Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Böyük savaş: Avropa uçuruma gedir, türklər qisasa hazırlaşır, Rusiya tərəddüddə... – II YAZI
Avropanın qan bahasına çözdüyü düyün

1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinand və arvadı Sofiya serb millətçiləri tərəfindən Sarayevoda qətlə yetirildilər. Düz bir ay sonra Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsi ilə Birinci dünya müharibəsi başladı. Amma Sarayevo qətli sadəcə son akkord idi. 1877-78-ci illərin rus-türk müharibəsindən sonra Balkanlarda yaranan status-kvo həll edilməmiş ziddiyyətlər düyünündən ibarət idi və region Avropanın “barıt çəlləyi”nə dönmüşdü. “Radio Svoboda”nın məqaləsi Balkanların bütün Avropanı fəlakətə sürüklədiyi yoldan bəhs edir. 

 

Əvvəli: Burada

 

Birinci müharibə: hamı türklərə qarşı

 

Rusiya imperatoru və onun diplomatları Avstriya-Macarıstana qarşı istifadə ediləcək vasitə kimi Serbiya ilə Bolqarıstanın blokunu yaratmaq ideyasını ortaya atıb, rəqabətdə olan bu iki dövləti yaxınlaşdırmağa çalışırdılar. Müdafiə ittifaqı ideyası 1912-ci il martın 13-də reallaşdı, ərazi qazanmaq istəyən Yunanıstan isə martın 29-da koalisiyaya qoşuldu.

Müttəfiqlər Osmanlı imperiyasından 1911–1912-ci illərdə Liviyanı qoparmış İtaliyadan nümunə götürürdülər. 1912-ci il oktyabrın 13-də Bolqarıstan Osmanlı hökumətinə ultimatum verdi: Makedoniyaya və digər qeyri-türk Balkan xalqlarına muxtariyyət, yunan, bolqar və serblər üçün məktəblərin açılmasına icazə verilsin, Avropa Türkiyəsində ordunun bir hissəsi tərxis edilsin. Muxtar vilayətlərin başına Belçika və ya İsveçrə kimi neytral ölkələrdən olan valilər təyin olunmalı idi. Balkan ittifaqı islahatların həyata keçirilməsinə altı ay vaxt təklif edirdi. Bu, Rusiya rəhbərliyi üçün gözlənilməz gediş oldu, amma ictimai rəy Türkiyəyə qarşı Balkan ittifaqını dəstəkləyirdi.

Osmanlı imperiyası bu şərtləri tamamilə rədd etdi. Digər tərəfdən, müharibəyə hazır deyildi: yarım milyonluq Osmanlı ordusunda islahatlar yenicə başlamışdı, istehkamlar tamamlanmamışdı, Asiyadan gələn qoşunlar hələ yetişməmişdilər. Türklərin planı müdafiə olunmaq və səfərbərlik keçirmək, uğurlu məqam düşdükdə isə əks-hücuma keçmək idi. 

Türkiyəyə müharibə elan edən ilk dövlət hələ 8 oktyabrda Çernoqoriya oldu. 18 oktyabrda Serbiya və Bolqarıstan, 19 oktyabrda isə Yunanıstan müharibəyə qoşuldu. Müttəfiq ordular dərhal hücuma keçdilər. Osmanlıda səfərbərlik pozuldu. Sayca iki dəfə üstün olan bolqar ordusunun əsas hədəfi Ədirnə şəhəri idi; şəhər 22 oktyabrda mühasirəyə alındı. Bu günlərdə serb ordusu Kumanovo yaxınlığında böyük türk qüvvələri ilə qarşılaşdı. 30 kilometrlik cəbhədə iki günlük döyüşdən sonra türklərin hücumu dayandırıldı və onlar geri oturduldu. 24 oktyabr səhəri serblərin gözlənilməz hücumu nəticəsində türklər Skopyeyə çəkildilər, 156 topu düşmənə buraxdılar. Ordunun qalıqları Manastıra (indiki Bitola) çəkildi. Şəhər uğrunda döyüşdə serblər yenidən qalib gəldilər, təqribən 50 min türk təslim oldu. Zəki paşanın 30 minlik dəstəsi Florinaya qədər çəkildi, burada isə artıq Yunanıstan ordusu tərəfindən darmadağın edildi. Yalnız kiçik dəstələr Albaniyaya çəkildilər.

Bolqarlar Konstantinopola doğru irəliləyərək, Qırxkilisədə (indiki Kırklareli) Osmanlının Şərq ordusu ilə döyüşdülər və oktyabrın 24-də şəhəri ələ keçirdilər. Mahmud paşanın ordusu mühasirəyə düşmək təhlükəsi qarşısında geri çəkildi. 26 noyabrda Gümülcinədə Şərq ordusundan 12 minə yaxın türk bolqarlara təslim oldu. Tezliklə türklər Lüleburqaz yaxınlığında möhkəm müqavimət göstərməyə nail oldular və daha sonra gücləndirilmiş Çatalca istehkamlarına çəkildilər.

Yunan ordusu 25 oktyabr tarixində döyüşlərlə Makedoniyaya daxil oldu, 2 noyabrda Yanitsa şəhərini ələ keçirərək Salonikiyə gedən yolun açılmasını təmin etdi və bu şəhərə 7 noyabrda daxil oldular. Burada danışıqlarda vasitəçi kimi xarici konsullardan istifadə olundu. Komendant Təhşin paşa Salonikini müqavimətsiz təhvil verdi, 25 min türk müharibə bitənə qədər kazarmalarda saxlanıldı. 10 noyabr günü Yunan şahzadəsi Konstantin şəhərdə Yunan bayrağını qaldırdı və beləliklə, Saloniki bolqarların gəlişindən qabaq ələ keçirildi. Şəhər yunanlara qalırdı. Yunan ordusunun bir hissəsi Yenina şəhərinin mühasirəsində iştirak etmək üçün Epiros bölgəsinə göndərildi. Bu zaman Çernoqoriya qüvvələri Skadar şəhərini mühasirəyə almışdı.

Sonra bolqarlar Ədirnənin istehkamlarını mühasirəyə aldılar. Noyabrın 18-də İstanbul qarşısındakı Çatalca mövqelərində Türkiyə tərəfindən yaxşı müdafiə edilən batareyalara hücum etdilər, lakin təxminən 10 min nəfər itirdilər və mövqe savaşına keçməli oldular.

Avropa dövlətləri sülh bağlanması üçün Balkan İttifaqına təzyiq edirdilər. Avstriya-Macarıstan Osmanlı İmperiyasının tam məğlubiyyətini istəmədiyindən onun tərəfində müharibəyə qoşula bilərdi. Həmçinin müharibə iştirakçılarının ordularında tif və vəba epidemiyası yayılmağa başladı.

Döyüşən tərəflər dekabrın 2-də atəşkəs imzaladılar. Nümayəndələrini London sülh konfransına göndərildilər, bu konfrans dekabrın 26-da başladı, lakin nəticəsiz bitdi. Böyük Britaniya, Fransa, Almaniya, Avstriya-Macarıstan, Rusiya və İtaliya birgə bəyanatda Türkiyə hökumətinə sülh bağlamağı tövsiyə edərək, ölkənin bərpası ilə bağlı yardım vəd etdilər. 1913-cü il yanvarın 22-də sultan hökuməti Avropa ərazilərinin bir qismini güzəştə gedərək sülh müqaviləsi bağlamağı qərara aldı. Lakin ertəsi gün “İttihad və Tərəqqi” partiyasının tərəfdarları və Ənvər başda olmaqla iclas zalına gəlib, sədrəzəm və hərbi naziri öldürərək, oraya daxil oldular. Ənvər Paşa “biabırçı sülh”ə qarşı çıxdı və guya müharibə tələb edən millət adından hökuməti istefaya məcbur etdi. Osmanlı imperiyasında hakimiyyət tamamilə “gənc türklər”in əlinə keçdi.

Yanvarın 28-də Balkan ittifaqı sülh müzakirələrini yarımçıq dayandırdı və fevralın 3-də əməliyyatları yenidən başlamağa qərar verdi. Həmin gün Türkiyə qüvvələri Çatalca cəbhəsində hücum etməyə çalışdılar, lakin dəf edildilər. Yalnız iki aylıq azuqə ehtiyatı olan Ədirnənin mühasirəsi davam etdi. Bolqar ordusu martın 24-də şəhəri ağır artilleriyadan atəşə tutdu, Martın 25-də səhər saatlarında isə həmlə ilə bütün səhra istehkamlarını ələ keçirdilər. Şükrü paşanın komandanlıq etdiyi türklər qalaya çəkildilər, bir sutka ağır döyüşlərdən sonra təslim oldular. Bu, müharibənin son böyük döyüşü idi. Çernoqoriya qüvvələri Şkoderi uzunmüddətli və uğursuz mühasirəyə almışdılar. Aprelin 23-də Əsad paşa əldən düşmüş ordusunu şəhərdən problemsiz çıxarmaq barədə razılaşma əldə etdi. 

1913-cü il mayın 30-da Balkan ittifaqı ölkələri və Osmanlı imperiyası London sülh müqaviləsini imzaladılar. Türkiyə Avropa ərazilərinin — Ədirnə də daxil olmaqla — az qala hamısını Balkan ittifaqının nəzarətinə verdi, ancaq Albaniya bu müqavilə çərçivəsinə daxil edilmədi. 1912-ci il noyabrın 28-də müstəqilliyini elan edən Albaniyanın statusunu böyük dövlətlər təmin etməli idilər. Türkiyə Krit adasından da imtina edirdi. Sülh müqaviləsi Osmanlıdan qoparılan torpaqların bölüşdürülməsini tənzimləmirdi. Bütün keçmiş müttəfiqlər nəticələrdən narazı idilər: Serbiya Adriatik dənizinə çıxış əldə etmədi, Çernoqoriya Şkoderə sahib olmadı (konfrans şəhəri Albaniyaya verdi — Press klub), Yunanıstan da Trakyaya. Bolqarıstan da bütün Makedoniyanı almaq istəyirdi. Bütün bunlar keçmiş müttəfiqləri yeni konfliktə sürükləyirdi.

 

İkinci müharibə: hamı bolqarlara qarşı 

Bir tərəfdə Bolqarıstan, digər tərəfdə Serbiya və Yunanıstan arasında münasibətlər getdikcə gərginləşirdi. 1913-cü ilin iyun ayında Serbiya və Bolqarıstan əlavə səfərbərlik apardılar və qoşunlarını demarkasiya xətlərinə doğru topladılar. İyunun 28-də isə birbaşa təmasa keçdilər. Rusiya münaqişəni nizamlamağa çalışsa da, uğursuz oldu. Avstriya-Macarıstan isə Bolqarıstanın tərəfində idi. İyunun 29-da səhər saat 3-də Bolqarıstan ordusu müharibə elan etmədən iki ordu ilə hücuma keçdi: biri Serbiyanın Pirot şəhərinə doğru irəlilədi, digəri isə Makedoniyada sabiq müttəfiqlərə hücum çəkdi və yunan qoşunlarının geri çəkildiyi Salonikə doğru hərəkət etdi. Artıq iyulun 2-də yunan-serb qüvvələri əks-hücuma başladılar. Serblər Veles və Zletovo bölgəsində uğurla irəlilədilər. 3–4 iyulda yunanlar Kilsis (Kilkis) yaxınlığında bolqarları məğlub etdilər və 7 iyulda Strumitsaya daxil oldular. Yunan ordusu Kavala şəhərində desant çıxardı, Serre şəhərini ələ keçirdi və 8–18 iyul tarixlərində Kresna dairəsində döyüşlər apararaq, Sofiyanı təhdid edirdi. Bolqar ordusu ağır məğlubiyyətlərə uğradı.

Osmanlı imperiyası revanş fürsətini fövtə vermədi və savaşa qoşuldu. Türk qüvvələri Trakyada bolqar hissələrini məğlub etdilər və iyulun 23-də Ədirnəni yenidən ələ keçirdilər. Rumıniya da Bolqarıstandan Cənubi Dobruca bölgəsində sərhəd dəyişiklikləri tələb etdi. Rumın ordusu şimaldan Varna və Sofiyaya doğru irəlilədi. Bolqar ordusunun əsas qüvvələri digər cəbhələrə göndərildiyindən, demək olar, heç bir müqavimətlə qarşılaşmadılar.

Tam hərbi fəlakət baş verdi. Lakin böyük dövlətlərin atəşkəs tələbi bolqar kralı I Ferdinandı xilas etdi. 1913-cü il iyulun 29-da Bolqarıstan təslim oldu. Buxarest müqaviləsinə əsasən, Rumıniya Cənubi Dobrucanı aldı, Serbiya əvvəllər Bolqarıstana verilmiş Makedoniyanın bir hissəsini, Yunanıstan da bolqarlara çatmış bəzi Egeysahili əraziləri. Konstantinopol sülh müqaviləsinə görə, Türkiyə Şərqi Trakyanın bir hissəsini və Ədirnəni geri aldı. İki savaşda ümumən 140 min nəfər həyatını itirdi. 

Balkanlarda baş vermiş iki müharibə yeni münaqişələr və hesablaşmalar üçün siyasi zəmin yaratdı. Bu münaqişələr potensial slavyan müttəfiqlərini barışdırmağa uğursuz cəhd edən Rusiya ilə Serbiyanın güclənməsindən əndişələnən, taqətsiz Türkiyənin Avropadan qovulmasını və Bolqarıstanın kəskin zəifləməsini istəməyən Avstriya-Macarıstan arasında qarşıdurma meydanına çevrildi. 

Vyanada bəzi siyasətçilər iki müharibədə qalib gəlmiş Serbiyanı ciddi təhlükə kimi qiymətləndirirdilər. 1913-cü ildə Serbiya Balkanların ən güclü dövlətinə çevrildi. Serb siyasətçiləri cənub slavyanları arasında liderliyə iddia edirdilər, polkovnik Dimitrieviç-Apisin rəhbərlik etdiyi “Qara əl” kimi radikal qruplar isə Voyevodina və Bosniyanın Avstriya-Macarıstandan ayrılmasını hədəfləyirdilər.

 

“Qara əl” və Prinsipin tapançası

“Qara əl” təşkilatının Bosniyada “Gənc Bosniya” (“Mlada Bosna”) adlı törəmə strukturu vardı ki, məqsədi vilayəti Avstriya-Macarıstandan qoparmaq idi. “Gənc Bosniya” radikalları Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinandın öldürülməsi üçün sui-qəsd hazırlamışdılar. Bu, belə qəbildən ilk terror aktı deyildi: 1910-cu il iyunun 15-də serb tələbə Boqdan Jeraiç Bosniya və Herseqovinanın ilhaqına etiraz əlaməti olaraq vilayətin qubernatorunu öldürməyə cəhd etmişdi. Jeraiç general Marian Vareşaninə beş dəfə atəş açsa da, dəyməmişdi; altıncı güllə ilə isə özünü öldürmüşdü. Bu hadisə “Gənc Bosniya” üzvlərini ilhamlandırdı.

Ershersoq Frans Ferdinand Bosniyaya hərbi təlimlərə gəlirdi. O, vilayətin paytaxtı Sarayevoda Dövlət Muzeyinin yeni binasını açmalı idi. Sui-qəsdin hədəfi həm də qubernator Oskar Potiorek ola bilərdi, lakin sui-qəsdçilər ershersoq üzərində dayandılar.  Frans Ferdinand Habsburqlar imperiyasının siyasi quruluşunun islahatı və Avstriya, Macarıstan və slavyan torpaqları əsasında “üçtərəfli imperiya” yaradılması ideyasına müsbət yanaşdığına görə də hədəf seçilə bilərdi. 

Danilo İliçin başçılıq etdiyi bosniyalı terrorçular Serbiyanın hərbi kəşfiyyatı və onun rəhbəri Dimitrieviç vasitəsilə dəstək alırdılar. Qəsdçilər Prinsip, Qrabej və Çabrinoviç Serbiyada atıcılıq təlimi keçirdilər, burada mayor Tankosiç vasitəsilə onlara altı ədəd qumbara, dörd “Browning” tapançası və pul verildi. Serb sərhədçilər onları sərhəddən Bosniyaya keçirdilər. “Xalq müdafiəsi” təşkilatının xətti ilə onlar bir sığınacaqdan digərinə köçürülürdülər.

Bəzi agentlərin göndərilməsi barədə məlumat Serbiya baş naziri Nikola Paşiçə də çatdı. O, Vyana səfiri Yovanoviç vasitəsilə Avstriya-Macarıstanı Sarayevoda mümkün terror təhlükəsi barədə ehtiyatla xəbərdar etməyə çalışdı. Lakin bu qeyri-konkret xəbərdarlıq ciddi qəbul olunmadı. Serbiyadakı nüfuzlu rus hərbi attaşesi general Viktor Artamonov və onun köməkçisi kapitan Aleksandr Verxovski bu sui-qəsddən agah idilərmi? Tarixçilər bu suala hələ də dəqiq cavab tapa bilməyiblər.

1914-cü il iyunun 28-də Danilo İliç ershersoqun korteji üçün nəzərdə tutulan marşrut boyu altı terrorçu yerləşdirdi. Səhər saat 10-da Frans Ferdinand məiyyəti ilə kazarmanı tərk etdi və mühafizəçilərlə birlikdə General Appel sahili ilə bələdiyyə binasına doğru yola düşdü. Birinci terrorçu heç nə etmədi, ancaq Nedeljko Çabrinoviç bir qumbara atdı. Qumbara avtomobilə dəyib geri sıçradı və arxadakı maşının önündə partladı – nəticədə həm kortejdən, həm də izdihamdan 20-yə yaxın insan yaralandı. Digər qəsdçilər heç bir tədbir görə bilmədilər, maşınlar onların yanından şütüyərək bələdiyyə binasına çatdı. Qəsd sanki baş tutmadı.

Bələdiyyə binasında mer və ershersoq çıxış etdilər. Daha sonra Frans Ferdinand həyat yoldaşı ilə birlikdə yaralıları ziyarət etmək üçün xəstəxanaya getmək qərarı verdi. Lakin General Appel sahili əvəzinə sürücü səhvən Frans İosif küçəsinə döndü. Bu səhv qəsdçilərə fürsət yaratdı. Terrorçulardan Qavrilo Prinsip təsadüfən məhz həmin an Latın körpüsünün yanında, delikates mağazasının qarşısında yeni mövqeyə keçmişdi. Avtomobil yavaşlayıb Prinsiplə eyni səviyyəyə çatanda, o, 1.5 metrlik məsafədən ershersoq “Browning” tapançası ilə atəş açdı – güllə onun boyun damarına dəydi. İkinci güllə qubernator Potiorek üçün nəzərdə tutulsa da, vəliəhdin həyat yoldaşı Sofiya Hohenberqin qarnına dəydi. Hər iki yara öldürücü oldu, ər və arvad qubernatorun iqamətgahına aparılarkən yolda öldülər.

Qavrilo Prinsip hadisə yerində həbs olundu. Tezliklə Sarayevo qəsdində iştirak edən, demək olar, bütün şəxslər saxlanıldı. 1914-cü ilin oktyabrında Sarayevoda dövlətə xəyanət və sui-qəsddə iştirak ittihamı ilə məhkəməyə verildilər. İttiham ölüm cəzası nəzərdə tutulurdu. Üç yetkin qəsdçi edam edildi. Qalanları, o cümlədən 20 illik həbsə məhkum edilən Prinsip (cinayət zaman yetkinlik yaşına çatmamışdı) həbsxanada həyatını itirdi. Başda Dimitreviç olmaqla “Qara əl” təşkilatının rəhbərliyini isə Serbiya hakimiyyəti cəzalandırdı:  1917-ci ildə Salonikidə keçirilən məhkəmədə onları şahzadə Aleksandra qarşı sui-qəsd planında ittiham edilərək hərbi tribunal qərarı ilə güllələndilər. Voislav Tankosiç isə 1915-ci ilin sonunda döyüşdə həlak olduğu üçün mühakimə olunmamışdı.

 

Avropa uçuruma atılır

Frants Ferdinandın öldürülməsindən sonra üç həftə ərzində beynəlxalq böhranın olacağını göstərən heç bir əlamət yox idi. Sarayevodakı qətl, əvvəldə bir çoxlarının düşündüyü kimi, ağır siyasi nəticələrə səbəb olmayacaqdı, amma əslində Vyanada Serbiyaya ultimatum hazırlanırdı. Ultimatum artıq 14 iyulda hazır idi, lakin 23 iyulda təqdim edildi. Belqrada cavab üçün 48 saat vaxt verildi. 

Vyana tələb edirdi:

Avstriya-Macarıstana nifrət və onun ərazi bütövlüyünün pozulmasını təbliğ edən nəşrlərin qadağan olunmasını;

“Xalq Müdafiəsi” cəmiyyətinin və Avstriya-Macarıstana qarşı təbliğat aparan digər bütün ititfaqların və təşkilatların bağlanmasını;

xalq təhsilindən antiavstriya təbliğatının çıxarılmasını;

antiavstriya təbliğatı ilə məşğul olan bütün zabitlərin və məmurların xidmətdən və ya qulluqdan azad edilməsini;

Avstriya hakimiyyəti ilə birlikdə Avstriya-Macarıstanın bütövlüyünə qarşı çıxan hərəkatların yatırılmasında əməkdaşlıq edilməsini;

Sarayevo qətlində iştirak etmiş hər bir şəxsə qarşı istintaqı Avstriya hakimiyyətinin iştirakı ilə araşdırılmasını;

Sarayevodakı qətldə əli olan Voislav Tankosiç və Milan Çiqanoviçin həbsini;

Avstriyaya silah və partlayıcı maddələrin qaçaqmalçılığının qarşısının alınması üçün təsirli tədbirlər görməyi, qatillərə sərhədi keçməyə kömək edən sərhədçilərin həbsini;

qətldən sonra serb məmurlarının Avstriya-Macarıstana qarşı düşməncə fikirlərinə izah verilməsini;

yuxarıda göstərilən maddələrə uyğun görülən tədbirlər barədə Avstriya hökumətinə gecikmədən məlumat verilməsini.

Serbiya hökuməti bütün maddələrin yerinə yetirilməsini qəbul etdi, yalnız Avstriya rəsmilərinin Serbiyada aparılacaq istintaqda iştirakı ilə razılaşmadı, çünki bunun Konstitusiyaya və cinayət-prosessual qanunvericiliyə zidd olduğunu bildirdi, lakin araşdırmanın nəticələrinin Avstriya-Macarıstan tərəfinə təqdim edilə biləcəyini vurğuladı.

Belqradın cavabı Vyanada qeyri-qənaətbəxş sayıldı. Avstriya-Macarıstan Serbiyanı müharibə ilə hədədi. Serbiyanı cəzalandırmaq əhval-ruhiyyəsi Vyanada hakim edirdi. Lakin Macarıstan baş naziri qraf İştvan Tisa qarşıdurmanın dərinləşməsindən qorxaraq entuziazm göstərmirdi, amma ona Almaniyanın müharibədə kömək edəcəyi barədə inandırıcı söz verilmişdi. Həqiqətən də, Vyananın sorğusuna Berlin artıq birmənalı cavab vermiş, müttəfiqinə Serbiyaya qarşı güc tətbiq etmək üçün tam kart-blanş vermişdi.

Serbiyanın şahzadə-regenti Aleksandr 1914-cü il iyulun 24-də kömək üçün II Nikolaya müraciət etdi. Avstriya müharibəni qəsdən təşviq etməkdə ittiham olundu, çar isə serblərə rus ordusunun qismən səfərbərlik həyata keçirəcəyinə söz verdi.

Artıq iyulun 26-da Avstriya-Macarıstan qismən səfərbərliyə başladı, çünki imperator Frans İosif serblərin cavabından məmnun deyildi. Avstriya diplomatik missiyası iyulun 27-də Belqradı tərk etdi. İyulun 28-də Avstriya-Macarıstan imperiyası Serbiyaya müharibə elan etdi. Ağır artilleriya Belqradı atəşə tutdu, Avstriya-Macarıstanın nizami qoşunları isə Serbiya sərhədini keçdi. Rusiya Serbiyanın işğalına imkan verməyəcəyini bildirdi.

Dünya sürətlə və dayanmadan, sanki lunatik dəhşət içində müharibəyə yuvarlanırdı. Rusiya çarı qismən və ümumi səfərbərlik arasında çırpınırdı. Dörd hərbi dairədə bir milyon nəfərin gizli səfərbər olunmasına qərar verildi. Hərbçilər isə ümumi səfərbərliyə çağırırdılar. İmperator ümumi səfərbərlik barədə əmrin göndərilməsini Almaniyadan gələn teleqramlara görə təxirə salmaq qərarına gəldi. Almaniya kansleri Teobald Betman-Holveg iyulun 29-da  Rusiya xarici işlər naziri Sergey Sazonova xəbərdarlıq etdi ki, Rusiyanın səfərbərliyinə cavab olaraq Almaniya da qoşunları səfərbər edəcək və müharibədən qaçmaq mümkün olmayacaq. Axşam II Nikolay II Vilhelmə “avstro-serb məsələsini Haaqa konfransına verməyi” təklif edən teleqram göndərdi. İyulun 30-da Vilhelm cavab olaraq sülh və ya müharibə qərarının qəbuluna görə məsuliyyəti Rusiya imperatorunun üzərinə qoydu.

Kayzer II Vilhelm çara teleqrafla yazdı ki, müharibənin qarşısını almaq üçün səy göstərir (amma bu, həqiqətdən uzaq idi) və Rusiyanın anlayışına ümid edir. Amma hərbi nazir Suxomlinov və Baş Qərargah rəisi Yanuşkeviç qorxurdular ki, Almaniya ehtiyatdakıların səfərbərliyində Rusiyanı qabaqlayacaq. Xarici işlər naziri Sazonov elə həmin gün imperatora demişdi: “Müharibədən qaçmaq olmaz, çünki qərar çoxdan Vyanada və Berlində qəbul olunub, Haradan ki, ağıllı sözlər gözləmək olardı, tələffüz etmək istəmirlər. Bizdən Mərkəz dövlətləri qarşısında kapitulyasiya tələb olunur ki, bunu da Rusiya heç vaxt hökmdara bağışlamaz və rus xalqının yaxşı adı ləkələnəcək”. Belə ritorikanın təzyiqi altında II Nikolay taleyüklü qərar verdi: ümumi səfərbərlik başlansın.

1914-cü il avqustda 1-də II Nikolay kayzer II Vilhelmə teleqram göndərdi: “Mən başa düşürəm ki, sən qoşunlarını səfərbər etməlisən, amma istəyirəm ki, sənə verdiyim zəmanətlərin eynisini sən də mənə verəsən, yəni bu hərbi hazırlıqlar müharibə demək deyil və biz danışıqları davam etdirəcəyik... Bizim uzun müddət sınanmış dostluğumuz Tanrının köməyi ilə qan tökülməsinin qarşısını almalıdır. Cavabını səbirsizliklə və ümidlə gözləyirəm. Niki.”

Cavabı elə həmin gün saat 19:00-da Almaniyanın Sankt-Peterburqda səfiri Purtales verdi: Sazonova Almaniyanın Rusiyaya müharibə elan etdiyini bildirən notanı təqdim etdi. Almaniyanın hərbi maşını general Şliffen və kiçik Moltkenin planını həyata keçirməyə başladı. Plan Rusiyaya qarşı Şərq cəbhəsində müdafiədə oturarkən Belçika üzərindən Fransaya hücum etməyi nəzərdə tuturdu. II Vilhelm Fransaya hücum edilməsini istəmirdi, amma hərbçilər onu inandırdılar ki, əməliyyat ardıcıllığını dəyişmək artıq mümkün deyildi.

Avqustun 2-də Almaniya Lüksemburq knyazlığını işğal etdi və Belçikadan öz neytrallığını qurban verməyi və Almaniya ordusuna keçid verməyi tələb etdi. Belçika kralı ultimatumu rədd etdi. Rusiyanın müttəfiqi olaraq öz öhdəliklərini yerinə yetirməli və savaş elan etməli olan Fransa tərəddüd edir, Britaniyanın vasitəçiliyi ilə konfliktin həllinə ümid bəsləyirdi; bu barədə Fransa prezidenti Raymon Puankare kral V Georqa məktub yazmışdı. Nəhayət, Böyük Britaniya nazirlər kabineti bildirdi ki, Belçikanın neytrallığının pozulması müharibə üçün əsasdır. Alman qoşunları Belçikaya daxil oldu, 3 avqustda Almaniya Fransaya müharibə elan etdi. 1914-cü il avqustun 4-də Böyük Britaniya Almaniyaya ultimatum verdi, Belçikanın neytrallığının qeyd-şərtsiz qorunmasını tələb etdi, ultimatumun vaxtı (saat 23:00) bitdikdən sonra Almaniyaya müharibə elan etdi.

Böhranın təşəbbüskarı Avstriya-Macarıstan yalnız avqustun 6-da Rusiyaya müharibə elan etdi. Oktyabrın 30-da Osmanlı imperiyası Almaniya və Avstriya-Macarıstan tərəfində rəsmən Birinci dünya müharibəsinə qoşuldu.

Bolqarıstan vəziyyəti izləyirdi: onun seçimi Üçlər ittifaqı ilə Antanta arasında mübarizə predmetinə çevrilmişdi. Rusiya Serbiya və Bolqarıstan arasında sərhəd mübahisəsini Makedoniyada bolqarların xeyrinə ərazi güzəştləri ilə həll etməyə çalışırdı. Birinci Avstriya-Macarıstan hücumunu dəf edən və Belqrada qayıdan regent Aleksandr güzəştə getməyə hazır deyildi. Antanta Bolqarıstana Türkiyənin Şərqi Trakya bölgəsini və serblərdən alınacaq Vardar Makedoniyasının kiçik hissəsini təklif edirdi. Almaniya və Avstriya-Macarıstan I Ferdinanda Serbiyanın hesabına daha çox şey təklif edirdilər. 1915-ci il oktyabrın 14-də Bolqarıstan Serbiyaya müharibə elan etdi və Üçlər ittifaqı tərəfdə Birinci dünya müharibəsinə qoşuldu, bu da 1915-ci ildə Serbiyanın məğlubiyyətini əvvəlcədən müəyyən etdi. Serblər 1918-ci ildə revanş götürdülər, Birinci dünya müharibəsinin nəticəsi olaraq onların liderliyi altında Sloven, Xorvat və Serb krallığı yaradıldı (1929-cu ildən – Yuqoslaviya).

Rusiyanın alternativi var idi: Balkanlarda alovlanan milli quruculuq ehtiraslarından və emosiyalardan uzaq durmaq, 1908-09-cu illərdəki vəziyyəti təkrarlamaq. Lakin 1914-cü il avqustun 1-də hakimiyyət xalqı dünya fəlakətinin uçurumuna apardı.

Yeni bir dövr başladı. Böyük müharibə bütün həyat sahələrinə təsir etdi, dövlət funksiyaları əvvəllər ona əlçatan olmayan sahələrə qədər genişləndi. Regional qarşıdurmalar milyonlarla insanın canı bahasına başa gələn, o vaxtın ən müasir texnikası ilə aparılan qanlı savaşa səbəb oldu.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada