Müəllif: Ariel Koen

Uzun zamandır gözlənilənCənub Qaz Dəhlizilayihəsi 2020-ci ilin son günündə rəsmi olaraq işə düşüb. Azərbaycanın dövlət neftqaz şirkəti SOCARn məlumatına görə, bununla da “Şahdənizyatağından hasil olunan kommersiya məqsədli qaz ilk dəfə İtaliyanın Adriatik dənizi sahilindəki Melenduqno məntəqəsinə çatdırılıb.

3500 kilometr uzunluğunda olan bu qaz kəməri 3 hissədən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri, Transanadolu boru xətti (TANAP) və Transadriatik qaz kəməri (TAP). İndi “Cənub Qaz Dəhlizi” vasitəsilə ildə 16 milyard kubmetr qaz nəql ediləcək. Onun 6 milyard kubmteri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük olunacaq.

Azərbaycan hökuməti “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılacağını 2013-cü ildə elan etmişdi. Elə o vaxtdan “Cənub Qaz Dəhlizi” Rusiya nefti və qazından asılı olan Avropanın enerji mənbələrini şaxələndirəcək layihə kimi təqdim olunurdu.

2020-ci ilin birinci rübündə Avropa İttifaqına (Aİ) tədarük edilmiş qazın 40%-i, xam neftin isə təxminən 30%-i məhz Rusiyanın payına düşüb. İndi, növbəti 25 ildə Avropa ölkələrinə “Cənub Qaz Dəhlizi”nin TAP kəməri vasitəsilə ildə 10 milyard kubmetrdən çox qaz nəql olunacaq.

Bolqarıstanın sabiq iqtisadiyyat, energetika və turizm naziri Assen Vasilev hesab edir ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması təkcə Cənub-Şərqi Avropa ölkələrinin deyil, həm də Aİ-nin qaz mənbələrinin şaxələndirilməsi baxımından mühüm addımdır: ““Qazprom” şirkətinin ənənəvi tədarükü ilə yanaşı, artıq Avropa Azərbaycandan da qaz alacaq. “Cənub Qaz Dəhlizi” layihəsi Aİ-nin qaz mənbələrinin şaxələndirilməsi baxımından böyük potensiala malikdir. Çünki o, Şərqi Aralıq dənizində hasilatı planlaşdırılan yataqlardan, o cümlədən Yunanıstan və Türkiyədəki mayeləşdirilmiş qaz terminallarından sürətli tədarük üçün imkanlar açır”.

Doğrudur, “Cənub Qaz Dəhlizi”nin seqmentləri ətrafında müəyyən narahatlıqlar var. Bu gün cərəyan edən geosiyasi proseslər göstərir ki, Rusiya vacib siyasi “iplər”i öz əlində saxlayır. Məsələn, Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşması məhz Rusiyanın vasitəçiliyi ilə imzalanıb. Demək, Moskva ehtiyac duyduğu anda bu “iplər”i çəkə bilər.

Lakin istənilən halda, Yunanıstan, Bolqarıstan və Serbiya kimi Cənub-Şərqi Avropa ölkələri “Cənub Qaz Dəhlizi” layihəsindən böyük fayda götürəcək. Layihə Avropaya TAP vasitəsilə birləşir. TAP da öz növbəsində, bütün regionu əhatə edən qazpaylayıcı şəbəkəyə qoşulub. Demək, bütün regiona qaz tədarükü təmin olunacaq. Üstəlik, qazpaylayıcı şəbəkələrin əksəriyyəti əks istiqamətə də tədarükə imkan verir…

Demək, bu geniş interkonnektor şəbəkəsi sayəsində Balkan ölkələri də Rusiyadan qaz asılılığını azalda bilər. Üstəlik, bu halda onlar “Qazprom”la qazın qiymətinə dair danışıqlarda təsir rıçaqları da əldə edəcəklər. Bu gün Bolqarıstana tədarük edilən qazın 80%-i Rusiyanın payına düşür. Moskva bu ölkəyə illik 2,3 milyard kubmetr qaz nəql edir. Amma indi Bolqarıstan Azərbaycanla qaz tədarükünə dair uzunmüddətli saziş imzalayıb. Nəticədə Azərbaycan Bolqarıstana ildə 1 milyard kubmetr qaz satacaq.

Bu da son deyil. “Cənub Qaz Dəhlizi”nin işə düşməsi ilə Avropanın regional interkonnektorları vasitəsilə qitənin cənub-şərq hissəsinin qaz mənbələrinin şaxələndirilməsi üçün də imkan yaranır. Söhbət mayeləşdirilmiş qazdan gedir.

(Məqalənin azərbaycanca tam mətni: WorldMedia.Az. Orijinal: Bad News For Russia, As Gas From Azerbaijan Now Flows To Western Europe)