“Adamda İmarət qəbiristanlığı, Pənahəli xan və İbrahimxəlil xanın, Xurşidbanu Natəvanın türbəsi ilə bağlı geniş məlumatımız, çap olunmuş məqalələrimiz var. Ancaq işğal dövründə ermənilər tərəfindən bu abidələr bərbad vəziyyətə salınıb”.

Bunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəz nümayəndələrinin Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov bildirib.

A. Məmmədov deyib ki, tam əvvəlki görkəmində olmaqla, tezliklə bu abidələrin bərpası işləri aparılacaq: “İnşallah, bu ərazi yenidən insanların ziyarət yerinə çevriləcək”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb.

Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupu Ağdamın tarixi mərkəzi hissəsi, Üzərliktəpə, İmarət kompleksi, Qiyaslı, Cümə məscidləri, Şahbulaq qalası, qəbiristanlıqlarla tanış olacaq, müvafiq qeydiyyat işləri aparacaq.