İyunun 18-də İran İslam Respublikasında sayca 13-cü prezident seçkiləri keçiriləcək. Amma gerçəkdən seçkilərmi? Bütün rəy sorğuları gələcək prezidentin kimliyini ortaya qoyur – ötən prezident seçkilərinin ikincisi olan, vaxtilə ölkənin baş prokuroru vəzifəsində çalışmış, hazırda məhkəmə hakimiyyətinin başında dayanan İbrahim Rəisi. 

İranın seçki tarixində bəlkə də ilk haldır ki, prezident demək olar ki, alternativsiz öz məqamına çatacaq. İnqilabdan sonra İslam Respublikasının təsis edilməsi ilə bağlı 1979-cu il referendumundan sonuncu parlament seçkilərinədək əhali təxminən 37 dəfə seçki məntəqələrinə gedib. Amma seçkidən seçkiyə əhalinin siyasi sistemə inamsızlığını müşahidə edən rejim mənsubları formaca müxtəlif, əslində analoji metodları ortaya atıblar. Yetər ki, seçicini cari seçkidə iştiraka cəlb edə bilsinlər. 

Şəxsən üç dəfə müşahidə etdiyim prezident seçkilərində rejimin əsas hədəfi seçkidə əhalinin kütləvi iştirakının təmin edilməsi və bununla dünyaya “xalq siyasi quruluşa inanır və seçkiyə gəlir” mesajını vermək olub. Bundan ötrü ilk növbədə namizədlər arasında kəskin rəqabət mühitini formalaşdırmaq prioritet addım sayılırdı. Baxmayaraq ki, Konstitusiyaya Nəzarət üzrə Nigəhban Şurası mövcud siyasi quruluşa azacıq müxalif olan şəxsin nəinki prezident, hətta yerli seçkilərdə belə iştirakına icazə verməz. Bundan ötrü qanunvericilik bazası da Nigəhban Şurasına kifayət qədər səlahiyyət və imkan tanıyıb. Bəs, o zaman yuxarıda qeyd etdiyim və rejim üçün vacib olan kütləvilik və seçki rəqabəti üçün münasib mühit necə formalaşdırılır?


2005-ci il prezident seçkilərində mühafizəkar qanadın əsas namizədi Əhmədinejadın qarşısına əhali arasında prezident-oliqarx kimi antipatik imicə sahib Rəfsəncanini çıxarmaqla seçicidə seçkiyə maraq (əslində prinsip, bir növ intiqam hissi) oyada bildilər və Əhmədinejadın qələbəsini təmin etdilər. Eyni metod 1997-ci il seçkilərində Xatəmi – Natiq Nuri tandemində də tətbiq edilmiş və birincinin qələbəsi ilə sonuclanmışdı. 2009-cu il seçkiləri isə 30 illik İslam Respublikası tarixində ən dramatik və qanlı sonucla bitən seçki kimi yadda qaldı. Sanksiyaların yeni mərhələsinə qədəm qoyan İslam Respublikası üçün xüsusi legitimlik tələb olunan həmin dönəmdə “Beyt-e rəhbərinin” növbəti gedişi rejim üçün nisbətən baha başa gəldi. Tehranda və başqa şəhərlərdə hakimiyyətin əsas namizədinə rəqib olan Mirhüseyn Musəvi və Kərrubinin olduqca izdihamlı mitinq və yürüşləri keçirildi. Dünya seçki öncəsi İranda nisbətən demokratik seçki mühitini müşahidə etməyin şokunda idi. Amma seçki heç də seçkiöncəsi vəziyyətə adekvat sonuclanmadı. Əksəriyyət tərəfindən keçmiş baş nazir Mirhüseyn Musəvinin qələbə çaldığının iddia edildiyi bir şəraitdə Əhmədinejad qalib elan edildi. Seçki saxtakarlığına qarşı Tehranın İmam Hüseyn Meydanından Azadi Meydanınadək uzanan üç milyonluq etiraz yürüşü isə qanla yatırıldı. 2009-cu il prezident seçkiləri kütləvi həbslər, Musəvi və Kərrubinin ev dustaqlığı, onlarla qurban və şübhəsiz ki, rejimlə əhali arasındakı nifrət mühitinin daha da şiddətlənməsi ilə nəticələndi. 

2013 və 2017-ci il prezident seçkilərində də “islahatçı” Ruhaninin prezident seçilməsi üçün onun qarşısına qatı mühafizəkar namizədləri (məsələn, ayətullah Rəisi kimi) çıxarıb, əhalini yenidən səsvermə məntəqələrinə cəlb edə bildilər. Amma əvvəlki illərlə müqayisədə nisbətən sönük səviyyədə…

Bu dəfə isə həmin Rəisi təkbaşına – tamamilə şanssız namizədlərlə müşayiət olunur. Son rəy sorğularına görə seçkidə elektoratın cəmi 30 faizinin iştirakı gözlənilir və həmin seçicinin də yarısından çoxu inqilab rəhbəri Ayətullah Xameneyinin birbaşa dəstəklədiyi Rəisinin prezident olacağına şübhə etmir. Nəzərə alsaq ki, bu seçkilərə qatılanlar sırasında keçmiş prezident, hazırda İnqilabın rəhbərinin nəzərindən düşmüş hesab edilən Mahmud Əhmədinejadın belə namizədliyi qeydə alınmadı. Halbuki ilkin rəy sorğularında onun şansının Rəisidən iki dəfə artıq olduğu görünürdü. Eləcə də Laricani, Cahangiri, Taczadə kimi şanslı namizədlərin seçkiyə buraxılmaması Rəisi üçün yolun tam hamarlanması anlamında dəyərləndirilə bilər. Çünki ilkin rəy sorğularına görə seçkiyə buraxılan digər altı namizədin ümumi səsi Rəisinin səslərinin 20 faizi qədər deyil. Hər halda, görünən budur ki, İslam rejimi özünün növbəti seçimini etmişdir.


Kimsəyə sirr deyil ki, İranda demokratiya yoxdur. Parlament də, prezident də Nigəhban Şurasının “filtr”indən keçən namizədlərlə formalaşdırılır. Elə isə rejimin əhalinin səsinə, “rəqabətli” seçki mühitinə ehtiyacı nədən və hansı zərurətdən qaynaqlanır?


Təsadüfi deyil ki, rəsmi Tehran təkcə seçkilərdə deyil, hər il 12 fevralda İslam İnqilabının ildönümündə yüzminlərlə insanı ölkənin müxtəlif şəhərlərindən Tehrana, Azadi meydanına toplayaraq çoxmilyonluq aksiya keçirir və bununla, əhalinin mövcud siyasi quruluşun yanında olduğunu dünyaya sərgiləyir. Ölkədə seçki taktikası da məhz elə bu məntiqə söykənir – xalqın illərdir sanksiyalar qarşısında davam gətirmiş, amma artıq zəifləməkdə olan sistemin yanında olduğunu, quruluşun seçkisinə, konstitusion əsaslarına inandığını dünyaya nümayiş etdirmək. Çünki buna ehtiyacı var və sistem ciddi legitimlik problemi yaşayır.


Politoloji yanaşmada hakimiyyətlərin davamlı olması üçün iqtidar maraqları ilə yanaşı, cəmiyyət və beynəlxalq maraqların təmin olunması da müstəsna önəm kəsb edir. İran uzun illərdir ki, beynəlxalq maraqlarla bağlı peoblem yaşayıb və yaşamaqdadır. Əhalinin yaşam şəraitinin nisbətən əlverişli olması da son illərədək hakimiyyətin ömrünü uzadan amillər sırasında olub. Artıq nə cəmiyyət maraqları təmin olunur, nə də beynəlxalq maraqlar. Təkcə rejimin maraqlarının təmin olunması isə onun uzunömürlü olması üçün yetərli deyil. İran dəyişməlidir! Amma necə?.. 

Aydın olan budur ki, mövcud siyasi sistemdə bu dəyişiklik seçki ilə baş tutmayacaq.

Müəllif: Rüfət Muradlı