AY.4.2 mutasiyasının Azərbaycana gəlməməsi mümkün deyil – İnfeksionist

“AY.4.2 mutasiyası “Delta plus” olaraq adlanır, “Delta ştammı”nın alt növüdür”.

Bunu APA-ya həkim-infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, yeni yaranmış mutasiyaların yoluxduruculuq qabiliyyəti daha yüksək olur: “Yeni yaranmış mutasiyalar anticismlərə qarşı daha dözümlüdür. Bununla da xəstəliyin ötürülməsi daha sürətlidir. Bəlkə də Rusiyada mövcud vəziyyətdə “Delta plus” ştammının rolu böyükdür. Xəstəlik davam etdikcə yeni mutasiyaların yaranması qaçılmazdır”.

İnfeksionist qeyd edib ki, əvvəlki mutasiyalardan fərqli olaraq “Delta plus” ştammının daha ağır formada keçdiyi barədə məlumatlar var: “Digər mutasiyalar başqa ölkələrdə aşkarlanandan sonra Azərbaycanda da aşkarlandı. Xüsusilə qonşu ölkələrdə aşkarlanmış yeni mutasiyaların, o cümlədən Rusiyada aşkarlanmış AY.4.2 mutasiyasının Azərbaycana gəlməməsi mümkün deyil”.

V. Əliyev mövcud vəziyyətdə çıxış yolunun yalnız vaksinasiya olduğunu vurğulayıb: “Hansı mutasiyanın olmasından asılı olmayaraq, vaksinasiya prosesini sürətləndirməliyik. İnsanlar elə düşünər ki, vaksinasiyadan keçmişik, məsələ bitib. Amma elə deyil. Vaksinin də müddəti var. Əvvəl iki doza peyvənd qəbul etmiş insanların qoruyuculuğu azalıb, bəzi insanlarda isə yoxa çıxıb. Buna görə artıq 3-cü doza – buster doza vurulmalıdır. 3-cü dozanı ona görə vurdururuq ki, qoruyuculuğu artıraq. Əhali bu mutasiyalardan, həmçinin gələcəkdə yarana biləcək mutasiyalardan qorunmaq üçün pandemiya davam etdiyi müddətdə gigiyena qaydalarına əməl etməklə vaksinasiya prosesinə aktiv şəkildə qoşulmalıdır.

Peyvənd vurdurmuş hər bir insan bilməlidir ki, vaksin xəstəliyin ağır gedişatının qarşısını alır. Bu o demək deyil ki, həmin şəxs virus daşıyıcısı ola bilməz. Peyvənd vurdurmuş insanlar xəstəliyi yüngül keçirsə belə, başqa insana virusu ötürüb onda daha ağır fəsadlara yol aça bilər. Buna görə, peyvənd olunub-olunmamasından asılı olmayaraq hər kəs maska taxmalıdır. Pandemiya dövründə xüsusilə qapalı məkanlarda maska taxılması şərtdir”.