Tofiq Yaqublunun vəziyyəti aclığın 15-ci günündə kritik həddə çatıb. Həkim Adil Qeybulla bildirib ki, həyati göstəriş olduğuna görə sentyabrın 16-da ona qan köçürmək məcburiyyətində qalıblar.

T.Yaqublu durumu hər keçən saat ağırlaşsa da, aclığı dayandırmayacağını, hətta sudan da imtina edəcəyini açıqlayıb. İctimaiyyət onun dərhal azadlığa buraxılmasını tələb edir. Beynəlxalq qurumlardan da analoji çağırışlar var. Lakin Azərbaycan hakimiyyəti hələ də susur. Doğrudur, bu məsələ məhkəmə müstəvisində həll olunmalıdır, amma Azərbaycan reallıqlarından hər kəs xəbərdardır. Heç kimə sirr deyil ki, siyasi motivli cinayət işlərində siyasi qərar həlledici olur.

“Turan” agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, hakimiyyət Tofiq Yaqublunu azad edəcək, amma “bəlkə sındı” düşüncəsi ilə mümkün qədər vaxt qazanmağa çalışır:

“Bizim hakimiyyət həmişə belə davranıb. Məqsədi ona qarşı çıxan insanı əzmək, sındırmaq olur. Bu mənada, indiki davranış mənim üçün yenilik, gözlənilməz deyil. Tofiq Yaqublunun vəziyyəti barədə operativ şəkildə məlumat alırlar, situasiyanı nəzarətdə saxlayırlar. Ona görə, məsələ bir qədər uzanır. Lap kritik həddə çatanda müdaxilə edəcəklər. Həbs-qətimkan tədbirinin dəyişməsi və s. yolla müdaxilə edəcəklər. Kritik həddə qədər güzəştə getmək istəmirlər. Gözləyirlər ki, bəlkə özü “sındı”, geri çəkildi”.

M.Əliyev qeyd etdi ki, hakimiyyətin T.Yaqublunu buraxmaq istəməməsinin səbəbi onu özünə təhlükə görməsi deyil. Hakimiyyət özü cəmiyyət qarşısında zəif görünməkdən çəkinir:

“Hakimiyyət ona əks mövqedə olanları “sındırmağa” çalışır, bu alınmayanda isə təcrid edir. Deyirlər ki, bizimlə razılaşmasan, gedib 4 il həbsdə qalmalısan. Bizim hakimiyyətin vətəndaşa münasibəti belədir. Hesab edir ki, birdən vətəndaşına güzəştə getsə, bununla zəif görünər, sabah başqaları da etiraza qalxar”.

Bir həftə öncə məlumat yayılmışdı ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun nümayəndələri T.Yaqublunun azadlığa buraxılması üçün hökumətlə danışıqlar aparır. Qrupun üzvlərindən Novella Cəfərova “Press Klub”a bildirdi ki, danışıqları bu gün də davam etdirirlər:

“İşçi Qrup olaraq, kimə əlimiz çatırsa, əlaqə saxlayırıq. Çalışırıq ki, apellyasiya məhkəməsini tezləşdirsinlər”.

N.Cəfərovanın sözlərinə görə, hökumətin T.Yaqublunun azadlığa buraxılması məsələsində inadkarlığının səbəbi onlar üçün də anlaşılmazdır. Çünki onun həyatına görə həm də hökumət cavabdehdir:

“Penitensiar Xidmət də daxil, bütün hökumət cavabdehdir. Onun ölümünə imkan vermək olmaz. Biz də başa düşə bilmirik ki, niyə belə edirlər? Onun buraxılmasını niyə uzadırlar? Tofiq Yaqublu indiyə qədər nə təhlükə yaradıb ki? Nəyin bahasına olursa olsun, buraxılmalıdır”.

Gülər