Logo
news content

Nə birinci tiran idi, nə də o biri inqilabçı...
Bəşəriyyətin “YOX!” sözü ilə başlayan tarixi

Bu felyeton qədim əsatirin yüngül, ironik formada şərhidir.

Heç bir teoloji mübahisə aparılmır – felyeton sadəcə köhnə hekayəyə müasir insanın gözü ilə baxmaq cəhdidir.

Həmişə belə olub

“Feminizm” sözünün dünya çempionatının finalını idarə edən hakimin qərarlarından daha çox mübahisə doğurduğu bir dövrdə ağlıma birdən-birə sadə fikir gəldi: müasir mübahisələr heç də düşündüyümüz qədər yeni deyil.

Sosial şəbəkələrdə beş dəqiqə oturmaq kifayətdir ki, siz özünüz də çoxdan tanış olduğumuz mübahisələrə qoşulasınız: kim haqlıdır, kim borcludur, sərhəd haradadır və niyə “belə qəbul olunub”.

Biri yazır: “Həmişə belə olub”. O birisi cavab verir: “Məsələ də elə ondadır ki, olmayıb”. Üçüncüsü virtual qapını bərkdən çırpıb müzakirəni tərk edir. Dördüncüsü isə mütləq öz sözünü deyir: “Təbiət belə qurulub”. Və bu zaman təbiətlə konkret harada məsləhətləşdiyini demir.

Və bu səs-küy davam etdiyi ortamda qəfildən, az qala akademik səviyyəli mübahisə yaranır:

– Həvva birinci olub!

– Xeyr, Lilit!

– Kabbalada – Tövratın mistik təfsirində – hər şey ümumiyyətlə fərqlidir...

Və burada sadə sual yaranır: əgər bu mifin yaşı minilliklərlə ölçülürsə, mübahisə neyə elə səslənir ki, sanki onu indicə sosial şəbəkələrdə başlayıblar?

Çünki arqumentlər, demək olar, dəyişməyib. Sadəcə sözlər dəyişib.

Əsas məsələ isə olduğu kimi qalıb – fikir ayrılığına münasibət.

Beləcə, ağlıma belə bir fikir gəldi: qədim hekayəni müasir felyeton kimi şərh etsək necə olar?

Lilit: ilk dəfə “yox” deyən qadın

Hesab olunur ki, bəşər tarixində ilk münaqişə Adəm və Həvva arasında baş verməyib. Həvva sonra peyda olub – indiki dillə desək, “sistem yeniləndikdən” sonra.

Ondan əvvəl isə Lilit vardı.

Qədim təsəvvürlərə görə, Tanrı həm Adəmi, həm də Liliti eyni materialdan yaradıb – torpaqdan. Nə “qabırğa” olub, nə də başqa köməkçi material. İlkin xammal tamamilə eyni imiş.

Əslində, elə bu yerdə istənilən müasir mübahisəni bağlamaq olardı.

Amma tarix göstərir ki, faktlar nadir hallarda vərdişlərə qalib gəlir.

Əvvəlcə hər şey ideal idi: Cənnət, sakitlik, harmoniya vardı, heç bir məcburi geyim qaydası, qohumların heç bir məsləhəti yox idi.

Amma bərabərlik nəzəriyyədə gözəl, praktikada isə kifayət qədər konkret məsələdir. Xüsusilə ər-arvad arasında qərarların verilməsi və “yaxınlıq” məsələsində. Məhz belə məqamlarda məlum olur ki, hər kəsin öz bərabərlik anlayışı mövcuddur.

Bir gün Lilit sakitcə soruşdu:

– Niyə həmişə altda mən olmalıyam?

Adəm çaş-baş qaldı. O, ilk insan idi, amma ilk filosof deyildi.

– Yəni... – deyə sözü uzatdı, – belə... məntiqli deyil? Belə qəbul olunmayıb? Biz həmişə belə etmişik...

İstənilən müasir mübahisədə məhz bu məqamda “ənənələr”, “təbiət” və “sağlam düşüncə” işə düşərdi və adətə uyun olaraq heç birinin də mənbəyi göstərilmədən.

– Kim belə qəbul edib? – Lilit davam etdi.

Və elə bu an xoşagəlməz həqiqət üzə çıxdı: məlum oldu ki, “belə qəbul olunub” ifadəsinin müəllifi yoxdur. Nə imza var, nə tarix, nə də istifadə qaydası.

– Mən başqa cür olmasına qarşı deyiləm, – Adəm bir qədər susduqdan sonra tərəddüdlə dedi. – Sadəcə... necə düzgün olduğunu bilmirəm.

– Onda, gəl, birlikdə qərar verək, – Lilit cavab verdi.

– Bəs mən dəyişmək istəmirəmsə?

Sükut.

– Onda bu artıq “birlikdə” deyil.

Mübahisə Eden üzərində çaxan ildırım kimi bir anda alovlandı. Quşlar susdu, mələklər qəfildən çox vacib işləri çıxmış kimi üzlərini çevirdilər. Tarixdəki ilk iki insan isə bəşəriyyətin bu gün də müzakirə etdiyi məsələni müzakirə etməyə başladı: üstdə kim olmalıdır – fiziki, mənəvi və hüquqi baxımdan.

Hansısa məqamda Lilit qısa, amma sonradan taleyüklü olduğu məlum olan söz dedi: Yox!

Bəzən sadəcə qısa “yox” sözü minilliklərin razılaşmasından daha çox şeyi dəyişir.

Və o getdi. Başqa otağa keçmədi, ümumiyyətlə Cənnətdən getdi.

İlk qalmaqal və ilk şərhlər

Əgər bu hekayənin şərhlər bölməsi olsaydı, oradakı fikirlər adama həddən atıq tanış gələrdi: “Hər şeyi özü dağıtdı”. “Sadəcə bərabərlik istəyirdi”. “Razılaşmaq olardı”. “Əvvəllər belə şey olmayıb”.

Və mütləq kimsə yazardı: “Bu, təbiətə ziddir”. Halbuki cəmi bir dəqiqə əvvəl heç kim həmin “təbiətin” konkret olaraq nə olduğunu izah edə bilmirdi.

“Narahatlıq yaradanları” necə yaradırlar

Adəm tiran deyildi. Sadəcə, o, özünün də sonadək inanmadığı qaydanı müdafiə edən ilk insan idi.

Lilit də inqilabçı deyildi. O, sistemi dağıtmaq istəmirdi. Sadəcə özü olmadan yazılmış qaydalarla oynamağa razı deyildi.

Və ən maraqlısı da elə burada başlayır. İnsan gedəndə onun arqumentlərini müzakirə etmirlər. Onun özünü müzakirə edirlər. Çünki onun getməsini izah etmək daha asandır.

Belə də etdilər.

Sonrakı mətnlərdə Lilit iblisə, ruha, qorxuların və bədbəxtliklərin mənbəyinə çevrildi.

Həqiqi münaqişədən uzaqlaşdıqca obraz da daha qorxunc oldu.

Çünki sadəcə “o razılaşmadı” həqiqətini qəbul etmək narahat edir.

 “Onun başı normal deyil”, “pozulub”, “səhv yola düşüb” demək daha rahatdır.

Bu, mifologiya deyil. Bu, universal mexanizmdir. Və bu gün də işləyir.

Versiya 2.0

Adəm Cənnətdə qaldı və vəziyyəti bacardığı qədər Tanrıya izah etdi:

– Mən axı pis adam deyiləm... Sadəcə, hər şeyin necə olmalı olduğunu onunla fərqli anlayırdıq.

Tanrı, sabit sistemlərin təcrübəli memarı kimi, hər şeyi başa düşdü. Və Həvvanı yaratdı. Artıq torpaqdan yox, Adəmin qabırğasından. Daxili uyğunluq sistemi quraşdırılmış, sualları isə daha az olan versiyada.

Versiya 2.0 daha sabitdir. Daha az konfliktli. Artıq yazılmış qaydalara daha uyğundur. Və təbii ki, bu qərar daha rahat idi.

Beləcə, Lilit özünün iştirakı olmadan yazılmış qaydalarla yaşamaqdan imtinanın simvoluna çevrildi. Elə buna görə də onu cadugərlər sırasına yazdılar. Tarix sadə izahları sevir.

Bir qədər sonra və... bu günə qədər

Minilliklər keçdi. Lilit artıq bir obraz kimi geri qayıtdı. Onu rəssamlar, yazıçılar, psixoloqlar xatırlayırlar. Bəzən deyirlər ki, hər bir insanın daxilində kiçik bir Lilith yaşayır: hansısa məqamda “Dayan. Mənimlə belə olmaz” deyən tərəf.

Bəlkə də o, bu gün peyda olsaydı, özü də təəccüblənərdi:

– İblislər? Cadugərlər? Ciddisiniz? Mən sadəcə istəyirdim ki, məni dinləsinlər.

Amma miflər faktlardan daha uzun yaşayır. Və çox vaxt miflər daha rahatdır.

Son söz əvəzinə

Mümkündür ki, bu hekayə heç alma ilə başlamayıb. O, “yox!” sözü ilə başlayıb. Bəşər tarixinin ən qısa, ən sadə və ən narahat sözlərindən biri ilə.

Bəşəriyyət bu sözü deməyi öyrənib. Ucadan, inamla, müxtəlif formalarda. Amma problem, o vaxt olduğu kimi, bu sözün deyilməsində deyil.

Problem ondadır ki, onu hələ də eşitməyi bacarmırlar!