Logo
news content

“Matrisa”: Bəlkə bəşəriyyət eksperimentdir?
Süni intellekt dövründə kim insan olaraq qalacaq...

Son vaxtlar internetdə kifayət qədər qeyri-adi fikir irəli sürən məqalələrə rast gəlinir: bəlkə də dünyamız heç də bizim öyrəşdiyimiz kimi deyil?

İddialara görə, bəşəriyyət ümumiyyətlə təbii yolla yaranmamış ola bilər. Mümkündür ki, insan naməlum zəkanın apardığı hansısa eksperimentin nəticəsidir. Bu eksperimenti kimin, harada və nə məqsədlə başladığı məlum deyil. Bəlkə də eksperiment bu gün də davam edir, biz isə onun iştirakçıları olduğumuzdan ümumiyyətlə şübhələnmirik.

Fantastika kimi səslənir? Şübhəsiz.

Amma internet bizə çoxdan sadə bir şeyi öyrədib: əgər hansısa hekayə “alimlər həqiqəti bizdən gizlədirlər” sözləri ilə başlayırsa, demək, bundan sonra hər şey baş verə bilər.

Məsələn, belə bir versiya var ki, vaxtilə insan genləri hansısa yolla primatların orqanizminə yerləşdirilib və bundan sonra insanlaşma prosesi sürətlənib. Bəzən iddia olunur ki, bunu yoxlamaq üçün oxşar tədqiqatlar hələ 1970–1980-ci illərdə aparılıb, sonradan isə nəticələr məxfiləşdirilib.

Bəşəriyyətin yerdənkənar zəka tərəfindən yaradıldığını təsdiqləyən etibarlı elmi sübutlar yoxdur. Ümumiyyətlə, kiminsə haqqımızda bizdən daha çox şey bildiyini düşünmək nədənsə çox xoşumuza gəlir.

“Matrisa”ya xoş gəlmisiniz

Bu anlayışla tanış olmayanlar üçün qeyd edək ki, “Matrisa” populyar filmdir, insanlar bu filmdə süni şəkildə yaradılmış reallıqda yaşayırlar və bundan xəbərsizdirlər. Onlar ətraflarındakı dünyanı gerçək hesab edirlər, halbuki əslində şüurları nəhəng sistemə qoşulub.

Filmdə məşhur səhnə var: insana iki həbdən birini seçmək təklif olunur. Həblərdən biri ona alışdığı illüziyanın içində yaşamağa davam etməyə imkan verir. Digəri isə xoşagəlməz həqiqəti üzə çıxarır. Bu gün vəziyyət bir qədər dəyişib. Artıq bizə iki həb təklif etməyə ehtiyac yoxdur. Sadəcə iki fərqli xəbər lentini göstərmək kifayətdir.

Bir insan telefonunu açıb həmişə düşündüklərini təsdiqləyən məlumatlarla qarşılaşacaq. Digəri isə tam əksini görəcək.

Və hər ikisi həqiqəti məhz özünün bildiyinə tam əmin olacaq.

Bizim öz “Matrisa”miz də məhz burada başlayır.

Əgər nə vaxtsa bəşəriyyətə milyardlarla insanın düşüncəsinə və davranışına təsir göstərə biləcək sistem lazım olsaydı, bu gün bunun üçün nəhəng maşın qurmağa ehtiyac qalmazdı. Smartfon kifayət edərdi.

Hər kəsin öz “Matrisa”sı var

Yaxınlarda baş vermiş konkret bir nümunəyə nəzər salaq.

Azərbaycanda təhsil müəssisələrində rəsmi məktəbli formasına riayət olunması və onun əvəzinə başqa geyim elementlərinin istifadə edilməməsi ilə bağlı qərar qəbul edilib.

İnsanların əksəriyyəti üçün bunun mənası kifayət qədər aydın idi: dünyəvi dövlət var, məktəblilər üçün vahid qaydalar var – deməli, vahid məktəbli forması da olmalıdır.

Amma cəmiyyətin kiçik bir hissəsi bu qərarda tamam başqa məna gördü.

Bəziləri üçün söhbət məktəb intizamından və hamı üçün eyni qaydalardan gedirdi.

Digərləri isə bunu dini azadlığın məhdudlaşdırılması və hicab məsələsi ilə əlaqələndirirdi.

Sonra isə bu gün getdikcə daha tez-tez rast gəldiyimiz bir hadisə baş verdi: eyni fakt eyni anda bir neçə fərqli versiyada mövcud olmağa başladı. Narazılıq xüsusilə sosial şəbəkələrdə fəal şəkildə yayılırdı və bu proses İrandan gələn nəzərəçarpacaq informasiya dəstəyi ilə də müşayiət olunurdu.

Burada müəyyən ironiya yaranır: İranın özündə gənclər və qadınlar illərdir məcburi hicaba qarşı etiraz edir, azadlıqlarını, bəzən isə həyatlarını belə riskə atırlar. Amma qonşu Azərbaycanda məktəbli forması ilə bağlı mübahisə yarananda eyni məsələni ilk növbədə dini hüquqlar uğrunda mübarizə kimi təqdim etməyə çalışırlar.

Necə olur ki, insanlar eyni hadisəyə baxıb tamamilə fərqli reallıqlar görürlər? Üstəlik, hər biri məhz öz gördüyü reallığın həqiqi olduğuna əmindir. Bu isə artıq “Matrisa”nı çox xatırladır. Amma ona görə yox ki, kimsə bizi kompüterə qoşub.

Ona görə ki, müasir insan getdikcə daha çox, böyük ölçüdə özünün seçdiyi informasiya mühitində yaşayır.

Laboratoriyasız eksperiment

Bir anlıq təsəvvür edək ki, heç bir yerdənkənar eksperiment olmayıb.

İnsan həqiqətən də təbii təkamül nəticəsində yaranıb. Heç bir gizli laboratoriya, naməlum varlıqların genetik müdaxiləsi və uzaq qalaktikadan gəlmiş alimlər olmayıb.

Amma sonra başqa bir şey baş verib. Bəşəriyyət interneti yaradıb. Ardınca sosial şəbəkələr, smartfonlar və süni intellekt meydana çıxıb. Demək olar ki, insan ilk dəfə istənilən suala saniyələr ərzində cavab əldə etmək imkanı qazanıb.

İlk baxışdan bundan sonra tarixin ən ağıllı nəslinə çevrilməli idik. Amma nəticə daha maraqlı oldu.

Biz nəhəng bilik mənbəyinə çıxış əldə etdik və eyni zamanda nəhəng miqdarda cəfəngiyyat yaymağı öyrəndik.

Məlumatı yoxlamağı öyrəndik, amma yalanı əvvəlkindən daha sürətlə yaratmağa başladıq. Milyonlarla insanla danışmaq imkanı qazandıq, amma heç vaxt üzünü görmədiyimiz insanlarla daha çox mübahisə etməyə başladıq.

İndi isə süni intellektimiz var – əvvəllər insanın saatlarla gördüyü işi saniyələr ərzində yerinə yetirən maşın.

Və burada həqiqətən maraqlı bir sual yaranır: əgər insanın artıq özünün düşünməsinə ehtiyac qalmasa, onda nə baş verəcək?

Gələcəyin iki ssenarisi

İnternetdə artıq narahatedici proqnozlara rast gəlmək mümkündür: bəşəriyyət tədricən iki qrupa bölünə bilər. İnsanların böyük hissəsi texnologiyalardan, hazır cavablardan və başqalarının qərarlarından getdikcə daha çox asılı olacaq. Daha kiçik bir qrup isə texnologiyadan öz intellektini gücləndirmək üçün istifadə etməyi öyrənəcək. Birincilər süni intellektdən işi görməmək, ikincilər isə həmin işi daha sürətli və daha yaxşı görmək üçün istifadə edəcəklər.

Nəticədə bu iki qrup arasındakı fərq həqiqətən də böyüyə bilər.

Bunun üçün isə heç bir gizli laboratoriyaya ehtiyac yoxdur.

Kimsə süni intellektdən mürəkkəb mövzunu anlamaq üçün istifadə edir, kimsə isə hətta qısa bir mətni oxumamaq üçün.

Bəziləri soruşur: “Bu niyə baş verir?” Digərlərinə isə sadəcə bunu eşitmək kifayətdir: “De görüm, günahkar kimdir?”

Bəziləri aldığı cavabı yoxlayır, digərləri isə heç düşünmədən onu on tanışına göndərir. Halbuki hamısının əlində eyni smartfon, eyni internet və eyni texnologiyadan istifadə imkanı var.

Ən qəribə mutasiya

Bəlkə də ən mühüm dəyişiklik genlərimizdə deyil, vərdişlərimizdə baş verir.

Minilliklər boyu insan dünyada istiqamət tapmağı, məlumatı yadda saxlamağı və müstəqil qərarlar verməyi öyrənib. İndi isə çox şeyi maşına həvalə etmək mümkündür: yolu tapmaq, mətni tərcümə etmək, resept seçmək. Amma ən maraqlı məqam praktiki məsləhət deyil, ətrafımızda baş verənlər barədə hazır cavab axtarmağa başladığımız zaman yaranır. Bunda öz-özlüyündə pis heç nə yoxdur. Problem insan iki şeyi bir-birindən ayırmağı dayandıranda başlayır: kömək və öz düşüncəsini başqasının düşüncəsi ilə əvəz etmək.

Naviqator bizi daha effektiv edir. Amma onsuz harada olduğumuzu anlaya bilmiriksə, bu, artıq başqa məsələdir. Süni intellekt bizə düşünməkdə kömək edə bilər. Amma bir gün bizim əvəzimizə düşünməyə başlaya bilər və biz bunun nə vaxt baş verdiyini heç hiss etmərik.

Bəs onda kim insan olaraq qalacaq?

Bəlkə də bəşəriyyətin gələcəyini kimin daha güclü, daha varlı, hətta daha ağıllı olması deyil, kimin şübhə etmək qabiliyyətini qoruyub saxlaya bilməsi müəyyən edəcək. Söhbət hər şeyə şübhə ilə yanaşmaqdan getmir.

Söhbət lazım olan anda dayanıb “Bir dəqiqə. Bunu haradan bilirik?” deyə bilməyi bacarmaqdan gedir.

Sadə ifadədir. Amma məhz bu gün getdikcə daha qiymətli olur.

Çünki hazır cavab hələ nəyisə anlamaq demək deyil.

Dünyadakı bütün məlumatlara çıxışın ola bilər, amma həqiqəti sənə rahat gələn uydurmadan ayırmağı bacarmaya bilərsən. Süni intellektdən istifadə edə bilərsən, amma hara getmək istədiyini özün də anlamaya bilərsən. Demək olar ki, hər şeyi maşına həvalə etmək mümkündür. Bir şeydən başqa: bütün bunların nə üçün lazım olduğuna qərar verməkdən.

Bəlkə həqiqətən də eksperimentdir?

İndi isə başlanğıca qayıdaq.

Tutaq ki, həqiqətən naməlum müşahidəçi var və bəşəriyyət nə vaxtsa eksperimental model kimi yaradılıb.

Bəlkə də eksperimenti aparanların artıq müdaxilə etməsinə ehtiyac yoxdur. Onlara yaratdıqları varlığın interneti necə ixtira etdiyini, demək olar ki, qeyri-məhdud biliyə çıxış əldə etdiyini və əvvəllər öyrənilməsinə illər sərf olunan suallara saniyələr ərzində cavab verən süni intellekt yaratdığını müşahidə etmək kifayətdir.

Sonra isə onlar bundan da maraqlı bir mənzərənin şahidi olacaqlar: bu varlıq inanılmaz intellektual imkanlarından internetdə mübahisə etmək, qısa videolara baxmaq və tanımadığı insanlara yalnız özünün həqiqəti bildiyini sübut etmək üçün istifadə edir.

Bəlkə də eksperimenti aparanlar özləri də çaş-baş qalardılar. Onlar ağıllı bir varlıq yaratmaq istəyirdilər, amma insan əldə etdilər. Görünür, texniki tapşırıqda nəsə düz getməyib. Amma bundan da xoşagəlməz bir ehtimal var.

Bəs heç bir eksperiment yoxdursa? Heç kim bizi idarə etmir, bəşəriyyəti ağıllılara və axmaqlara bölmür, kimin müstəqil düşünəcəyinə, kimin isə hazır fikirlərlə kifayətlənəcəyinə qərar vermir.

Bəlkə də belə bir sistemi tədricən özümüz yaradırıq. Bəziləri texnologiyadan alət kimi istifadə edir, digərləri isə hətta öz mühakiməsinə ehtiyac olan məsələlərdə belə getdikcə daha çox ona güvənir. Kimsə telefonunu yeni nəsə öyrənmək üçün açır, başqası isə onsuz da hər şeyi bildiyinə bir daha əmin olmaq üçün.

Beləliklə, “Matrisa” fantastik maşın olmaqdan çıxaraq gündəlik həyatımızın metaforasına çevrilir.

Matrisa – insanın əvəzinə getdikcə daha çox başqalarının düşündüyü dünyadır.

Ən narahatedici məqam isə budur: oradan çıxmaq üçün nə qırmızı həbə, nə də başqa planetə biletə ehtiyac var. Bəzən ekranı söndürüb özünə bir sual vermək kifayətdir: “Mən indi həqiqətən özüm düşünürəm?”