2014-cü il yanvarın 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanun vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. İctimai şuralar bu qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur. 

Qanunda ictimai iştirakçılığın məqsədləri vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət qurumları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin, vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsindən ibarətdir. 

İctimai şuraların yaradılması qaydasına gəlincə, Şura 5-15 üzvdən ibarət tərkibdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. 16 yaşına çatmış hər bir vətəndaş ictimai şuranın üzvü ola bilər. Şuranın səlahiyyət müddəti iki ildir. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir.

Qanunun qüvvəyə minməsindən 7 ildən çox vaxt keçsə də, dövlət qurumlarında ictimai şuraların yaradılması prosesi ləng gedir. Çünki şəffaflıq, hesabatlılıq kimi ciddi problemləri olan hökumət qurumları məşvərətçi olsa belə, kənar şəxslərə öz fəaliyyətlərinə nəzarət imkanları vermək istəmirlər. Problem bir neçə dəfə geniş ictimai müzakirəyə çıxarılıb, hətta parlamentdə də ictimai şuraların yaradılmasına qarşı məmurların müqavimət göstərməsi tənqid olunub. Məsələyə prezident İlham Əliyev də münasibət bildirib, dövlət qurumlarını ictimai şuraların yaradılmasına şərait yaratmağa çağırıb.

Son illər bir neçə nazirlik və komitələrdə şuralar təsis edilib və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin təmsilçiliyinə imkan yaradılıb. Hazırda proses daha geniş şəkildə davam edir və ehtimal etmək olar ki, bütün hökumət qurumlarını əhatə edəcək. 

Bəs, şuralara bəslənən ümidlər özünü doğrultdumu? Dövlət qurumları verilən qərarlarda bu qurumların tövsiyələrini nəzərə alırmı? Ümumiyyətlə, şuralar qanunla ona verilən səlahiyyətlərdən istifadə edə bilirlərmi? Nazirliklər üçün arzu olunmayan şəxslərin orada təmsilçiliyi mümkündürmü? Nəhayət, şuralar vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi kimi əsas funksiyasını həyata keçirə bilirlərmi? 

Hüquq və İnkişaf Mərkəzi ictimai Birliyinin rəhbəri Hafiz Həsənov “Press Klub”a şərhində bildirdi ki, hazırda fəaliyyət göstərən və yeni yaradılan ictimai şuraların böyük əksəriyyətinin fəaliyyəti mahiyyətcə icimai iştirakçılıq deyil: 

“İctimai şuraların tərkibinə baxsaq, demək olar ki, hamısında təxminən eyni təşkilatların nümayəndələri təmsil olunur – həm də, qeyri-hökumət təşkilatının fəaliyyət yönümü müvafiq dövlət qurumunun fəaliyyət sahəsinə uyğun oldu-olmadı…”

H. Həsənov qeyd edir ki, ictimai şuraların mövcud vəziyyəti əslində bu qurumların fəaliyyətsizliyini göstərir:

“Təşəbbüslər edilmir, təklif və tövsiyələr verilmir, ictimai nəzarət imitasiya xarakteri daşıyır və s… İndiyədək hansı ictimai şurada ictimai müzakirələr aparılıb, ictimai dinləmə keçirlib? Hansı təkliflər verilib və bu təkliflərin hansıları qəbul edilib? Müvafiq dövlət qurumlarının qərarlarına və fəaliyyətlərinə hansı müsbət təsirləri olub, nə dəyişib? İnsanlar niyə ictimai iştirakçılığın ictimai müzakirələr, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi, qərarların qəbulu proseslərində iştirak, təkliflər vermək və sair kimi formalarında iştiraka deyil, məhz ictimai şuralarda təmsil olunmağa cəhd edirlər? Təəssüf ki, bu kimi sualların cavabları ya yoxdur, ya da mənfi xarakterlidir. Belə olan halda, ictimai şuralarda bu cür təmsilçiliyin nəyi ictimai iştirakçılıqdır?!”

Ekspertin sözlərinə görə, müşahidələr və sosial mediadakı müzakirələr göstərir ki, bu cür təmsilçilik daha çox kommersiya maraqlarından irəli gəlir və müvafiq dövlət qurumunun imkanlarından faydalanmaq məqsədi güdür: 

“İndi elə vəziyyət yaranıb ki, ictimai şuraların özünə ictimai nəzarət lazımdır. Məncə, belə bir vəziyyətə hər bir vətəndaş cəmiyyəti nümayəndəsi münasibət bildirməlidir. Çünki bütün bu mənfiliklər bütövlükdə vətəndaş cəmiyyətinin adına yazılır. Hesab edirəm ki, “İctimai iştirakçılıq haqqında” qanunun özündə müəyyən dəyişikliklər edilməli, bu qanun onun məqsədlərinə uyğun tətbiq edilməli, İctimai şuralara seçkilərin qaydaları dəyişdirilməli, seçkilər müvafiq dövlət qurumlarının asılılığından və nəzarətindən çıxarılmalıdır. Eyni zamanda, maraqlar toqquşmasının aradan qaldırılması üçün müvafiq dövlət qurumunun yanında yaradılan ictimai şuralar həmin dövlət qurumundan sosisal sifarişli layihələr, qrantlar, birbaşa və dolayı maliyyə yardımları almamalıdırlar”.

Turqut