Dünya bazarlarına keyfiyyətli xam neft ixrac edən Azərbaycan hələ də Avropa standartlarına uyğun benzin istehsal edə bilmir. Yerli istehsal sovet standartları səviyyəsindədir, hazırda əhalinin daha çox istifadə etdiyi Aİ-92 markalı benzin nəinki inkişaf etmiş ölkələrdə, heç yaxın qonşularda – Rusiyada, Gürcüstanda belə istehlak olunmur. Bu yanacağın tərkibi avtomobillər və ətraf mühit üçün olduqca zərərlidir.

Ölkədə ümumi yanacaq istehlakının təxminən dörddə brini təşkil edən Aİ-95 (Premium) markalı benzin xaricdən gətirilir. Bu gün səhər saatlarında onun qiyməti növbəti dəfə bahalaşıb. Bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata təklif olunan bu benzinin qiyməti 1,45 manat olub. “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli yerli mediaya bildirib ki, buna səbəb həmin benzinin istehsalçı ölkədə bahalaşmasıdır. Xatırladaq ki, son aylarda bu yanacaq növünün qiyməti ikinci dəfə artırılır. Sonuncu dəfə qiymət iyun ayında 15 qəpik artaraq 1,40 manat olmuşdu.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qiymət artımını kartel sövdələşməsinin nəticəsi hesab edir. “Dövlət tərəfindən qiyməti tənzimlənməyən bir məhsulu onu parakəndə satan 900-dən çox oyuncu əlbir olub, 5 qəpik artırıblar. Hökumətin antiinhisar qurumu da bunu 2014-cü ildən seyr etməklə məşğuldur”,-deyə ekspert qeyd edib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycan bu ilin 5 ayında 58,8 min ton Aİ-95 markalı benzinin idxalına 41 milyon dollar vəsait xərcləyib. İdxal edilən benzinin 73%-i Rusiyadan gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan benzinin həcmi 2,3 dəfə, dəyəri isə 2,1 dəfə artıb. Ötən ilin analoji dövründə Aİ-92 markalı benzin idxal edilməyib. Bu ilin ilk 4 ayında isə ölkəyə 2,387 milyon dollarlıq 4 995,64 ton Aİ-92 benzini gətirilib. İdxal yalnız martda olub, digər aylarda idxal əməliyyatları həyata keçirilməyib.

2015-ci il dekabrın 9-dan etibarən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernizasiya və yenidənqurma layihəsinə start verilib. Layihənin dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir. Layihə tam olaraq hökumət tərəfindən Azərbaycan Dövlət Neft Fondu vasitəsilə maliyyələşdirilir.

Qeyd edək ki, 2017-ci il dekabrın 19-da BNEZ-lə “Tecnicas Reunidas” şirkəti arasında zavodun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə, Satınalma, Tikinti) müqaviləsi imzalanıb. Müqaviləyə görə, NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:

– I mərhələ üzrə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

– II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

– Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Euro-5” keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.

Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq, istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri “Euro-5” standartına cavab verəcək. Bazarın tələbatına uyğun olaraq zavodda Ai-92/95/98 benzin markalarının istehsalı da nəzərdə tutulub. 

Amma göründüyü kimi, 5 il ərzində nə sözügedən layihə başa çatıb, nə də Azərbaycanda keyfiyyətli yanacaq istehsal olunur. Yenidənqurma və modernizasiya layihəsinin hazırda hansı mərhələdə olması barədə ictimaiyyətə hər hansı informasiya verilməyib. Beləliklə, Azərbaycan istehlakçısının əksəriyyəti keyfiyyətsiz Aİ-92 markalı benzindən istifadə edir. Onun qiyməti də bu ilin yanvarın 4-də 11 faiz bahalaşaraq 90 qəpikdən 1 manata qaldırılıb. Azərbaycana Rusiyadan, Belarusdan, Rumuniyadan gətirilən keyfiyyətli yanacaq növləri də qısa müddətdə 20 qəpik bahalaşıb. 

İqtisadçı Nemət Əliyev xatırladır ki, iki ay əvvəl Aİ-95 (Premium) markalı benzin növünün qiyməti 1 manat 25 qəpikdən 1 manat 40 qəpiyə qədər artırılmışdı: 

“İki ay əvvəl 12%, indi isə daha 3,6% bahalaşma var. Bir ay əvvəl təbii qaz bahalaşdırılmışdı. Cari ilin yanvarında isə dizelin və Aİ-92 benzininin qiymətləri 33,3% və 11,1% artırılmışdı. Bahalaşma sürətinə və tempinə diqqət edirsinizmi?!”

N. Əliyev hesab edir ki, bu qərarlar digər məhsuların və xidmətlərin bahalaşmasına yetərincə əsaslar və bəhanələr yaradır:

“Bu qərarın əhalinin həyat səviyyəsinə mənfi təsirini istisna etmək mümkün deyil. Əgər bu ilin yanvar-iyun dövrünə dair açıqlanan rəsmi məlumatlara gözucu diqqət etsək, məlum olur ki, ölkədə həyat səviyyəsi 5% pisləşib. Çünki bu dövrdə orta aylıq əməkhaqqı göstəricisi, adambaşına düşən gəlirlərin nominal səviyyəsi azaldığı halda, qiymətlər artıb. Reallıqda isə həyat səviyyəsinin pisləşmə səviyyəsi daha yüksəkdir. Belə bir şəraitdə bahalaşmaya rəvac verən qərarlara deyil, bahalaşmanı səngidən, durduran qərarlara ağırlıq verilməlidir”.

Turqut