıb. Onu təbrik edək. Biznes elə pul qazanmaq üçün mövcuddur. Amma burada kiçik bir problem var.

Əgər turist bundan sonra bir daha gəlməmək qərarına gəlsə və on tanışına bu ölkədə onu “soyduqlarını” danışsa, bugünkü qazancın əsl qiyməti tamam başqa cür ola bilər. Çünki ölkənin reputasiyası illər ərzində formalaşır.

“Bahalı turizm”lə “acgöz turizm” eyni şey deyil

Məncə, burada çox mühüm bir sərhəd keçir.

Bahalı turizm odur ki, turist xidmətin baha olduğunu anlayır, amma bunun səbəbini də başa düşür. Acgöz turizm isə odur ki, turistdən yalnız hazırda başqa çıxış yolunun olmadığını bildikləri üçün mümkün qədər çox pul almağa çalışırlar. Kağız üzərində fərq böyük görünməyə bilər. Amma təəssürat baxımından fərq çox böyükdür.

Ona görə də məsələ təkcə qiymətdə deyil. Məsələ sövdələşmənin ədalətli olmasındadır.

Dövlət nə edə bilər

Mən düşünmürəm ki, dövlət çayın maksimal qiymətini müəyyən etməlidir. Təsəvvür edirəm ki, hansısa məmur cədvəl tərtib edir: çay – maksimum 5 manat. Qəhvə – maksimum 7 manat. Limonad – maksimum 4 manat. Dəniz mənzərəli qəhvə üçün isə bəlkə də, ayrıca komissiya yaradılmalıdır.

Bu, artıq bazar olmaz. Qiyməti satıcı ilə alıcı müəyyən etməlidir. Amma dövlətin başqa vəzifəsi var. Oyunun qaydalarının ədalətli olmasını təmin etmək. Qiymət əvvəlcədən məlum olmalıdır.

Şərtlər aydın olmalıdır. Sifariş maliyyə sürprizinə çevrilməməlidir. Xüsusilə də mümkün olan yerlərdə turistin seçim imkanının olması vacibdir. Çünki rəqabət yalnız qiymətləri aşağı salmağın vasitəsi deyil. Rəqabət satıcını alıcıya hörmət etməyə məcbur edir.

Yaxınlıqda bir neçə kafe olanda onların hər biri sizin məhz onun yanına gəlməyinizdə maraqlı olur. Kafe bir dənə olanda isə onun marağı yalnız sizin bir çay da sifariş etməyinizə yönələ bilər.

Turistin özü ilə apardığı bir fincan çay

Turizm, ümumiyyətlə, qəribə bir sahədir.

Biz illərlə otellər tikə, yolları təmir edə, yeni turizm marşrutları aça, reklam kampaniyaları keçirə və xarici jurnalistləri dəvət edə bilərik.

Sonra isə bir ofisiant turistə hesab gətirər. Və həmin hesab bütün səfərin ən yaddaqalan təəssüratına çevrilə bilər.

Əlbəttə, turizm siyasətini bir fincan çayın ətrafında qurmaq olmaz. Amma bəzən məhz bir fincan çay uzun hesabatlardan daha çox şey göstərir. O göstərir ki, biznes turisti necə görür.

Qonaq kimi? Müştəri kimi? Yoxsa artıq gəlib, əyləşib və indi heç yerə gedə bilməyəcək “pul kisəsi” kimi?

Məhz buna görə mən “Çay 150 manat ola bilərmi?” soruşmazdım. Yəqin ki, bazar iqtisadiyyatı dövründə ola bilər. Daha vacib sual budur: “Turist nə qədər ödəyəcəyini əvvəlcədən bilirdimi? Və rahatlıqla “yox” deyə bilirdimi?”

Çünki turist ölkədən yalnız fotoşəkillərlə getmir. O, özü ilə təəssürat da aparır. Bir fincan çay ölkə haqqında onun bütün turizm reklamından daha çox şey danışmağa qadir olur. Və bu, yəqin ki, turizm sektorunun özünə rəva görə biləcəyi ən bahalı çaydır.