Pul əriyir, qiymətlər artır: dəyişən iqtisadiyyatda uduzmamaq üçün nə etməli
Dünya pulumuzu idarə etmək vərdişlərimizdən daha sürətlə dəyişir
02 Noyabr 2026
Elə məsləhətlər var ki, sanki ailə reseptləri kimi nəsildən-nəslə ötürülür. Maaşının bir hissəsini kənara at. Mənzil al – onun qiyməti həmişə artır. Pulunu banka depozitə qoy – rahat yat.
Uzun müddət bu məsləhətlər həqiqətən də işə yarayırdı. Buna görə də çoxları onları dəyişməz və universal təbiət qanunları kimi qəbul edir. Amma iqtisadiyyat fizika deyil. Burada əsrlər boyu dəyişməz qalan qanunlar yoxdur. Dünən işə yarayan bir şey bu gün tamamilə fərqli nəticə verə bilər.
Bununla belə, ötən əsrin iqtisadiyyatından miras qalan maliyyə məsləhətlərindən inadla istifadə etməyə davam edirik.
Məhz buna görə iqtisadçılar uzun müddət dərsliklərin toz basmış səhifələrində qalan anlayışdan yenidən danışmağa başlayıblar: staqflyasiya.
“Mövcud olmamalı olan” xəstəlik
Normal şəraitdə iqtisadiyyat sağlam insanı xatırladır.
Müəssisələr açılır, yeni iş yerləri yaranır, maaşlar artır. Qiymətlər də yüksələ bilər, lakin bu, inkişafın təbii bədəli hesab olunur. İndi isə tamamilə fərqli mənzərəni təsəvvür edək.
Mağazaya girirsiniz – ərzaq məhsulları yenə bahalaşıb. Yanacaqdoldurma məntəqəsinə gedirsiniz – benzinin qiyməti artıb. Kommunal xidmətlərə görə ödəniş edirsiniz – orada da qiymətlər yüksəlib. Elə təəssürat yaranır ki, qiymətlər yarışa çıxıb. Maaş isə deyəsən, bu yarışda iştirak etmək istəmir.
Yeni iş tapmaq çətinləşir. Şirkətlər işə qəbul zamanı daha ehtiyatlı davranır, bəziləri isə istehsalı azaldır.
Beləliklə, qəribə vəziyyət yaranır: iqtisadiyyat eyni vaxtda həm sürətə basır, həm də əyləci sıxır. Məhz buna staqflyasiya deyilir.
Ən sadə izahla desək, həyat bahalaşır, amma daha çox pul qazanmaq imkanları artmır.
Bu gün bu termin kifayət qədər tanış səslənir. Halbuki cəmi yarım əsr əvvəl iqtisadçıların əksəriyyəti belə bir vəziyyəti mümkünsüz hesab edirdi.
Dərsliklərin yanılması
OPEC ölkələri 1970-ci illərdə neft tədarükünü azaltdılar. Enerji daşıyıcılarının qiymətləri kəskin yüksəldi, ardınca isə demək olar ki, hər şey bahalaşdı. 1980-ci illərin əvvəllərində ABŞ-da inflyasiya 13 faizi ötmüşdü, Federal Ehtiyat Sistemi isə faiz dərəcəsini təxminən 20 faizə qaldırmışdı. Lakin sərt tədbirlər iqtisadi tənəzzülün qarşısını ala bilmədi, işsizlik isə artmaqda davam etdi.
Milyonlarla ailə qəflətən sadə, amma xoşagəlməz həqiqətlə üzləşdi: əvvəlki qədər işləsələr də, artıq daha az şey ala bilirdilər.
Beləliklə, staqflyasiya nəzəri baxımdan mümkün olmayan istisnalıqdan çıxaraq, XX əsrin əsas iqtisadi problemlərindən birinə çevrildi.
Niyə yenidən staqflyasiya barəsində danışırlar?
Bugünkü vəziyyət 1970-ci illərin neft böhranından xeyli fərqlənir.
Lakin narahatlıq doğuran amillər az deyil. Bir çox ölkədə əhali qocalır. Dövlət borcları artır. Qloballaşma artıq əvvəlki kimi sürətlə irəliləmir. Ticarət müharibələri adi hala çevrilir, dövlətlər isə strateji əhəmiyyətli məhsulları öz ərazilərində istehsal etməyə çalışırlar.
Eyni zamanda, zəruri, lakin kifayət qədər baha başa gələn enerji keçidi prosesi gedir.
Bu problemlərin hər biri ayrılıqda fəlakətli görünmür. Lakin hamısı bir araya gələndə iqtisadiyyat sürətini itirməyə başlayır.
Buna görə də “staqflyasiya” sözü mümkün risklərdən biri kimi köhnə dərsliklərdən yenidən aktual analitik icmallara qayıdıb.
Dövlət nə etməlidir?
Kənardan hər şey sadə görünür: qiymətlər artırsa, inflyasiyanı dayandırın. Təəssüf ki, iqtisadiyyatda “düzəltmək” düyməsi yoxdur.
Təsəvvür edin ki, bir həkimin iki dərmanı var.
Birinci dərman hərarəti salır, amma allergiyaya səbəb olur. İkinci dərman allergiyanı aradan qaldırır, əvəzində hərarət yenidən yüksəlir.
Mərkəzi banklar da təxminən belə bir vəziyyətlə üzləşirlər.
Faiz dərəcələrini artırırsan – kreditlər bahalaşır, inflyasiya tədricən səngiyir. Lakin bununla yanaşı, iqtisadiyyat da ləngiyir: biznes investisiyaları azaldır, şirkətlər işə qəbul zamanı daha ehtiyatlı davranırlar.
Faiz dərəcələrini aşağı salırsan – kreditlər ucuzlaşır, istehsal canlanır. Amma bu dəfə inflyasiya yenidən sürətlənə bilər. Beləliklə, seçim xoşagələn deyil: yaxşı ilə pis arasında yox, “pis”lə “daha pis” arasında seçim etməli olursan.
Lakin nəticə etibarilə adi insanı faiz dərəcəsi maraqlandırmır. Onu başqa bir sual düşündürür: Pulu ilə nə olacaq?
Azərbaycanda bu məsələnin də konkret ölçüləri var. 2026-cı il sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin ümumi həcmi təxminən 18,2 milyard manata çatıb. Bu, bir il ərzində 15,8 faiz artım deməkdir. Eyni zamanda, yanvar-sentyabr aylarında istehlak qiymətləri 5,7 faiz yüksəlib. Lakin əmanətlərin ümumi həcminin artması heç də hər ailənin varlandığı anlamına gəlmir: pullar insanlar arasında qeyri-bərabər bölüşdürülüb, bank statistikası isə bütün yığım formalarını əhatə etmir.
Bəs bizim pulumuzun aqibəti necə olacaq?
Adətən nə məsləhət görürlər?
Pulu banka qoymaq. Mənzil almaq. Səhmlərə investisiya etmək. Hər şey lap pisə doğru getsə, qızıl almaq. Problem ondadır ki, mümkün staqflyasiya dövründə bu üsulların heç biri gözlənilən nəticəni verməyə bilər.
Depozit
Tamamilə şərti bir vəziyyəti təsəvvür edək: bank depoziti illik 8 faiz gəlir gətirir. Bank faizləri hesablayır. Hesabdakı məbləğ artır. Amma bu müddət ərzində qiymətlər 12 faiz yüksəlibsə, kağız üzərində pulunuz çoxalıb, mağazada isə vəziyyət əksinədir.
Bu, depozitin pis seçim olduğu demək deyil. O, maliyyə ehtiyatını qorumaq üçün əlverişli vasitə olaraq qalır. Sadəcə, pulu saxlamaqla onun alıcılıq qabiliyyətini artırmaq eyni şey deyil.
Mənzil
Belə bir köhnə ailə müdrikliyi var: “Mənzil heç vaxt məyus etməz”.
Bu ifadədən sonra adətən mübahisə bitir. Amma iqtisadiyyat nadir hallarda ailə əfsanələri ilə hesablaşır.
İnflyasiya dövründə daşınmaz əmlakın qiyməti həqiqətən də arta bilər. Lakin eyni zamanda faiz dərəcələri yüksəlir, ipoteka kreditləri bahalaşır, alıcıların sayı azala, əhalinin gəlirləri isə daha yavaş arta bilər.
Əlbəttə, mənzil dəyərli aktiv olaraq qalır. Amma staqflyasiya dövründə paradoks yaranır: mənzilin qiyməti arta bilər, lakin onu satmaq çətinləşər. İstədiyiniz qiyməti ödəməyə hazır alıcı tapmaq getdikcə çətinləşir, bahalı ipoteka isə tələbin daha bir hissəsini sıradan çıxarır.
Səhmlər
Adi şəraitdə hər şey az-çox aydındır: şirkətlər daha çox məhsul satır, daha çox qazanc əldə edir, səhmlərinin qiyməti isə yüksəlir. Lakin staqflyasiya zamanı vəziyyət o qədər də ürəkaçan olmur. Qiymətlər və xərclər artır, alıcılar qənaət etməyə başlayır, şirkətlərin mənfəəti isə azalır. Səhmlərin qiyməti artsa belə, inflyasiya investorun qazancının bir hissəsini hiss etdirmədən əridir.
Azərbaycanda vəziyyətin özünəməxsus bir cəhəti də var: fond bazarımız kiçikdir, buna görə də səhmlərin seçimi geniş deyil. Üstəlik, onları qısa müddətdə yaxşı qiymətə satmaq da həmişə mümkün olmur. Deməli, təkcə qiyməti artan səhmləri almaq kifayət deyil. Onların mağazalardakı qiymətlərdən daha sürətlə bahalaşması da vacibdir. Əks halda, bir müddət sonra kağız üzərində qazanc əldə etdiyinizi, amma mağazada əvvəlkindən daha varlı olmadığınızı görə bilərsiniz.
Qızıl
Məhz bu məqamda çoxları belə bir nəticəyə gəlir: “Deməli, təcili qızıl almaq lazımdır”. Tələsməyin. 1970-ci illərdəki staqflyasiya dövründə qızıl həqiqətən də uğurlu aktivlərdən biri oldu. İnsanlar pulun dayanıqlılığına şübhə etməyə başlayanda min illərdir etibar etdikləri bu metalı xatırlayırlar.
Lakin qızıl məhsul istehsal etmir, dividend ödəmir və faiz gəliri gətirmir. Onun başqa bir funksiyası var: pula inam azaldıqda alıcılıq qabiliyyətini qorumaq.
Yəni qızıl sərvəti artıran mühərrikdən daha çox, sığorta vasitəsidir.
Ən dəyərli aktiv
Və burada, bəlkə də, ən maraqlı nəticə ortaya çıxır. Staqflyasiya dövründə əsas məsələ ideal aktiv tapmaq deyil, böyük səhvə yol verməməkdir. Üstəlik, çox vaxt dəyəri lazımınca qiymətləndirilməyən bir aktiv var. Bu, insanın özüdür.
Onun bilikləri, təcrübəsi, peşəsi, işgüzar əlaqələri və öyrənmək bacarığı.
Amma bir problem var. Bu gün bir dəfə peşə sahibi olmaq və bununla da məsələni bağlanmış hesab etmək kifayət deyil. Süni intellekt dövründə bilik və bacarıqlar daha sürətlə köhnəlir. Buna görə də insan yalnız öyrənməli deyil, vaxtaşırı yeni bilik və bacarıqlara da yiyələnməlidir. Bu, o qədər də ürəkaçan səslənmir. Amma faydalıdır. Yaxşı mütəxəssis iqtisadiyyatın çətin dövrlərində belə gəlirini artıra bilər. Buna görə də bəzən ən yaxşı investisiya seyfdə saxlanılan deyil, insanın özünün daha çox qazanmasına kömək edən investisiyadır.
Gələcək nadir hallarda əvvəlcədən xəbərdarlıq edir
İqtisadçılar da səhv edirlər. Siyasətçilər də. İnvestorlar da.
Ümumiyyətlə, gələcək nadir hallarda əvvəlcədən yazılmış ssenari üzrə inkişaf edir. Lakin tarix xoşagəlməz bir qanunauyğunluğu göstərir: insanlar təkcə böhranlar üzündən deyil, artıq işləməyən qaydalarla yaşamağa həddindən artıq uzun müddət davam etdikləri üçün də pul itirirlər. İqtisadiyyat əvvəlcədən “Diqqət! Qaydalar dəyişib” deyə xəbərdarlıq etmir. O, sadəcə, yeni qaydalarla işləməyə başlayır. Keçmişin artıq geridə qaldığını daha tez anlayanlar isə adətən, udan tərəf olurlar.
Buna görə də sabah nəyin bahalaşacağını təxmin etmək vacib deyil. Daha önəmlisi belə bir vəziyyətə əvvəlcədən hazırlaşmaqdır.
Sadə addımlardan başlayın. Ən azı bir neçə aylıq zəruri xərclərinizi qarşılamağa kifayət edəcək maliyyə ehtiyatı yaratmağa çalışın. Bu pulu etibarlı və asanlıqla əldə edə biləcəyiniz yerdə saxlayın, hamısını mənzilə, qızıla və ya itkiyə məruz qalmadan tez satılması çətin olan digər aktivlərə yatırmayın. Əgər yüksək faizli kreditləriniz varsa, onları ödəmək barədə düşünün: faizlərə qənaət etmək riskli investisiyalardan gəlir əldə etməkdən daha etibarlıdır.
Yalnız bundan sonra uzunmüddətli yığımlarınızı necə dəyərləndirəcəyinizə qərar verin. Bütün pulunuzu bir aktivə yatırmayın və öz bilik və bacarıqlarınıza investisiya etməyi də unutmayın.
Yeni iqtisadiyyatın əsas qaydası budur: gələcəyi təxmin etməyə ehtiyac yoxdur. Elə etmək lazımdır ki, gözlənilməz bir hadisə sizi maliyyə dayanıqlığından məhrum etməsin.