Logo
news content

“Barıt çəlləyi” qığılcıma doğru yellənir...
Tehran rejimi xof və qorxu içində yaşatdığı insanları indi də maddi çətinliklərlə üz-üzə qoyub

İran hakimiyyəti özünü ABŞ ilə qarşıdurmaya hazırlaşan kimi göstərdiyi bir zamanda ölkədə yanacağın qıtlığı və qiymətinin artması ilə bağlı narahatlıq yaşanır. 

Bildirilib ki, İslam Respublikasında yanacaq qıtlığı, məhdudiyyətlərin sərtləşdirilməsi və benzinin qiymətinin artacağına dair xəbərlər cəmiyyət etirazlara səbəb olub. 

Rejimi daha çox narahat edən gözlənilməz etiraz aksiyalarıdır. 2019-ciu il noyabrın 15-də neft məhsullarının, xüsusi ilə benzinin bahalaşması geniş miqyaslı etiraz aksiyalarına səbəb olmuşdu. İranın çağdaş tarixində “Qanlı noyabr” adlanan həmin faciəli günlərdən yeddi il keçib. Bu hadisələr 1979-cu il fevral inqilabından sonra baş vermiş ən şiddətli və qanlı etiraz hadisələrindən sayılır. 

Gecə yarısı İran hökuməti benzinin qiymətini gözlənilmədən 50 faizdən 200–300 faizə qədər aralıqda artırdığını və kvota tətbiq etdiyini bildirdi. Etiraz aksiyası əvvəlcə sosial-iqtisadi tələblərlə başlamışdı. Sonra vəziyyət dəyişmişdi. Aksiya iştirakçıları o vaxtkı ali rəhbər ayətullah Seyid Əli Xameneinin istefasını tələb etməyə başlamış, “Diktatora ölüm!” şüarını irəli sürmüşdü. Hakimiyyət etirazları gizlətmək, onun miqyasını azaltmaq, iştirakçılar arasında əlaqələri məhdudlaşdırmaq, koordinasiyanın qarşısını almaq üçün interneti kəsmişdi. 

Onda aksiya iştirakçılarına rejimin güc strukturları atəş açmış, nəticədə yüzlərlə insan ölmüşdü. “Amnesty International”ın məlumatına əsasən, hadisə zamanı 300-dən çox ölüm faktı sənədləşdirilib. Ancaq başqa mənbələr ölənlərin sayının iki minədək, yaralıların sayının minlərlə olduğuna dair məlumatlar yaymışdı. Minlərlə aksiya iştirakçısı isə həbs olunmuşdu. Onların bəzi hələ də həbsdədir. 

Həmin günlərdə ən ağır zorakılıq hallarından biri Xuzistan əyalətinin Mahşəhr şəhərində qeydə alınmış və orada qamışlıqlara sığınan onlarla silahsız etirazçı güllələnmişdi.

Beynəlxalq təşkilatlar Tehran hakimiyyətinin addımlarını “insanlığa qarşı cinayət” adlandırıb. İslam Respublikasında isə bahalığa etiraz edən mülki, dinc sakinlərə odlu silahdan atəş açılmasıına əmr verən heç bir məsul şəxs indiyədək cəzalandırlmayıb. Əksinə, onların rütbə və vəzifələri yüksəldilib. 

Bu günlərdə yanacaq qıtlığı, məhdudiyyətlərin sərtləşdirilməsi və benzinin bahalaşacağı ilə bağlı xəbərlər yayılır. Hakimiyyət yeddi il öncə baş verənlərin təkrarlanacağından ehtiyatlanır. 

Onda İranın iqtisadi-sosial vəziyyəti indiki ilə müqayisədə yaxşı sayılırdı. 

Hakimiyyət azsaylı etirazların genişlənməsinin qarşısını almaq məqsədi ilə yanacaqdoldurma məntəqələrində tətbiq olunan yeni məhdudiyyətlər və kart sistemindəki dəyişikliklər barədə maarifləndirici məlumatlar verir. Rəsmilər istifadəçilərə şəxsi yanacaq kartlarına qənaət etməyi və səfərlərini əvvəlcədən hesablamağı tövsiyə edirlər.

Xəbərlərə əsasən, hökumət 2026-cı ilin sentyabrında aylıq 110 litrlik kvotadan artıq istifadə edilən benzin üçün üçüncü dərəcəli qiyməti iki dəfə artıraraq 100 min riala (10 min tümənə) qaldırıb. Hazırda əhali arasında subsidiyaların tamamilə ləğv ediləcəyi və qiymətlərin 500–700 min riala çatacağı ilə bağlı ciddi narahatlıqlar hökm sürür.

Qeyd edək ki, İranda rialın dollara nisbət rəsmi məzənnəsi bir ABŞ dolları 191,800 – 192,900 tümən, yaxud 1,918,000 – 1,929,000 rialdır. 

“Qara bazar”da isə bir dollar 267,000 – 267,450 tümən, yaxud 2,670,000 – 2,674,500 rialdır. 

Hesablama Palatasının mətbuat katibi Nizaməddin Musəvi bir sıra əyalətlərdə yanacaqdoldurma məntəqələrində yanacaq kartlarının ləğv edilməsi və benzinin tarazlığında yaranan problemlə bağlı məsələlərə cavab olaraq, bildirib ki, səlahiyyətli orqanlar və məsul qurumlar tərəfindən açıqlanan statistikaya əsasən, hər gün ölkəyə 25-30 milyon litr yanacaq qaçaqmal yolu ilə gətirilir. Onun sözlərinə görə, bunun da təxminən 90 faizini dizel yanacağı, bir hissəsini kerosin və mazut kimi məhsullar, 5 faizdən azını isə benzin təşkil edir. Musəvi bildirib ki, mövcud vəziyyətdə dizel yanacağının qaçaqmalçılığı ilə mübarizə hökumətin və məsul qurumların əsas prioritetinə çevrilməlidir.

Məlumatlara əsasən, hərbi münaqişə nəticəsində neft emalı zavodlarının zədələnməsi və sanksiyalar səbəbindən gündəlik istehsal 110 milyon litrə düşüb. Ölkənin gündəlik tələbatı isə 135 milyon litr təşkil edir.

Noyabrda fars əyalətinin Qazirun şəhərində sürücülər yanacaq qıtlığına etiraz aksiyası keçiriərək, küçələrə çıxıb, hakimiyyətə qarşı yaranmış vəziyyətlə bağlı şüarlar səsləndiriblər. 

Bu, ölkənin müxtəlif bölgələrində pensiyaçıların, bazar tacirlərinin, tələbələrin və fəhlələrin inflyasiyaya qarşı keçirdiyi etiraz aksiyaları ilə üst-üstə düşüb.

Tehran rejiminin rəsmiləri vəziyyətdən narahatlıqlarını gizlətmirlər. 

Parlamentin sədri Məhəmmədbaqer Qalibaf və birinci vitse-prezident Məhəmmədrza Arif yanacaq qiymətləri ilə bağlı fərqli bəyanatların cəmiyyətdə təşviş yaratdığını vurğulayaraq, bu mövzuda ictimai açıqlama verməyi qadağan ediblər. Tehran meri Əlirza Zakani və bir sira deputatlar iqtisadi təzyiqlər fonunda atılacaq səhv bir addımın cəmiyyətdə “barıt çəlləyini partlada biləcəyi” barədə xəbərdarlıq edib. 

Yaranmış vəziyyət ölkə üçün ABŞ-nin və ya İsrailin hərbi əməliyyatlarından daha çətin hadisələrin baş veriməsinə əsas yaradar, ABŞ-nin SEPAH-ın hərbi baza və komandirlərinə hücumundan da səmərəli ola bilər. Odur ki, Ştatların hərbi əməliyyatı Tehran rejimini ölkədə baş biləcək mümkün etirazlardan müvəqqəti də olsa, xilas edər. Ona görə də ABŞ-nin İslam Respublikasına yaxın dövrdə genişmiqyaslı hərbi əməliyyatı ehtimal azdır. 

“Jerusalem Post” İsrailin hərbi-kəşfiyyat qurumlarına istinadən bildirib ki, İran hakimiyyəti hərbi sahədə vəziyyətini 2027-ci ilin ortalarından gec olmayaraq tamamilə müharibədən əvvəlki səviyyəyə bərpa edəcək.

Hesabatda ehtimal edilib ki, 2027-ci ilin ortalarına qədər İran ayda 100-300 ədəd həcmində ballistik raket istehsal etmək qabiliyyətini bərpa edəcək. Bu da "12 günlük müharibə"dən əvvəl mövcud olan istehsal səviyyəsi ilə müqayisə oluna bilər.

Bu hesabatın səhihliyinə etibar etsək, onda yanacaq sahəsində problemin yaranması səbəblərindən birinin sürətlənmə silahlanma olduğu qənaətinə gələ bilərik. 

Əslində, Tehran hakimiyyətinin ortaya atdığı silahlanma, süni düşmən obrazları, Fələstin xalqının müdafiəsi, Suriya, İraq Cənubi Qafqazda fəaliyyəti və s. amillər İran cəmiyyəti üçün faydasız hadisələr indiki vəziyyətin yaranmasına da səbəb olub. İslam Respublikası 47 illik mövcudluğu ilə ölkəni indiki hala salıb. 47 ildir insanlar rejim xofu, müharibə xəbərləri ilə yaşayır. Barıt çəlləyi isə partlamaq üçün qığılcıma doğru yellənir…