Azərbaycanda qadınlara və uşaqlara qarşı zorakılıq halları ciddi sosial problem olaraq qalır. Məsələnin ciddiliyini həm dövlət orqanları, həm də qeyri-hökumət təşkilatlarının açıqlamaları təsdiqləyir.

“Təəssüf hissi ilə qeyd edilməlidir ki, son günlər uşaqların zorakılığa məruz qalması faktlarının sayı artmaqdadır”, – deyə Baş Prokurorluğun mətbuat xidmətindən “Press Klub”a bildirilib. Prokurorluq “951” nömrəli Çağrı Mərkəzi yaradıb, vətəndaşlara da müraciət edib ki, uşaqlara qarşı fiziki, psixi və s. zor tətbiqi hallarının şahidi olsalar, dərhal bu barədə həmin Mərkəzə zəng edib, məlumat versinlər. Baş Prokurorluqdan deyilib ki, bugünlərdə sosial mediada yayılmış, küçədə körpə uşağının yanında narkotikdən istifadə edən ana ilə bağlı videogörüntülər də araşdırılıb: 

“Videogörüntülərlə əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Rövşanə Kərimovanın azyaşlı uşağı ilə birlikdə küçələrdə dilənməsi, daimi yaşayış yerinin olmaması, narkotik vasitə aludəçisi olması müəyyən edilib. Bu səbəblərə görə azyaşlı uşağın dövlət himayəsində olan uşaq müəssisəsinə yerləşdirilməsi qərara alınıb. Uşağın təhlükəsizliyinin təmin edilməsi üçün Baş Prokurorluq məhkəmədə Rövşanə Kərimovanın valideynlik hüququnun məhdudlaşdırılması barədə mülki iddia qaldırıb”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə qeydə alınan cinayət hadisələrinin 1260-ı məişət zorakılığı ilə bağlı olub. Bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır. Məişət zorakılığı ilə əlaqəli cinayətlər nəticəsində zərərçəkənlərin sayı isə 2019-cu ilin göstəricisi ilə müqayisədə 4,3 faiz azalaraq 1300 nəfər təşkil edib. Bunların da 75,9 faizi qadınlar, 1,2 faizi yetkinlik yaşına çatmayanlardır.

“2019-cu ildə məişət zorakılığı nəticəsində öldürülənlərin 84.1 faizi qadınlar olub. Qəsdən adam öldürməyə cəhd cinayətlərində isə bu rəqəm 64.9 faiz qadınlara aiddir”, – deyə Dövlət Statistika Komitəsindən “Press Klub”a bildirilib.

Bu ilin birinci rübündə isə qadınlara qarşı 550 cinayət faktı qeydə alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Press Klub”a deyiblər ki, 2021-ci il ərzində bu quruma təxminən 160 qadın məişət zorakılığı ilə əlaqədar müraciət edib. Onların müraciətləri operativ qaydada araşdırılıb, əgər cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına göndərilib ki, lazımi addımlar atılsın: “Hətta bəzi qadınlara mühafizə orderi də verilib”.

Komitənin müxtəlif bölgələrdə dəstək mərkəzləri fəaliyyət göstərir. Məişət zorakılığından şikayətçi olanlar həmin mərkəzlərə şikayət edirlər. Şikayətçilər arasında qadınlarla yanaşı, uşaqlar, ahıl yaşda olanlar, hətta kişilər də var. Komitədən onu da bildiriblər ki, uşaqların həssas qrup olmasını nəzərə alaraq, icra hakimiyyətlərinin nəzdində uşaqlara qarşı zorakılıq halları ilə mübarizə aparan monitorinq qrupları fəaliyyət göstərir. Komitə də həmin monitorinq qrupları ilə əməkdaşlıq edir.

Vəkil Zibeydə Sadıqova hesab edir ki, Azərbaycanda uşaqlara, xüsusən qadınlara qarşı zorakılıq hadisələri əvvəl də çox idi. Sadəcə, indi bəzi olaylar sosial media vasitəsilə günlərlə müzakirə olunur, gündəmdə qalır deyə, daha qabarıq görünür, ona görə də insanlarda daha çox artması təəssüratı yaranır: 

“Amma biz məhkəmələrdən, vəkillərə müraciət edənlərdən görürük ki, belə hallar nə qədər çoxdur. Bunlar hələ müraciət edənlərdir, görün nə qədər susanlar, səsini çıxarmayanlar var…”

Vəkil məişət zorakılığına gətirib çıxaran amillər sırasında psixoloji gərginlikdən tutmuş, iqtisadi problemlərə qədər, müxtəlif səbəblər olduğunu deyir: “Konkret səbəb demək çətindir. Amma səbəb nə olursa olsun, zərakılığa əl atmaq yolverilməzdir”.

Z. Sadıqova Azərbaycanda qadınların müdafiəsizliyinə də diqqət çəkir. Onun sözlərinə görə, boşanmadan sonra üzləşəcəyi çətinliklər bir çox hallarda qadınların gözünü qorxudur. Bu da bəzən daha ağır faciələrə yol açır:

“Bəzən qaynana, qaynata və ailənin digər üzvləri birlikdə yaşayırlar, boşananda əmlak bölgüsü olmur. Gəlinin də getməyə öz evi olmur. Bəzən ata heç öz övladlarına aylarla aliment ödəmir. Qadın düşünür ki, mən bu uşaqları necə, harada saxlayacam? Aralarında davam edən gərginlik günün birində qətllə nəticələnir. Belə hallar olub”.

Vəkil Azərbaycanın İstanbul Konvensiyasına qoşulmasını vacib sayır. Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyası 2011-ci ildə bu qurumun Nazirlər Komitəsinin İstanbulda keçirilən toplantısında üzv ölkələrin qoşulması üçün açıq elan olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaqlara qarşı zorakılıq hallarının artması barədə deyilənlər məsələsində vəkillə həmrəydir: 

“Uşaqlara qarşı zorakılıq hallarının ictimailəşməsi artdığına görə biz bu gün deyirik ki, artıb. Əvvəllər də atılmış uşaqlar, azyaşlı övladının yanında narkotikdən istifadə edən valideynlər olurdu. Sadəcə, bunlar ictimailəşmirdi deyə, cəmiyyətin xəbəri olmurdu. Artıq insanlar kənarda baş verənlərə biganə qalmırlar. “961 Qaynar Xətti”nin yaradılması da ondan ötrüdür ki, daha dolğun məlumatlar əldə olunsun, statistika daha dəqiq aparılsın. Bəzən qadınlara qarşı zorakılıq, şiddət qeydiyyata düşmürdü. Məhkəməyə, polisə şikayət etməyin qaydasını bilmirdilər. Nəticədə cinayət halları, qətllər baş verirdi. Bundan əziyyət çəkən də uşaqlar olur”.

Belə iddialar da var ki, sui-istifadə hallarına, əsassız, qərəzli şikayətlərə yol aça bilər. Amma Kəmalə Ağazadə hesab edir ki, hüquq-mühafizə orqanları hər bir şikayəti dəqiq, həssas araşdıracaq.

Gülər