Çində “Arşın mal alan” operettasının premyerası olacaq

Çinin ən iri şəhərlərindən biri olan Tiandzində yerləşən 3600 nəfərlik möhtəşəm Böyük Teatrda (Tianjin Grand Theatre) dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının yeni quruluşda premyerası olacaq.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından  verilən məlumata görə, artıq üçüncü dəfə səhnələşdirilən əsərin Çində ilk ifası 1959-cu ildə və daha sonralar Pekində – 2010-cu ildə əməkdar incəsənət xadimi Hafiz Quliyevin tərtibatında gerçəkləşib.
Tiandzin Böyük teatrında “Arşın mal alan”ın yeni quruluşu Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Tiandzin Mədəniyyət və Turizm üzrə bələdiyyə bürosunun dəstəyi ilə keçirilir.
Lahiyənin bədii rəhbəri – İpək Yolu Mədəniyyət Birliyinin Prezidenti Klaudia Yanq (Malaziya), tamaşanın baş məsləhətçisi və koordinatoru – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, baş menecer – Yan Linqyanq (Çin), dirijor – Sun Jinqkay (Çin), opera üzrə kastinq direktoru – Li Ksaofey və Lu Şenqdir (Çin).

 

Tamaşa 18 sentyabr – Musiqi bayramı və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuşdur. Tianzin Böyük Teatrının dizaynı 2012-ci ildə alman şirkəti “Gerkan, Marg and Partners” tərəfindən hazırlanmış və tez bir zamanda ölkənin ən iri mədəni mərkəzlərindən birinə çevrilmişdir.
Dünyanın ən iri musiqi kollektivləri – Filadelfiya simfonik orkestri, Yaponiya Milli Simfonik orkestri, Mariinski Teatrı, Anna Sofi Mutter, Gidon Kremer kimi tanınmış ifaçılar həmin səhnədə dəfələrlə çıxış etmişlər.
2022-ci ildə Tiandzin Böyük Teatrında Harbin və Kunmin Filarmonik orkestrinin dirjoru Əyyub Quliyevlə keçiriləcək konsertlərdə Azərbaycan musiqisinə həsr olunmuş xüsusi proqramın təqdimatı gözlənilir.