Sənət və siyasət müqayisə-toqquşması hər zaman maraqlıdır.

Çağdaş İncəsənət və Art-fəallıq Laboratoriyası ArtLab-ın – Yerevandakı yaradıcılıq qrupunun həmtəsisçisi, rəssam Hovannes Margaryan Ermənistanın müxtəlif şəhərlərində açıq platformaların qurulmasını vacib sayır. Bu, bir yerə, daha sonra mühitə, ardınca yaratmaq istəyinə sahib olmaq üçün lazımdır.

Siyasi sənət həmişə siyasi institutların xaricində qalmalıdır (içəridə olanda o, istər-istəməz təbliğat vasitəsinə çevrilir). Hovannes Margaryan mediaya da eyni qaydada yanaşmağı təklif edir.

İndi çətin vəziyyətdəyik, siyasi gərginlik var, media aləmi qaynayır. Müasir sənət bu böyük informasiya səs-küyündə fərqli nə təklif edir?

Ümumiyyətlə, müasir sənət cəmiyyətin inkişafına mane olan köhnə fikirləri, əlaqələri və stereotipləri yenidən nəzərdən keçirmək imkanı verir.

O, yeni bir reallıq yaratmır, lakin yeni imkanlar açır, mədəni inqilab üçün yeni istiqamətlər göstərir.

Müasir sənətkarlar həyatın adiliyinə çevrilmiş social fəallıqdan şüurlu dəyişikliklərə və həmrəyliyə keçməyə can atırlar.

Problem ondadır ki, əksər insanlar müasir sənəti qavranılması çətin bir şey kimi başa düşürlər. Hərçənd, müasir sənət çox sadə fenomendir, yalnız öz zamanının, hadisələrə yanaşma tərzinin (və s.) xüsusiyyətlərini əks etdirir.

Hazırda biz art-fəallıq və çağdaş sənət haqqında bir proqram həyata keçiririk. Yerevan, Qafan, Gümrüdə, digər bir neçə şəhərdə insanların toplaşa, danışa, müzakirələr apara, yaradıcılıqla məşğul ola və yeni cəsarətli təkliflər irəli sürə biləcəyi açıq platformalar yaratmağa çalışırıq.

Biz müstəqil və azad düşüncəni təbliğ etməyə, ictimaiyyətin diqqətini plüralizmə və yeni gündəmin formalaşmasına yönəltməyə çalışırıq.

Əvvəl-axır, çağdaş sənət layihələri yalnız sənətin özünə aid olmamalıdır.

Müharibədən sonra azadlıq və təhlükəsizlik arasındakı toqquşma göz qabağındadır. Bəs indi – Ermənistanda növbədənkənar seçkilər ərəfəsində sənətin yaranmış şəraitə reaksiya verəcəyini gözləyə bilərikmi?

Əslində, sənətin təkcə nəyəsə cavab verməməsi, həm də dövrünün mütərəqqi düşüncəsini ifadə edən təkliflərlə çıxış etməsi arzuolunandır.

Nələrdən keçməyimizdən asılı olmayaraq, cəmiyyət gec-tez sülhə, dəyişikliklərə və daha konseptual ideyalara qovuşacaq.

Qanuna hörmət, rüşvətdən imtina, dözümlülük, barışıq, illüziyalardan xilas ən çox yayılan, zəhlə tökənə qədər təkrarlanan ideyalardandır. Amma həmin ideyaların kollektiv şüurumuzu dəyişməsi üçün uzun illər və əvəzolunmaz qurbanlar vermək lazım gəlib. Əlbətdə, söhbət bu mənada kollektiv şüur daşıyıcısı olmaqdan qorxmayanlardan gedir.

Düşünürəm ki, burada bizim müasir sənətçilərimiz üçün geniş fəaliyyət meydanı var.

Məsələn, Qafandakı “Gələcəyin ssenariləri: bildiklərinizi unudun, arzularınıza güc verin” adlı layihəmizi sərgi ilə yekunlaşdırmağı nəzərdə tuturuq və ümid edirik ki, sərgidə mədəni dəyişikliklərin inqilabi dalğasını gözlərimizlə görəcəyik.

Media sahəsi çox siyasiləşdirilib. Və gördüyümüz qədər, stereotipləri yayan əsas sahə məhz mediadır.

Təəssüf ki, belədir, media da müstəqil deyil, əsasən imkanlı partiyaların və oliqarxların sifarişlərini yerinə yetirir.

Və əgər media gerçəkdən müstəqil deyilsə, o, xəbərlərdən başqa, nə desən yayır.

Siyasi sənət “partiyalı həqiqətlər”ə qarşı çıxır edir və daha çox reallıqla məşğul olmağa, hadisələrdə iştirak etməyə çalışır.

Təəssüf ki, bu gün partiyalar yeni fikirlərlə deyil, köhnəlmiş, öz ömrünü yaşamış və söyüşlərlə dolu fikirlərlə çıxış edirlər.

Cəmiyyətdə sıfır etimada malik bəzi partiyaların və ya “vətən xilaskarları”nın birlikləri dövlətin zəifliyindən faydalanmaqla yanaşı, xalqın bədbəxtliyindən və apatiyadan hakimiyyəti ələ keçirmək üçün istifadə edirlər.

Yadımdadır, birinci Qarabağ müharibəsi zamanı ABŞ-da yaşayan bir azərbaycanlı sənətçi demişdi ki, onlar Ermənistana mədəni səviyyə baxımından məğlub olublar.

İndi isə biz təəssüflə deyə bilərik ki, ikinci Qarabağ müharibəsində mədəni səviyyə baxımından məğlub olduq.

Bu, sadəcə silahın məğlubiyyəti deyil, həm də mədəniyyətin məğlubiyyəti idi. Aram Xaçaturyanı və ya Artavazd Peleşyanı restoran müğənniləri ilə əvəzlədik, məktəbdə elm və bilikləri din dərsləri ilə əvəzlədik, dövlətimizin “bir nömrəli kürəkəni” qəsrlər tikdirdi, özünə incəsənət muzeyləri və KİV aldı, amma Türkiyə Bayraktar yaratdı.

Hələ biz zəngin generallarımızın tikdirdikləri qəsrlərdən danışmırıq.

Bu, sonradan məğlubiyyətimizin əsasını təşkil edən mədəni bazisimiz idi.

Müharibələr həqiqəti əks etdirir: qavrayışın, ağlın, mədəniyyətin səviyyəsini göstərir. Restoranlarda kef məclisləri qurmaqla, vətənin çiçəklənməsi sağlığına içib rəqs etməklə və ya cəfənğ “erməni geni”nə ümid bəsləməklə qalib gələ bilməzsiniz.

Əslində, bəlkə də, biz heç müstəqil ola bilmədik.

İndi Qafanda bir çoxları Azərbaycan bayraqlarını görəndə psixoloji və hətta fiziki ağrı yaşadıqlarını söyləyirlər. Həmin simvol bu qədərmi dəhşətlidir?

Sonradan postmodernizmin əsasını təşkil etmiş postulatlardan biri identlik, yəni şəxsiyyət axtarışı idi.

İdentlik standartı 11 sentyabr 2001-ci ildə terrorçuların qaçırdığı təyyarələrin iki Nyu-York göydələninə çırpılması ilə məhv edildi. O zaman Birləşmiş Krallığın baş naziri Toni Bleyerin bəyan etdiyi kimi, postmodernizm sona çatdı.

Yəni standartlar və ideyalar dəyişdi. İdentlik tolerantlıqla əvəz olundu.

Ermənilər və azərbaycanlılar eyni deyillər, çox fərqlidirlər, amma bir-birimizə dözümlü yanaşmağa çalışmalıyıq. Burada çox şey yetişən nəsildən asılıdır.

Ancaq hər bir vəziyyətdə problemlər və ya simvol məsələləri biliklə həll edilir.

Müsahibəni apardı: Nune Haxverdyan

(Məqalənin orijinalı Media.amsaytında: “We Weren’t Able To Be Really Independent”)