Bu gün – iyulun 30-da Milli Qəhrəman, general Rövşən Əkbərovun işi üzrə məhkəmə istintaqı başlayır. 20 il əvvəl Kiyevdə 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunan general özünü təqsirli bilmir. Bu il martın 15-dən həbsdə olan Rövşən Əkbərov ötən 4 ay yarım ərzində ifadə verməkdən imtina edib.

Cinayət işinin materiallarında bir sıra vəzifəli şəxslərin də adı keçir. Onlar da ötən 20 il ərzində bir neçə dəfə istintaqda dindirilib. Həmin məmurların arasında Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də var. O dövrdə Azərbaycanın Ukraynada səfiri vəzifəsində çalışan Nazim İbrahimovun Kiyevdə bizneslə məşğul olan Elçin Əliyevlə də, Rövşən Əkbərovla da münasibətləri olub. Orucəli Hacıyev də həmin vaxt bizneslə məşğul idi.

“Press Klub” 2006-cı ildən nazir müavini vəzifəsində çalışan Orucəli Hacıyevin şahid qismində verdiyi ifadəni əldə edib. Maraqlıdır ki, o, 2001-ci, 2004-cü illərdə də Elçin Əliyevin qətli ilə bağlı istintaqda dindirilib, mərhumun atası Fəday Əliyevlə üzləşdirilib. Amma O.Hacıyev hər dəfə Elçin Əliyevin kim tərəfindən öldürüldüyünü bilmədiyini deyib. (Həmin vaxt Orucəli müəllim hələ nazir müavini deyildi.) 2021-ci ilin martında – Rövşən Əkbərovun həbsindən sonrakı dindirməsində isə o, fərqli ifadə verib. Bildirib ki, 1990-cı illərin ikinci yarısında Sumqayıtda məişət kimyası zavoduna rəhbərlik edib, “İnterxom” şirkətinin təsisçisi və direktoru olub. Kiyev şəhərində metal və qida məhsullarının alqı-satqısı sahəsində biznes əlaqələri qurub. 2000-ci illərdə şirkətin bir zavodunu da Kiyevdə inşa etmək qərarına gəliblər. Kiyevdə olduğu müddətdə Elçin Əliyevlə tanış olub. 2001-ci il mayın 31-dən iyulun 1-nə keçən gecə, saat 3-4 radələrində Məzahir Şıxəliyev zəng edərək ağlaya-ağlaya Elçini bıçaqladılardeyib. Kimin vurduğunu soruşanda isə “Rövşən vurdu” cavabını verib. Sonradan bilib ki, söhbət Milli Qəhrəman Rövşən Əliyevdən gedir: “Dərhal geyinib, Məzahirin dediyi yerə getdim. Məzahir Elçinin başını öz dizinin üstünə qoyub ağlayırdı. Soruşdum ki, səni kim vurdu? Kafenin mühafizəçisi dedi ki, artıq ölüb…”

Əvvəlki ifadələrində Elçin Əliyevin kim tərəfindən vurulduğunu bilmədiyini dediyinə gəlincə, nazir müavini bu ziddiyyəti belə izah edib: “Bütün ifadələrimdə Rövşən Əkbərov tərəfindən öldürüldüyünü demişəm. Amma oxumadan imzaladığıma görə bilmirəm ki, ifadəni yazanlar dediklərimin hamısını qeyd ediblər, yoxsa yox…”

Rövşən Əkbərov iki maddə ilə ittiham olunur

Bakı Hərbi Məhkəməsində həbsdə olan general Rövşən Əkbərovun mühakiməsi başlayıb. Qəsdən adam öldürməkdə ittiham olunan generalın işini məhkəmənin sədri Həbib Həsənov araşdırır. Zərərçəkmiş tərəf təqsirləndirilən generala qarşı 1 milyon mənəvi, 200 min də maddi olmaqla, 1 milyon 200 min manatlıq mülki iddia qaldırıb. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında “Sikora” kafesində yeyib-içəndən sonra Rövşən Əkbərovla Elçin Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib. 2003-cü ildə Ukrayna Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazıb. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilib. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılıb.

Elçin Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər. 2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb. Uzun illər əvvəl çıxarılmış icraatın dayandırılması barədə qərar 2020-ci ildə ləğv edilib. Elçin Əliyevin qətli ilə bağlı cinayət işi üzrə icraat təzələnib və prosesin nəticəsi olaraq Rövşən Əkbərov həbs edilib. 

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qiyam cəhdinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub. 2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Gülər