Hələlik yalnız sentyabr fotosu: Ermənistan yeni həyat axtarır
İrəvan öz siyasətini nə dərəcədə müstəqil müəyyən edə bilər?
05 Oktyabr 2026
2026-cı ilin sentyabrı başa çatıb, amma Ermənistanda ölkənin gələcəyi ilə bağlı mübahisələr getdikcə daha da kəskinləşir. Artıq söhbət yalnız müharibə və sülhdən getmir.
Erməni cəmiyyətində müzakirələr getdikcə ancaq bir sual ətrafında aparılır: münaqişədən sonra Ermənistan necə olmalıdır və bundan sonra nələr onun milli maraqları sayım bilər?
Nikol Paşinyan hakimiyyəti sülhdən, sərhədin delimitasiyasından, kommunikasiyaların açılmasından, qonşularla ticarətin inkişafından və yeni iqtisadi imkanlardan danışır. Müxtəlif müxalif qüvvələrin arqumentləri fərqli olsa da, onların bir çoxunu birləşdirən məqam sülh prosesinin birtərəfli güzəştlərə çevrilə biləcəyi ilə bağlı narahatlıqdan ibarətdir.
Açılan yollar bəziləri üçün pul qazanmaq imkanıdır. Delimitasiya nəhayət sərhədin müəyyənləşdirilməsi vasitəsidir. Digərləri üçün isə bu, potensial asılılıq və mövqelərin zəifləməsi deməkdir. Beləliklə, mübahisə artıq sülhün özündən daha çox, onun qiymətindən gedir.
“Biz həddindən artıq çox şey veririk”
Erməni müxalifətinin bəyanatlarında bu fikir getdikcə daha aydın səslənir.
Paşinyanın biz azərbaycanlılar kimi Kərki adlandırdığı “Tiqranəşen” ətrafında gedən mübahisə buna nümunədir. Onun opponentləri üçün isə bu, xəritədəki ad məsələsindən daha çox milli maraqlar məsələsidir.
Enerji sahəsində də problem ortaya çıxır. Azərbaycan üzərindən keçən yeni marşrutlar bir asılılığı azalda, lakin digərini yarada bilər. Amma asılılıqlardan tamamilə xilas olmaq mümkün deyil – istənilən ölkə təchizatçılardan, marşrutlardan və qonşulardan asılıdır. Buna görə də əsas məsələ hamıdan necə asılı olmamaqda deyil, bir mənbədən həddindən artıq asılı vəziyyətə düşməməkdədir.
Daha çox əlaqə – daha az həssaslıq
Paşinyanın məntiqinə görə, əgər ölkə onilliklər ərzində bağlı sərhədlər və həllini tapmamış münaqişələrlə yaşayıbsa, yolların açılması, ticarətin inkişafı və qonşularla münasibətlərin normallaşdırılması hər şeydən əvvəl yaranan imkandır. Sərhəd, yeni müharibənin başlanmasını gözləyən xətt deyil, həqiqi sərhəd olmalıdır.
Lakin Paşinyanın yanaşması iqtisadiyyat çərçivəsindən kənara çıxır. Burada başqa fikir getdikcə daha aydın görünür: əvvəlcə beynəlxalq səviyyədə tanınmış sərhədləri olan dövlət, daha sonra isə “milli məkan”la bağlı daha geniş tarixi təsəvvürlər.
Paşinyan sentyabr ayında bir neçə dəfə Ermənistanın təhlükəsizliyi və müstəqilliyini məhz beynəlxalq səviyyədə tanınmış prinsiplər və xarici əlaqələrin şaxələndirilməsi ilə əlaqələndirib.
Ən kəskin fikir ayrılıqları da məhz burada başlayır. Paşinyan hesab edir ki, milli maraqlar ilk növbədə Ermənistan Respublikasının maraqları əsasında müəyyən edilməlidir. Onun tənqidçiləri isə ehtiyat edirlər ki, bu məntiq onilliklər ərzində öz-özünə aydın həqiqət kimi qəbul edilən bəzi tarixi təsəvvürlərdən imtina deməkdir.
Şərti olaraq bu mübahisəni dörd əsas məqamda ümumiləşdirmək olar.
Paşinyan: hər şeydən əvvəl – dövlət və onun maraqları.
Müxalifət: qarşılıqlı addımlar olmadan güzəştlərə getmək olmaz.
Kilsə: “Artsax”, milli kimlik və tarixi yaddaş məsələlərini ictimai həyatdan kənarda qoymaq olmaz.
Diaspor: ermənilərin milli maraqları Ermənistan Respublikasının maraqları ilə məhdudlaşmır.
Azərbaycanın nöqteyi-nəzərindən Paşinyanın məntiqi başadüşüləndir. Lakin Bakıda regional inteqrasiya kimi görünən proses İrəvanda siyasi elitanın bir hissəsi tərəfindən müstəqilliyin mümkün itirilməsi kimi qəbul edilir. Burada isə paradoks yaranır: eyni yol müxtəlif insanlar üçün tamamilə fərqli məna daşıyır. Biznes üçün – yeni bazara aparan marşrut. Siyasətçi üçün – suverenlik məsələsi. Tarixçi üçün – yaddaş məsələsi.
Beləliklə, eyni proses eyni zamanda həm iqtisadi layihəyə, həm siyasi mübahisəyə, həm də tarixi diskussiyanın bir hissəsinə çevrilir.
Mübahisəyə Kilsə və diaspora da qoşulub
Ermənistanda mübahisə hakimiyyət və müxalifətlə məhdudlaşmır. Bu qarşıdurmada Ermənistan Apostol Kilsəsinin də rolu açıq şəkildə görünür.
Kilsə yalnız dini məsələlərdən deyil, həm də onun fikrincə, Ermənistanın hansı istiqamətdə inkişaf etməli olduğundan danışır. Tarixən kilsə erməni cəmiyyətinin həyatında təkcə dini deyil, həm də mühüm ictimai rol oynayıb. Məhz buna görə hakimiyyətlə kilsə arasında hazırkı qarşıdurma dini həyatın hüdudlarını çoxdan aşıb.
Lakin diaspor ətrafında gedən müzakirələr daha da maraqlıdır.
Paşinyan sentyabrın 11-də bildirib ki, Ermənistanla diaspor arasındakı münasibətlər Ermənistanın inkişafı ətrafında tərəfdaşlıq prinsipi əsasında qurulmalıdır. O, həmçinin vurğulayıb ki, nə Ermənistan, nə də diaspora bir-birinə münasibətdə “mentor” rolunda çıxış etməməlidir. İlk baxışdan kifayət qədər işgüzar görünən bu formulun arxasında daha dərin sual dayanır: ermənilərin milli maraqlarının nədən ibarət olduğunu kim müəyyənləşdirir?
Diaspora Ermənistanı sadəcə ayrıca dövlət kimi deyil, daha geniş milli dünyanın mərkəzi kimi qəbul etməyə öyrəşib. Buna görə də İrəvanla ilk növbədə dövlət kimi danışmaq təklifi mövcud oyun qaydalarını dəyişir. Belə olduqda məsələ Ermənistan-Azərbaycan münaqişəsindən daha geniş müstəviyə keçir: əgər dövlət öz maraqlarını müstəqil şəkildə müəyyən edirsə, onda diasporanın məsuliyyət harada başa çatır və İrəvanın qərar qəbul etmək hüququ harada başlayır? Və burada, yəqin ki, bütün bu hekayənin ən maraqlı məqamı ortaya çıxır. Ermənistan artıq yalnız qonşuları ilə necə yaşamalı olduğu barədə mübahisə etmir. O, həm də milli maraqlarını kimin müəyyən etmək hüququna malik olduğu barədə mübahisə edir – hazırkı sərhədləri daxilindəki dövlət, yoxsa əhəmiyyətli hissəsi ölkə hüdudlarından kənarda yaşayan daha geniş erməni icması?
Hökumətin formulu kifayət qədər aydındır: Ermənistan hər şeydən əvvəl dövlətdir, “bütün erməniliyin qərargahı” deyil. Bu, məntiqli səslənir. Lakin onilliklər ərzində Ermənistana onun dövlət sərhədlərindən daha geniş çərçivədə baxmağa öyrəşmiş insanlar üçün bu məntiq tamam başqa cür səslənir.
Və bu məqamda “Artsax” yenidən mübahisəyə qayıdır.
Sentyabr köhnə “Artsax”ı xatırlatdı
Sentyabrın 19-da İrəvanda Qarabağ uğrunda gedən müharibələrdə həlak olanların yaxınları Yerablur hərbi panteonuna yürüş ediblər. Tədbir zamanı Dağlıq Qarabağ ermənilərinin taleyi, onların geri qayıtması və beynəlxalq təminatlarla bağlı tələblər səsləndirilib.
Beləliklə, özünəməxsus dövrə yaranır: ölkə yeni siyasi reallıq qurmağa çalışır, keçmiş isə vaxtaşırı özünü xatırladır və köhnə qovluğu yenidən açmağı tələb edir.
Buna görə də Ermənistanda bu gün mübahisə yalnız bundan sonra nə etmək barədə deyil, həm də ölkənin keçmişdən nələri geridə qoymağa hazır olduğu və nələri milli maraqlarının bir hissəsi hesab etdiyi barədə gedir.
“Kim bizim müttəfiqimizdir?” sualından “Enerjini haradan alaq?” sualına
Hələ yaxın vaxtlara qədər Ermənistanda əsas sual çox vaxt belə səslənirdi: “Kim bizim müttəfiqimizdir?” İndi isə getdikcə daha çox başqa sual ortaya çıxır: “Qazı, elektrik enerjisini, investisiyaları və bazarları haradan əldə etmək olar və bu hansı asılılıq yaradacaq?”
Onilliklər ərzində münaqişə məntiqi ilə yaşamış ölkə üçün bu keçid asan deyil. İqtisadiyyat enerji xərclərini, ticarətin həcmini, investisiyaları və logistikanı hesablamağı tələb edir. Tarixi yaddaş isə tamamilə başqa şeyləri hesablayır. Bu iki hesab heç də həmişə üst-üstə düşmür.
Sentyabrın sonunda iqtisadi məsələyə birbaşa siyasi məqam da əlavə olundu. Sentyabrın 24-də Ermənistanın “Hraparak” qəzeti Rusiyadakı mənbələrə istinadən noyabrın 1-dən Ermənistana Rusiya qazının tədarükünün dayandırıla biləcəyini yazdı və bu ssenarini İrəvana qarşı bir sıra siyasi tələblərlə əlaqələndirdi. Söhbət, xüsusilə, Gümrüdəki Rusiya hərbi bazasından, Ermənistandakı Rusiya şirkətlərindən, Aİİ ilə Aİ arasında seçimdən və Rusiyayönümlü siyasətçilərə münasibətdən gedirdi.
Bu məlumat nə Moskva, nə də İrəvan tərəfindən rəsmi şəkildə təsdiqlənib. Lakin burada artıq hadisənin özündən çox, onun xarakteri önəmlidir. Qaz növbəti dəfə sadəcə əmtəə deyil, Ermənistanın müstəqilliyinin ölçüsü ilə bağlı daha geniş müzakirənin bir hissəsinə çevrilir.
Buna görə də “qazı haradan almaq olar?” sualı tədricən daha böyük bir suala çevrilir: əgər onun enerji sisteminin əhəmiyyətli hissəsi bir xarici təchizatçı ilə bağlıdırsa, Ermənistan öz siyasətini nə dərəcədə müstəqil şəkildə müəyyən edə bilər?
Məhz bu baxımdan Rusiya qazı ilə bağlı məsələ Ermənistanda hazırda gedən mübahisə üçün əhəmiyyətlidir – səsləndirilən ssenarinin noyabrın 1-də reallaşıb-reallaşmayacağından asılı olmayaraq.
Bu fonda Paşinyanın sentyabrın 18-də Visbadendə, ona Hessen Sülh Mükafatının təqdim olunduğu mərasimdə çıxışı diqqət çəkir. O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək, onun da bu mükafata “eyni dərəcədə layiq olduğunu” bildirib və Ermənistan və Azərbaycan xalqlarının keçmişi dəyişdirməyin mümkün olmadığını, lakin bu günü və gələcəyi dəyişməyin mümkün olduğunu anlayaraq sülhü qəbul edib dəstəklədiklərini deyib.
Bu, Ermənistanın daxili müzakirələri baxımından mühüm formuladır.
Bəlkə də bu gün Ermənistanda əsas mübahisə artıq yalnız Qərb, Rusiya, Azərbaycan və digər qonşularla münasibətlərin necə qurulacağı ilə bağlı deyil. Mübahisə getdikcə daha çox başqa bir məsələyə yönəlir: müharibə onun gələcəyini müəyyən edən əsas amil olmaqdan çıxdıqdan sonra Ermənistanın özü ilə nə etmək lazımdır?
Bu, hələlik, yalnız sentyabr fotosudur
Baş verənləri Ermənistan cəmiyyəti üçün yekun diaqnoza çevirməmək vacibdir. Siyasi əhval-ruhiyyə dəyişir, bu gün siyasətçilərin səsləndirdiyi fikirlər sabah fərqli səslənə bilər.
Buna görə də hazırkı mənzərəni sentyabrın ikinci yarısında Ermənistandakı siyasi müzakirələrin fotosu kimi qəbul etmək daha düzgündür.
Bu fotoda ən azı iki fərqli Ermənistan görünür. Biri münaqişə səhifəsini bağlamaq və iqtisadiyyatla məşğul olmaq istəyir. Digəri isə onilliklər ərzində özününkü hesab etdiyi çox şeyin bağlanacağından ehtiyat edir.
Lakin indi daha bir gərginlik xətti də görünür: ölkə eyni zamanda köhnə asılılıqları azaltmağa və təhlükəsizlik, enerji, ticarət və inkişaf üçün yeni mənbələr tapmağa çalışır.
Bu mübahisənin arxasında daha dərin sual dayanır: müharibə və tarixi yaddaşın formalaşdırdığı milli şüurdan, ilk növbədə yaşamalı, inkişaf etməli və vətəndaşlarının gələcəyini təmin etməli olan dövlət anlayışına necə keçmək olar?
Azərbaycan üçün də bu məsələ vacibdir. Davamlı sülh hər iki cəmiyyətin tədricən yeni reallığa alışmasını tələb edir – daima növbəti müharibəni gözləmədən qonşuluqda yaşamaq reallığına.
Hələlik isə qarşımızda yalnız sentyabrın fotosu var.
Yekun portret deyil, sadəcə bir kadr…