Əlilliyə görə pensiya alan şəxslərə əlilliyi yenidən müəyyən edildikdə, bu zaman ötürülmüş müddətin nəzərə alınması təklif olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb. Layihə artıq Milli Məclisə təqdim edilib.

Nazirlikdən verilən məlumata görə, layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklifi yer alıb. Bu, o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.

İqtisadçı ekspert Rəşad Həsənov məsələni “Press Klub”a şərh edərkən sosial ödənişlərin hər biri haqqında ayrı-ayrılıqda maarifləndirmə işlərinin aparılmalı olduğunu diqqətə çatdırdı:

“İnsanlar və müxtəlif maarifləndirmə qruplarının hər biri bilməlidir ki, onların hansı sosial hüquqları və hansı sosial müdafiə mexanizmlərindən yaralanmaq imkanları var. Dünya təcrübəsinə nəzər saldıqda, bir çox sosial mexanizmlər hansısa formada sosial qrupun nümayəndəsinin könüllü müraciəti əsasında təyin edilir. Bizdə də buna bənzər kifayət qədər sayda bu hüquqlar var.

Bildiyimiz kimi, əmək pensiyası ilə bağlı işlər müəyyən qədər elektronlaşıb. Eyni zamanda, əmək pensiyası hüququnuz yarandığı anda sizə bununla bağlı məlumatverici mesajlar gəlir. Düzdür, bunu bütün sosial qruplara aid etmək olmaz. Amma bunu əlilliyin təkrar təyin edilməsi prosesinə aid etmək mümkündür. Əlilliyin təkrar təyin edilməsi prosesi əvvəl bir il idi, sonra beş il etdilər. İndi isə yeni qanunvericilikdə bunu fərqli formada dəyişmək istəyirlər”.

Ekspert əlavə etdi ki, əlilliyin müəyyən edilməsində digər proses “Forma 88” deyilən birbaşa bildirişin səhiyyə müəssisələri tərəfindən elektron sistemə yerləşdirilməsidir:

“Sözügedən bildiriş müxtəlif səbəblərdən TSERAS (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi)  tərəfindən geri qaytarıla bilir və hər dəfə də bu geri qaytarılma zamanı bir ay vaxt itir. Bu zaman isə heç bir halda səhiyyə müəssisəsi formanı yanlış doldurduğu üçün cəzalandırılmır. İtən zaman isə vətəndaşın zamanından gedir. Bu məqam birmənalı şəkildə aradan qalxmalıdır. Burada əgər hər hansı bir təyinedici qurumun və prosesdə iştirak edən müəssisənin səhvi ucbatından vətəndaşa maliyyə zərəri dəyirsə, bu zərər kompensasiya olunmalıdır. Bu məsələ mülki hüquqda da öz əksini tapıb”.

Həsənovun fikrincə, bu yöndə görülməli olan bir çox işlər var:

“Düşünürəm ki, prosesdə iştirak edən təyinedici tərəflərin üzərinə birbaşa məsuliyyətin qoyulması və bu öhdəliyin düzgün yerinə yetirilmədiyi təqdirdə, cavabdehliyin formalaşması zəruridir. Bu gün heç kəs bu məsələyə görə cavabdehlik daşımır. İşində hansısa korrupsiya parametiri olan zaman çox cüzi sayda məsuliyyətə cəlb edilənlər olur. Amma digər bütün səhvlərin hamısının əvəzini vətəndaşlar ödəməli olur ki, bu da düzgün deyil”.

Qeyd edək ki, hazırki qanunvericiliklə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr nəzərə alınmır. Bu isə əlilliyi dayandırılmış şəxslərin yenidən əlillik təyin edilən müddətə qədər müavinət ala bilməməsinə səbəb olur.

Ülviyyə Şahin