Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Braziliyaya 40%-lik tariflər tətbiq edib, Hindistanı 25 faiz gözləyir

ABŞ prezidenti Donald Tramp Braziliyadan idxala əlavə 40%-lik tariflər tətbiq edən fərman imzalayıb, ümumi rüsum məbləğini 50%-ə çatdırıb.

Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, tariflər Braziliya hökumətinin ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhdid yaratdığı iddia edilən, həmçinin "Amerika şirkətlərinə, ABŞ vətəndaşlarının söz azadlığı hüquqlarına zərər vuran" hərəkətləri səbəbindən görülən tədbirlər çərçivəsində tətbiq edilir.

O da bildirilib ki, Braziliya hakimiyyəti, o cümlədən Ali Məhkəmənin hakimi Aleşandre de Moraeş vasitəsilə "Amerika şirkətlərinə və vətəndaşlarına qarşı siyasi motivli təqiblər, senzura və təzyiq siyasəti aparır".

Bundan əlavə, fərman hakim de Moraeş, onun müttəfiqləri və ailə üzvləri üçün viza məhdudiyyətlərini nəzərdə tutur.

Ağ Evdən vurğulayıblar ki, bu tədbirlər söz azadlığını, biznesi və ABŞ-ın milli maraqlarını qorumağa yönəlib.

Tramp Hindistandan idxal olunan mallara da 25% gömrük rüsumu tətbiq olunacağını açıqlayıb. O, bu qərarını, digər səbəblərlə yanaşı, Hindistanın Rusiyadan hərbi texnika və enerji resursu alması ilə əsaslandırıb. Trampın sözlərinə görə, Hindistan 25 faiz rüsuma əlavə olaraq müəyyən bir "cərimə" də ödəməli olacaq. Bu barədə prezident "Truth Social" sosial şəbəkəsində yazıb.

"Hindistan bizim dostumuzdur", - deyən ABŞ dövlət başçısı eyni zamanda əlavə edib ki, bu ölkə "hər zaman hərbi texnikasının böyük bir qismini Rusiyadan alıb və Çinlə yanaşı, Rusiyanın enerji daşıyıcılarının ən böyük alıcısıdır. Halbuki hamı Rusiyanın Ukraynada qətlləri dayandırmasını istəyir".

"Bütün bunlar yaxşı deyil", – deyə qeyd edən prezident Tramp əlavə edib ki, avqustun 1-dən Hindistan "yuxarıda sadalanan səbəblərə görə 25% rüsum və əlavə cərimə ödəyəcək".

Daha əvvəl də Tramp bəyan etmişdi ki, Hindistana tətbiq olunacaq rüsumlar 20–25% səviyyəsində ola bilər. Bununla yanaşı, Hindistanla ABŞ arasında ticarət sazişi üzrə danışıqlar hələ yekunlaşmayıb.

Tramp həmçinin vurğulayıb ki, ABŞ ilə razılığa gələ bilməyən ölkələr üçün əvvəlcədən artırılmış gömrük rüsumlarının tətbiqi tarixi, yəni 1 avqust dəyişdirilməyəcək.

ABŞ indiyədək yalnız az sayda ölkə ilə, o cümlədən Böyük Britaniya ilə ticarət sazişi imzalayıb. Bundan əlavə, Aİ ilə ilkin razılaşma əldə olunub, Avropa İttifaqı üçün rüsumlar 15% təşkil edəcək.