Prezident İlham Əliyevin iyulun 13-də növbəti dəfə “Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu…” bəyanatından saatlar sonra Azərbaycan Ordusunun Şuşadakı, bir gün sonra isə Naxçıvanda yerləşən mövqeləri erməni silahlı birləşmələri tərəfindən atəşə tutulub. Nəticədə Naxçıvanda bir Azərbaycan hərbçisi yaralanıb, Ermənistan Müdafiə Nazirliyi isə bir əsgərinin öldürüldüyü barədə açıqlama yayıb. 

Şuşada atəşkəsin pozulması ilə bağlı Azərbaycan MN tərəfindən verilən bəyanatda bildirilir: 

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur”.

Naxçıvandakı atışma ilə bağlı verilən rəsmi açıqlamada isə qeyd olunur ki, Sədərək rayonu istiqamətində düşmənə cavab atəşi açılıb, hazırda həmin istiqamətdə vəziyyət sabitdir.

Ermənistan MN isə iddia edir ki, Azərbaycan hərbçiləri mühəndis texnikalarından istifadə edərək istehkam işləri görmək üçün mövqelərini qabağa çəkməyə cəhd ediblər və Ermənistan ordusunun cavab tədbirlərindən sonra guya onların mövqelərini atəşə tutublar. Ermənistan Müdafiə Nazirliyi buna ciddi cavab veriləcəyi barədə xəbərdarlıqla çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistanı ardıcıl şəkildə Azərbaycan ordusunun mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərində qınayıb: 

“Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir. Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir”.

Atəşkəs pozuntusu Bakıdakı xarici diplomatların Şuşaya təşkil olunmuş səfərindən bir neçə gün sonraya təsadüf edib. Məlumdur ki, bu səfərə Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri, Britaniya və Almaniya diplomatları qatılmayıb. Azərbaycan rəhbərliyini narazı salan bu demarşın müzakirə olunduğu vaxtda cəbhədə silahların işə düşməsi diqqət çəkir. Onu da yada salaq ki, ABŞ dövlət katibi  Blinken Paşinyanla telefon söhbətində hazırki status-kvonun davamlı sülh və sabitliyə təminat vermədiyini bildirib. O, münaqişənin həllinə Minsk Qrupunun yenidən cəlb olunmasının vacibliyini vurğulayıb.

Qarabağ münaqişəsi ilə bağlı aparıcı beynəlxalq oyunçuların mövqelərinin üst-üstə düşdüyü bir vaxtda cəbhə xəttində ölüm və yaralanma ilə nəticələnən atışmaların bərpa olunması Ermənistanın əlini gücləndirə bilər. Çünki atəşi hansı tərəfin açdığı müzakirə olunmur, bölgədə sülhün nə qədər kövrək olduğu qeyd olunur. Ona görə də Ermənistan tərəfinin bundan sonra daha tez-tez atəşi pozacağını güman etmək mümkündür. Qarşı tərəf bununla Azərbaycana qarşı beynəlxalq təzyiqlərin güclənəcəyini, həmsədrləri yenidən aktiv şəkildə prosesə cəlb edəcəyini hesablayır. 

Rusiya da son hadisələrdən narahat görünmür. Məntiqlə sülhməramlıların məsuliyyət zonasında atəşkəsin pozulmasına görə cavabdehlik Moskvanın üzərindədir, amma görünür, Kremlin bölgə ilə bağlı başqa planları var. Həmçinin, ondan bu barədə hesabat soruşan da yoxdur. Doğrudur, Azərbaycan Müdafiə Nazirliyinin atəşkəs pozuntuları ilə bağlı bəyanatlarında Rusiyaya ünvanlanmış tikanlı cümlə yer alır. Nazirlik ikinci dəfədir “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində yerləşən qanunsuz erməni silahlı dəstələri” cümləsindən istifadə edir. Bununla Rusiya rəhbərliyinə çatdırılır ki, sizin ordunuz bölgədə müvəqqətidir və Qarabağda əbədi qalmaq planları qurmayın, Azərbaycan bir şəkildə bu məsələni qaldıracaq. İkincisi, qeyri-qanuni silahlı dəstələrin elə sülhməramlılar tərəfindən himayə olunmasına da işarə vurulur.

Maraqlıdır, bölgədə hərbi vəziyyətin gərginləşməsi Paşinyanın seçkilərdən sonra ilk səfərini Rusiyaya etməsindən sonraya təsadüf edir. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Press Klub”a şərhində bildirdi ki, Şuşa səfərindən həmsədr ölkələrin səfirlərinin imtinası erməniləri ruhlandırıb. Onun sözlərinə görə, bunun ardınca ABŞ dövlət katibi Blinkenin Paşinyana zəngi və Qarabağ konfliktinin bitmədiyini deməsi bu və gələcək təxribatlara yol açmağa xidmət edir: 

“Ermənilər əyani şəkildə bizə göstərdilər ki, konflikt bitməyib. Qərb Minsk Qrupunu dövrəyə qaytarmaqla 10 noyabr bəyanatını arxa plana atmaq niyyətindədir. Burada həm də Rusiyanın dominantlığını əngəlləmiş olur. Rusiya da ikibaşlı oyununu davam etdirir”. 

İ. İsmayılın sözlərinə görə, Azərbaycan ilk növbədə bəyan etməlidir ki, 10 noyabr bəyanatının bütün müddəaları həyata keçməyincə, Minsk Qrupunun danışıqlara qayıtması mümkün deyil: 

“Və bu bəyanatdan sonra Rusiya Federasiyası qarşısında üçtərəfli sazişin müddəalarına əməl olunmasını tələb etmək lazımdır. Bu da ilk növbədə erməni silahlı birləşmələrinin çıxarılması, qaçqınlarımızın Xankəndi və ətrafına qayıtması və yolların açılması deməkdir. Ermənilərə təzyiqi davam etdirmək lazımdır. İlk növbədə törətdikləri hərbi cinayətlərə – Bərdə və Gəncəyə atılan raketlərə görə onları beynəlxalq məhkəməyə vermək lazımdır. İkincisi, Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarəti bərpa etmək məsələsi qaldırılmalıdır. Qoy, ermənilər təzyiqə məruz qalsınlar ki, əlavə iddialara cəhd etməsinlər. Əlavə diplomatik imkanlar da mövcuddur”.

Turqut