Xaçmaz rayonunda “Starıy dvor” restoranında polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunacağı gözlənilir. Baş prokuror Kamran Əliyev bunun üçün Milli Məclisə təqdimat verib.

Qaydaya görə, baş prokurorun təqdimatı parlamentə daxil olduqdan sonra 7 gün ərzində ona baxılmalıdır. Milli Məclisin sədri təqdimatı əvvəlcə İntizam Komissiyasına göndərir və Komissiya bu haqda rəy verir.

Hazırda Milli Məclisin üzvləri məzuniyyətdə olsalar da, avqustun 2-nə İntizam Komissiyasının təcili toplantısı təyin edilib. İclasda E.Səlimovun məsələsi müzakirə olunacaq, baş prokurorun onunla bağlı təqdimatına dair rəy veriləcək. Avqustun 3-nə isə Milli Məclisin növbədənkənar plenar iclası çağırılıb. İntizam Komissiyasının rəyi bir gün sonra plenar iclasda müzakirəyə çıxarılacaq və Milli Məclis deputatın toxunulmazlığına xitam verilib-verilməməsi barədə qərar qəbul edəcək.

Deputatın toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul olunmalıdır.

Xatırladaq ki, iyulun 29-da gecə saat 01.00 radələrində Xaçmaz rayonunda yerləşən restoranda E.Səlimovun polis əməkdaşına qarşı fiziki güc işlətməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar davam edir.

Deputatın döydüyü iddia olunan Zaur Mirzəyev Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşıdır. Hadisə zamanı E.Səlimovun sərxoş olduğu, onun karantin rejimi qaydalarını da pozduğu deyilir. “Gecə saat 12-dən sonra polis əməkdaşı karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edib. Eldəniz Səlimov buna etiraz edərək münaqişə yaradıb”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.

İddia olunur ki, hadisənin baş verdiyi “Starıy dvor” restoranı deputatın qohumuna məxsusdur.

1976-cı il təvəllüdlü Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin üzvüdür. O, 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatıdır.

Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev 14 il əvvəl millət vəkili olduğu dövrdə onunla bağlı oxşar hadisələr yaşanmışdı. Parlamentdə onunla Fəzail Ağamalı arasında əlbəyaxa davadan sonra cinayət işi başlanmış, baş prokuror Zakir Qaralov H.Abdullayevi cinayət məsuliyyətinə cəlb etmək üçün onun toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat vermişdi. Milli Məclis H.Abdullayevin toxunulmazlığını ləğv etdikdən sonra onun barəsində cinayət işi başlanmış, ardınca o, həbs olunmuşdu.

Gülər