Ümumi təhsil müəssisələrinin açılmasına sayılı günlər qalıb. Təhsil nazirinin müvafiq əmrinə əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq. Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

Lakin valideynləri və müəllimləri narahat edən bir çox suallar açıq qalır. “Təhsil TV”nin “Təməl” proqramında nazirliyin əməkdaşları bu suallara aydınlıq gətirməyə çalışıblar.

Təbii ki, pandemiyanın davam etdiyi hazırkı şəraitdə valideynləri narahat edən başlıca məsələ övladlarının sağlamlığıdır. Əsas suallar bununla bağlı olub ki, məktəblərdə uşaqların və müəllimlərin təhlükəsizliyi üçün hansı tədbirlər görüləcək? Sualı təhsil nazirinin müşaviri Elnur Nəsibov cavablandırıb. O bildirib ki, məktəblərə spirt, dezinfeksiyaedici məhlullar və tibbi maskaların paylanılmasına başlanıb: “Bu maskalar təhsil verənlərə, rəhbərliyə və texniki heyətə təqdim olunacaq”.

E.Nəsibov ibtidai sinif şagirdlərinin və onların valideynlərinin müəllimlərə gül buketləri təqdim etməsinin nə qədər məqsədəuyğun olduğuna da toxunub:

“Bununla bağlı sual verilir ki, valideynlər müəllimlərə gül buketləri təqdim edə bilərlərmi? Cavab birmənalı şəkildə “xeyr”dir. Biz əgər qaydalarda qeyd ediriksə ki, təmas vasitəsilə müəyyən bir xəstəliyin yoluxma  ehtimalı var, o zaman gül buketinin də təqdim olunması bu riski artırmış olacaq. Ona görə də, tövsiyə edilir ki, gül buketləri, hər hansı hədiyyələrin təqdim olunması qadağan edilsin”.

Təhsil Nazirliyinin baş məsləhətçisi Gülarə Xudiyeva isə bildirdi ki, sentyabrın 15-də məktəblərə çox az sayda şagirdin gəlməsi gözlənilir:

“On bir sinifdən cəmi dördü məktəbə gələcək və böyük məktəblərdə bunların iki qrupa bölündüyünü nəzərə alsaq, eyni vaxtda çox az şagirdin məktəbdə olacağını söyləyə bilərik. Qaydalara uyğun olaraq, sosial məsafənin gözlənilməsi, karantin rejiminin tələblərinə uyğun davranış və sair məsələlərə nəzarət üçün məsul şəxslər ayrılacaq. Tərbiyə işləri üzrə direktor müavinləri, “Məktəblinin dostu” layihəsinin iştirakçıları, məktəb psixoloqları, uşaq birliyi rəhbərləri və bizə bu sahədə kim kömək edə bilərsə, hamını bu prosesə səfərbər edirik. Ona görə də, düşünürəm ki, ilk mərhələdə çətinliyimiz olmayacaq. Oktyabr ayında bütün siniflər məktəbə cəlb olunanda, o zaman bizim vəzifələrimiz daha çox artacaq. Amma həmin vaxta qədər məktəblər bir qədər təcrübə toplamış olacaq ki, qarşıya çıxan problemlər necə həll olunmalıdır, daha çox nəyə diqqət edilməsi lazımdır, hansı qaydalara əməl etməkdə çətinlik yaranır… Bunlar yerindəcə operativ şəkildə tənzimlənəcək və yoluna qoyulacaq”.

Yoluxma hallarının dərsliklər vasitəsilə də baş verməsi mümkündür. Çünki həmin kitablar əvvəllər hansısa evlərdə olub. Elnur Nəsibov bu barədə sualı cavablandırarkən dərsliklərin xüsusi anbarlarda saxlanıldığını qeyd edib:

“Bəli, qaydalarda da qeyd olunduğu kimi, hər hansı bir əşya və kitabdan, digər təhsil alan şəxsin qələmindən də yoluxma ehtimalı var. Ona görə də, qaydalar digər şagirdin əşyasına toxunulmasını qadağan edir. Burada iki məqam var: biri ondan ibarətdir ki, təhsil müəssisəsinin rəhbərliyi tərəfindən görülən tədbirlər yüz faiz təminat vermir. Ona görə də, şəxsi gigiyena qaydalarına riayət olunması tədbirlərini də unutmamalıyıq və bu məsələlərdə valideynlərin yardımçı olmaları daha yaxşı olardı. Yəni, həmin əşyaları evlərində dezinfeksiya etsinlər və digər tədbirləri görsünlər”.

Uşaqların dərslərdə ənənəvi şəkildə iştirak etməsi könüllük prinsipi əsasında həyata keçirləcək. Məktəbə gəlmədən də teledərslər və onlayn dərslərdə iştirak etmək olar. Dərslərdə ənənəvi qaydada iştirak etməyən şagirdlərdə böyük summativ qiymətləndirmə (BSQ) və kiçik summativ qiymətləndirmənin (KSQ) necə həyata keçiriləcəyi barədə suala G.Xudiyeva belə cavab verdi:

“Düzdür, ənənəvi qaydada dərslərə qatılmaq könüllülük prinsipinə əsaslanır və bununla bağlı valideynlər məktəblə ikitərəfli intizam kağızını imzalayaraq, uşaqların teledərslərə, onlayn dərslərə fərdi şəkildə qatılacağı ilə bağlı bir söz vermis olur. Bununla da KSQ və BSQ-də iştirak edəcək şagirdlərə, əyani dərsə gələn və gəlməyənlərə hər hansı bir öhdəlik qoyulmur. Onların qiymətləndirilməsi də eyni şəkildə həyata keçiriləcək”.

Ülviyyə Şahin