Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan yarım il ötdü. Tarixi əhəmiyyətli bu sənəd 44 günlük müharibəyə nöqtə qoydu və Azərbaycanın parlaq qələbəsini bir növ, hüquqi baxımdan təsdiqlədi. Tərəflər bölgədə nəqliyyat əlaqələrinin bərpası, kommunikasiyaların açılması haqda da razılığa gəldilər. Bu baxımdan 10 noyabr Bəyanatı sülh müqaviləsi olmasa da, əslində sülh quruculuğuna möhkəm əsaslar yaradan önəmli bir anlaşmadır.

Lakin Ermənistan münaqişənin həlli üzrə uzun illər davam etmiş danışıqlar prosesində olduğu kimi, yenə destruktiv mövqedən çıxış edir. Müharibədən 6 ay keçməsinə baxmayaraq, erməni tərəfi minaladığı ərazilərin xəritəsini Azərbaycana verməyə razılaşmır, bu isə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların ruhuna tamamilə ziddir. Ötən müddətdə mina partlayışları nəticəsində Azərbaycanın 14 nəfər mülki vətəndaşı həlak olub, 16 nəfər isə müxtəlif xəsarətlər alıb. Bu statistikaya minaya düşən Azərbaycan əsgərləri daxil deyil.

Ermənistanın öz iradəsi ilə minalanmış sahələrin xəritələrini Azərbaycana təqdim etməyəcəyi aydındır. Bu məsələdə beynəlxalq təsir və təzyiqə ehtiyac var. Xüsusən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr, bölgə dövlətləri və beynəlxalq təşkilatlar bu məsələdə xüsusi rol oynaya bilər. Bu səbəblə biz həmin ölkələrin Azərbaycandakı səfirliklərinə bu mövzuda sorğu ilə müraciət etdik.

Rusiya Federasiyanın Azərbaycandakı səfirliyindən bildirildi ki, sorğuya cavab vermək onların səlahiyyətləri çərçivəsində deyil:

“Rusiya tərəfinin mövqeyi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalarına riayət edilməsindən irəli gələn məsələlərdən ibarətdir. Səlahiyyətli beynəlxalq təşkilatlara gəldikdə, bir jurnalist olaraq onlarla əlaqə qurmaq və onların mövqeyini bilmək hüququnuz var. Bunun üçün onlara müraciət edə bilərsiniz”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə sonuncu səfəri zamanı bu problemə toxunulub. Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib:

“Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı problemin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq. Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, problemin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”.

ABŞ Dövlət departamenti isə bizə cavabında ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 may tarixli bəyanatına istinad etdi. Orada deyilir ki, həmsədrlər tərəfləri minaların təmizlənməsi prosesinin səmərəli aparılması üçün lazım olan bütün məlumatları paylaşmağa çağırırlar.

Digər həmsədr ölkə – Fransanın, eləcə də Britaniyanın Azərbaycandakı səfirliklərindən cavab əldə edə bilmədik. Bölgənin önəmli ölkələrindən olan İran İslam Respublikasının Bakıdakı səfirliyi isə bu sualları həmsədr ölkələrə ünvanlamağı məsləhət gördü.

Ülviyyə Şahin