Müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat fənlərindən keçirilən test imtahanı müzakirələrə səbəb olub. Belə ki, imtahanda müəllimlərə verilən suallar birmənalı qarşılanmayıb. İmtahan iştirakçılarının əksəriyyəti sualların qəlizliyindən narazı qalıb.

5 iyulda başlayan imtahanlarda ümumilikdə 3288 namizəd iştirak edib. Namizədlərin hər birinə Azərbaycan dili və ədəbiyyat fənnləri üzrə müxtəlif suallar ünvanlanıb. Hətta bir çox namizəd yüksək bal da toplayıb. Lakin 23 iyulda baş tutan imtahandakı suallar, üstəgəl cəmi bir nəfərin 53 balla yüksək göstərici əldə etməsi əksər namizədin narazılığına səbəb olub.

Müəllimlərin bir qismi sualların tərtibatından narazı olduqlarını sosial şəbəklələr vasitəsilə bildiriblər. Onlar sualların şərtinin uzun və anlaşılmaz olduğunu, 90 dəqiqəlik vaxt çərçivəsinə uyğun gəlmədiyini, ədəbiyyat fənnində bəzi sualların əsərin dil və məzmun xüsusiyyətlərindən kənar olduğunu qeyd ediblər. Məsələn, “Mirzə Fətəli Axundzadənin “Aldanmış Kəvakib” əsərində bir-birinə it deyən obrazlar kim idi”, “İsmayıl Şıxlının “Namərd gülləsi” əsərində Niftalı koxa çayda çimərkən birinci hansı paltarını çıxardı” tipli suallar var imiş.

İmtahandan narazı qalan namizədlər Azərbaycan dili və ədəbiyyat müəllimləri olaraq biliklərinin bu cür suallarla ölçülməsinə öz etirazlarını bildiriblər. Onlar imtahan nəticələrinin ləğv olunmasını və təkrar keçirilməsini tələb edirlər.

Təhsil eksperti Kamran Əsədov da imtahandan narazı olan namizədlərlə eyni fikirdə olduğunu söyləyib:

“Gələcəyin savadlı mütəxəssisini bu tipli suallarla seçmək yanlışdır. Bu suallarla yalnız əzbərçi kadrları seçmiş olarıq ki, bu da gələcək nəslin savadsız yetişməsi deməkdir. Təqdim edilmiş test tapşırıqları yalnız faktoloji və xronoloji suallardır ki, bunu yalnız əzbərləyənlərin nəticəsi yüksək ola bilər. Suallar üslub, məzmun və pedaqoji baxımından standartlara uyğun deyil. Yaxşı test o deyil ki, ona heç kim cavab verə bilməsin. Yaxşı test yaxşı mütəxəssis seçmək imkanı verməlidir”.

Ekspertin sözlərinə görə, Təhsil Nazirliyi on ildən çoxdur müəllimlərin işə qəbul imtahanlarını vahid qaydada keçirməsinə baxmayaraq, hələ də özünün test bankını formalaşdıra və hələ də bu sahədə təkmilləşə bilməyib:

“Hesab edirəm ki, biz bu sahədə təkmil təcrübədən yararlanmalı, mütəxəssisləri cəlb etməliyik. Ümumiyyətlə, müəllimlərin işə qəbulu imtahanlarının formatı mütləq dəyişdirilməlidir”.

Məsələyə təhsil naziri Emil Əmirullayevin reaksiyası da gecikməyib. Sosial şəbəkə hesabından açıqlama verən nazir bildirib ki, imtahan iştirakçılarının şikayətinə bir daha baxılacaq:

“Bununla bağlı ən qısa zamanda ekspert komissiyası tərəfindən müqayisəli, elmi-statistik təhlil aparılacaq. Araşdırmaların nəticələrinə görə növbəti üç gün ərzində müvafiq qərar qəbul ediləcək və ictimaiyyətə açıqlama veriləcək”.

Ülviyyə Şahin