Bir çox ölkələrdə mövcud olan icbari tibbi sığortanın tətbiqinə artıq Azərbaycanda da başlanılıb. 1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanmasına başlanılıb.

Artıq rəsmi maaşlardan da tutulmalara start verilib. İcbari Tibbi Sığorta (İTS) üçün vəsait yığımı həyata keçirilir. Görəsən, bu sığortadan yararlanan vətəndaşlarımız varmı? Öncə bunu araşdırdıq.

Bakı sakini Sevinc Qəhrəmanlı deyir ki, İcbari Tibbi Sığorta xidməti üçün müraciət edib, hələ ki cavab yoxdur. Gədəbəy rayon sakini Əziz Əzizbəyli bildirir ki, İTS üçün maaşından tutulmalar artıq yanvar ayından başlayıb və bu sığorta paketinə daxil olan katarakt əməliyyatından isə onun atası bu ay yararlanacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova sorğumuza cavab olaraq bildirdi ki, 2021-ci il 1 yanvar tarixindən 59 şəhər və rayonda (Mingəçevir, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax, Ağdaş, Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul) rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə nəzərdə tutulan tibbi xidmətlərdən yararlana bilir:

“1 aprel 2021-ci il tarixindən etibarən isə 7 şəhər və rayonda (Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa) rəsmi qeydiyyatda olan əhali Xidmətlər Zərfindən istifadə edəcək. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Buraya ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya xidməti, fizioterapiya xidməti, invaziv radiologiya xidməti, stasionar tibbi xidmət daxil edilib”.

Departament rəhbəri onu da qeyd etdi ki, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək:

“Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə, miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir”.

A.Əhmədovanın sözlərinə görə, Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir:

“Bahalı əməliyyatlar sırasında, həmçinin, kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları var. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir”.

Qurumun rəsmisi nəzərə çatdırdı ki, vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində ödənişsiz olaraq göstərilir:

“Həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmətlər göstərilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir”.

A.Əhmədova əlavə etdi ki, təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir:

“Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət edən sığortaolunan Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilər. Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” əsasında həyata keçirilir”.

Qeyd edək ki, sığortaolunan tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etməlidir.

Məlumat üçün bildirək ki, ilkin hesablamalara görə, 2020-ci il ərzində icbari tibbi sığortanın tətbiq edildiyi 23 şəhər və rayonun mərkəzi xəstəxanalarına və onların struktur bölmələrinə, habelə müalicə diaqnostika mərkəzlərinə 1 147 834  nəfər, ümumilikdə 4 170 432 dəfə müraciət edib. Bu müraciətlər üzrə vətəndaşlara 8 339 508 tibbi xidmət göstərilib.

Ülviyyə Şahin