Cümə, Fevral 21, 2020
Home Haqqımızda

Haqqımızda

Press klub haqqında

Biz bu işə on il vaxt sərf etmişik: həmkarlarımızla, müxtəlif ölkələrdəki icma nümayəndələri ilə görüşlər, tədbirlər keçirmışık, ideyanı dəfələrlə müzakirəyə çıxarmışıq, yoxlamışıq, sınaqdan çıxmayanı dəyişmişik, məlumat bazası yaratmışıq, vaxtaşırı onu təzələmişik; çünki jurnalist həyatı çox dinamikdir və həmişə yeniliklərlə doludur.

Azərbaycan jurnalistləri üçün platforma

“Baku Press Klub” şəbəkəsi bu axtarışların, əməyin nəticəsidir. Bizim əsas məqsədimiz başqa ölkələrdə yaşayan və media sahəsində çalışan həmvətənlərimizin, habelə Azərbaycana peşəkar maraq göstərən xarici jurnalistlərin toplaşa biləcəyi platforma yaratmaqdır. Təbii ki, virtual Klubun saytı üz-üzə əyləşib bir fincan çay arxasında söhbətləşmək imkanı vermir. Amma o, uzaqdan ünsiyyət qurmaq, tanışlıq dairəsini genişləndirmək, biliklərini artırmaq, həmkarları ilə fikir və təcrübə mübadiləsi aparmaq istəyən şəbəkə üzvlərinə hər cür şərait yaradır. Burada hər kəs ehtiyac duyduğu köməyi tapacaq: Klubun mühüm funksiyalarından biri də media işçilərinə professional baxımdan dəstək olmaqdır.

Bizə necə qoşulmaq olar

Press-klub onun “qapısını döyən” media işçilərinin hamısının üzünə açıqdır. Buraya daxil olarkən sizdən nə yaşınızı, nə cinsinizi, nə milliyyətinizi soruşacaqlar; boyunuz və çəkiniz heç bir əhəmiyyət kəsb etmədiyi kimi, siyasi baxışlarınız da kimsədə sual doğurmayacaq. İkicə şey kifayətdir: media mənsubu olmağınız və Azərbaycanla maraqlanmağınız. Bu marağı mümkün qədər dolğun təmin etmək üçün isə sayt, şəbəkə üzvlərinin birbaşa və çoxtərəfli ünsiyyətinə şərait yaradan Forum bölümündən başqa, aşağıdakı  rubrikalarını təqdim edir:

Bizim xidmətlər

Xəbərlər

Siz Azərbaycanda baş verən, sizə də bu və ya digər dərəcədə aidiyyatı olan hadisələr barədə məlumatlı olacaqsınız.

Tədbirlər

Bakıdan nə qədər uzaqda olsanız da, klubun keçirdiyi tədbirlərdə (mətbuat konfransları, görüşlər və s.) iştirak edə biləcəksiniz.

Xəritə

Sizinlə eyni peşə sahibi olan həmvətənlərinizin hansı ölkələrdə yaşadıqlarını, harada işlədiklərini biləcək, onlarla necə əlaqə qurmaq barədə məlumat əldə edəcəksiniz.

Mediateka

Siz professional maraq dairənizə aid olan mövzularda arayışlar alacaq, yeni materiallarla, dəyişikliklərlə tanış ola biləcəksiniz: buraya KİV haqqında qanunvericilik, normativ aktlar, statistik məlumatlar, son media araşdırmaları, analitik icmallar daxildir. Sayt həmçinin Azərbaycan üzrə sizin bələdçiniz olacaq. Ölkənin siyasi, iqtisadi, mədəni, idman həyatında, digər sahələrdə il ərzində planlaşdırılmış mühüm hadisələrin təqvimi, onlar barədə məlumatlar daim əlinizin altında olacaq.

Sorğu

Sayt sizə birbaşa xidmətlər göstərəcək. Dövlət orqanları tərəfindən sorğunuza operativ cavab lazımdırsa, o sizin təmsilçiniz olacaq. Görüş və ya müsahibə üçün əvvəlcədən razılıq almaq gərəkdirsə, vasıtəçinizə çevriləcək. Hansısa ünvanı əldə etmək, əlaqə yaratmaq, materiallar hazırlamaq, akkreditasiyadan keçmək və s. kimi məsələlərdə çətinliyiniz yarandıqda isə sayt sizin məsləhətçiniz, köməkçiniz rolunu oynayacaq. İstənilən peşə problemi ilə bağlı bizə müraciət edə biləcəksiniz.

Saytda qeydiyyatdan keçməklə siz klubun tamhüquqlu üzvü olacaq və onun bütün xidmətlərdən yararlanmaq imkanı qazanacaqsınız. Ancaq qeydiyyatsız da keçinə, saytın sadəcə informasiya bazasının istifadəçisi olaraq da qala bilərsiniz.