Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir?
Süni intellekt dövründə əsas üstünlük daha çox bilmək deyil, daha yaxşı düşünməkdir
27 İyul 2026
Hər dövr eyni suala yenidən cavab verir: uşaqlara nə öyrətmək lazımdır?
Aqrar cəmiyyətdə cavab sadə idi. Uşağa valideynlərinin təcrübəsini ötürmək kifayət edirdi. Əkinçilik, sənətkarlıq, ailə ənənələri – bunlar bütün ömür üçün bəs edirdi.
Sənaye dövrü qaydaları dəyişdi. Zavodlara savadlı, intizamlı, müəyyən qrafik üzrə işləməyi və vahid standartlara əməl etməyi bacaran işçilər lazım idi. Kütləvi məktəb sistemi də məhz belə yarandı.
Daha sonra əsas resursun təhsil, elm və ixtisaslı mütəxəssislər olduğu bilik iqtisadiyyatı dövrü gəldi. Dünya o qədər mürəkkəb oldu ki, milyonlarla mühəndis, həkim, müəllim, iqtisadçı və proqramçıya ehtiyac yarandı. Universitet peşəkar uğurun əsas simvoluna çevrildi və ölkədə diplomlu mütəxəssislərin sayı artdıqca, onun iqtisadiyyatı da güclənirdi.
Lakin bu gün söhbət təhsilin növbəti yenilənməsindən getmir. Mümkündür ki, bəşəriyyətin vaxtilə müasir məktəb və universitet sistemini yaratmasının özü artıq mənasını dəyişir.
Biz hələ də yeni dərslikləri, tədris proqramlarını və rəqəmsal texnologiyaları müzakirə edirik. Amma əsas sual artıq bunlar deyil. Biliklərin defisit resurs olmaqdan çıxdığı bir dövrdə təhsil sistemi necə dəyişməlidir?
Təhsilin yeni dəyəri
Süni intellekt saniyələr ərzində məlumat tapa, nəhəng həcmdə məlumatları təhlil edə, mətnlər yaza, proqramlar hazırlaya, sənədləri tərcümə edə və elmi araşdırmalara kömək göstərə bilir. Əlbəttə, bu, mütəxəssislərin yox olacağı anlamına gəlmir. Axı heç kim universitet təhsilini süni intellektlə söhbətlə əvəz edə biləcəyini düşünən bir şəxsin onu əməliyyat etməsini istəməz. Lakin bu o demək deyil ki, təhsil əvvəlki kimi qalacaq. Yenə də uzun müddət və ciddi şəkildə təhsil almaq lazım olacaq. Dəyişən isə başqa bir məsələdir – biliklərin öz dəyəri.
Hələ yaxın keçmişdə təhsil sistemi məlumat toplamaq üzərində qurulurdu. Bu gün isə həmin məlumatdan düzgün istifadə etmək bacarığı daha böyük əhəmiyyət daşıyır. Cavabları əzbərləməkdən daha çox, düzgün suallar vermək vacibdir. Süni intellekt biliyi daha əlçatan edir, amma insanları avtomatik olaraq daha ağıllı etmir. Məhz bu məqamda təhsildə əsl islahat başlayır. Əgər bilik artıq defisit sayılan resurs deyilsə, onda ən qiymətli resurs nədir? Müstəqil düşünmək, daim öyrənmək və hazır cavabların olmadığı yerlərdə həll yolu tapa bilmək bacarığı.
Bununla yanaşı, maraq hissi, təxəyyül, tənqidi düşüncə, məsuliyyət və əməkdaşlıq bacarığı da ön plana çıxır. Bunları hələ nə internetdən yükləmək, nə də süni intellektə verilən sorğu ilə əldə etmək mümkündür.
Əgər məhz bu keyfiyyətlər ən vacib amilə çevrilirsə, onda onların formalaşdığı yaş dövrü xüsusi əhəmiyyət qazanır. Ola bilsin ki, məhz buna görə XXI əsrdə məktəb bütün təhsil sisteminin əsas həlqəsinə çevrilir. Amma bu, məktəbin daha çox informasiya verməli olması ilə bağlı deyil.
Məhz məktəbdə insanın müstəqil düşünmək, səhvlərdən qorxmamaq, suallar vermək və öz həll yollarını axtarmaq bacarığı formalaşır.
Universitet peşəkar biliklər və bacarıqlar verə bilər. Lakin əgər yaradıcı düşünmək vərdişi uşaqlıqdan formalaşmayıbsa, yetkin insana bunu öyrətmək xeyli çətindir.
Standartlaşdırmadan potensialın üzə çıxarılmasına qədər
Son yüz il ərzində təhsil sistemi kütləvilik vəzifəsini yerinə yetirirdi. Məqsəd mümkün qədər çox insanı təhsilli etmək idi.
Lakin XXI əsr qarşıya tamamilə başqa bir məqsəd qoya bilər.
Məqsəd hamını eyni səviyyədə təhsilli etmək deyil, hər bir insanın öz potensialını maksimum dərəcədə üzə çıxarmasına kömək etməkdir.
Bunlar mahiyyətcə iki fərqli fəlsəfədir. Birincisi standartlaşdırmaya, ikincisi isə fərdiləşdirməyə əsaslanır.
Əgər XX əsr milyonlarla insana eyni şeyi öyrətməyə çalışırdısa, XXI əsr, bəlkə də, hər bir insanı digərlərindən fərqləndirən cəhətləri üzə çıxarmağa çalışacaq.
Beləliklə, təhsilin əsas vəzifəsi artıq təkcə bilik ötürmək deyil, insanın fərdi xüsusiyyətlərini aşkar etmək və inkişaf etdirmək olacaq.
Hələ yaxın vaxtlara qədər belə bir məqsəd gözəl, lakin demək olar ki, əlçatmaz görünürdü. Axı bir müəllim fiziki olaraq otuz şagirdin hər biri üçün fərdi təhsil trayektoriyası qura bilməz.
Və məhz burada paradoks yaranır. Bir çoxlarının təhsil üçün təhlükə hesab etdiyi süni intellekt ilk dəfə olaraq kütləvi fərdiləşdirməni texniki baxımdan mümkün edir. O, eyni mövzunu müxtəlif üsullarla izah edə, hər bir uşağın öyrənmə tempini nəzərə ala, onun bacarıqlarına uyğun tapşırıqlar seçə və məhz güclü tərəflərini üzə çıxarmağa kömək edə bilir.
Ola bilsin ki, süni intellektin əsas təsiri təhsilin avtomatlaşdırılmasında deyil, “hamı üçün eyni proqram” prinsipindən imtina edilməsində olacaq.
Ölkənin ən qiymətli resursu
Biz təhsilin keyfiyyətini adətən məzunların orta bilik səviyyəsi ilə qiymətləndiririk. Bəs əgər bu göstərici artıq əsas meyar olmasa necə olacaq? Onda daha vacib başqa sual ortaya çıxır.
Cəmiyyət nə qədər istedadlı uşağı vaxtında aşkar edə bilib? Gələcəyin nə qədər alimi, mühəndisi, sahibkarı, həkimi, rəssamı və ixtiraçısı öz potensialını tam reallaşdırmaq imkanı əldə edib?
Ola bilsin ki, məhz bu göstərici gələcəkdə təhsil sisteminin uğurunun əsas meyarına çevriləcək.
Azərbaycan üçün bu mövzu xüsusi əhəmiyyət daşıyır.
Kiçik ölkələr nadir hallarda əhalinin sayına və ya təbii sərvətlərinin bolluğuna görə üstünlük qazanır. Lakin onlar insan kapitalının keyfiyyəti hesabına uğur əldə edə bilərlər.
XX əsrdə dövlətlər zavodlar, daha sonra universitetlər və mütəxəssislərinin sayı ilə rəqabət aparırdılar. XXI əsrdə isə ola bilsin ki, onlar artıq istedadları nə qədər tez aşkar edib inkişaf etdirdiklərinə görə rəqabət aparacaqlar.
Hər bir uşağın qabiliyyətini digərlərindən daha tez aşkar etməyi və onun inkişafına şərait yaratmağı bacaran ölkə istənilən təhsil islahatına çəkilən xərclərdən qat-qat böyük üstünlük əldə edəcək.
Bu halda təhsil siyasətinin əsas sualı artıq universitetlərin sayı, verilən diplomların miqdarı və ya beynəlxalq reytinqlərdə tutulan yer olmayacaq. Daha mürəkkəb və daha vacib sual ön plana çıxacaq: Biz nə qədər insan istedadını qoruyub inkişaf etdirə bilmişik?
Ola bilsin ki, XXI əsrdə dövlətlərin rəqabət qabiliyyətini məhz bu sualın cavabı müəyyən edəcək.
Lakin problemi etiraf etmək işin yalnız yarısıdır. Qaçılmaz olaraq başqa bir sual yaranır: Doğrudanmı, hər bir uşağın qabiliyyətini vaxtında aşkar etməyi öyrənmək mümkündür?
Belə bir təhsil sisteminin necə görünəcəyi və bu prosesdə süni intellektin hansı rolu oynaya biləcəyi barədə növbəti məqalədə danışacağıq.