Beynəlxalq Valyuta Fondu (BVF) ayrı-ayrı ölkələrdə pandemiyanın əhaliyə təsirlərini azaltmaq üçün hökumətlərin dəstək proqramlarına xərclədiyi vəsaitlərin həcminin müqayisəsini aparıb. Hesabatda səhiyyə və səhiyyədənkənar sektorlarda hökumətlərin gerçəkləşdirdiyi toplam birbaşa dəstək, vergi güzəştləri və vaz keçilən gəlirlər Ümumi Daxili Məhsulda payı baxımından müqayisə edilib. Bu göstəriciyə görə, ölkələr 5 qrupa bölünür.

Pandemiya dövründə “ən səxavətli” ölkələr qrupu ÜDM-in 10 faizindən daha çoxunu dəstək tədbirlərinə xərcləyən ölkələrdir. Digər üç qrupa dəstək tədbirlərinə ÜDM-in 7,5 – 10 faizini, 5 – 7,5 faizini və 2,5 – 5 faizini xərcləyən ölkələr daxildir. Sonuncu qrupa isə vətəndaşlarına ÜDM-ə nisbətdə ən az vəsait sərf edən ölkələr daxil edilib. Həmin ölkələrdə dəstək tədbirlərinə sərf edilən vəsait ÜDM-in 2,5 faizindən də aşağıdır.

Beynəlxalq Valyuta Fondunun araşdırmasından məlum olur ki, Azərbaycan məhz sonuncu qrupa daxildir. Təşkilatın qiymətləndirməsinə görə, Azərbaycanda dəstək paketlərinə sərf edilən vəsait ÜDM-in 2,1 faizi qədərdir. Hesabat ötən ilin yanvarından bu ilin aprelinədək olan müddəti və 200-ə yaxın ölkəni əhatə edir.

Prezident İlham Əliyev 2020-ci il mayın 18-də Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında Azərbaycanın bu məqsədlə ayırdığı vəsaitin həcmini və görülən dəstək tədbirlərinin həcmini açıqlamışdı:

“… Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb. İşini itirənlər üçün dövlət öz sosial dəstəyini göstərir. İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektorunda çalışan 900 min nəfərin hər birinin əməkhaqqı ödənilir. Bu və digər tədbirlərə biz bütövlükdə 3,5 milyard manat vəsait ayırmışıq və nə qədər lazımdırsa, o qədər də ayıracağıq. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə mətbuata bildirib ki, prezidentin qəbul etdiyi qərarlarla 2 sosial paket icra olunub ki, nəticədə ümumilikdə əhalinin 42 faizinin, yəni 4,2 milyon nəfərin ciddi sosial dəstəklə əhatə olunması, əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlər, eləcə də digər sosial ödənişlərin məbləğinin əhəmiyyətli dərəcədə, hətta bir sıra istiqamətlər üzrə iki dəfədən çox artırılması təmin olunub:

“Bu işlər dövlət sektoru üzrə 925 min, qeyri-dövlət sektoru üzrə 735 min, ümumilikdə 1 milyon 660 min muzdla çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunmasına imkan verir”.

Vergilər Nazirliyinin informasiya bazasında pandemiya dövründə əhaliyə, sahibkarlığa göstərilən dövlət dəstəyinin həcmi barədə məlumat yerləşdirilib. Xatırladaq ki, hökumət karantin rejiminin qüvvədə olduğu aylarda maddi vəziyyəti pisləşən 600 min nəfərə birdəfəlik maddi yardım göstərib. Bu məbləğ əvvəlcə 2 ay ərzində bütün ölkə üzrə, daha sonra karantin rejimi elan edilən ayrı-ayrı şəhər və rayonlarda qeydiyyatda olan işsizlər üçün verilib.

Prezidentin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən 4 mərhələdə sakibkarlara və muzdlu işçilərə yardım göstərilib. İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısını mərhələlər üzrə təqdim edib.

Birinci mərhələdə fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üçün 80 milyon manatın ödənilməsi nəzərdə tutulub. 119.024 vergi ödəyicisinin müraciəti araşdırılıb, 111.986 vergi ödəyicisinə 63.804,2 min manat verilib. Pandemiyadan zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramının icrası məqsədilə birinci mərhələdə 215 milyon manat ödənilib. 29.268 vergi ödəyicisi üzrə 275.765 nəfər muzdlu işçiyə dəstək göstərilib

İkinci mərhələ çərçivəsində 50.148 fərdi sahibkar dövlətdən maliyyə dəstəyi alıb. Onlara ümumilikdə 104.083,3 min manat verilib. 26 oktyabr 2020-ci il tarixində isə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 204,6 milyon manat, fərdi sahibkarlara maliyyə dəstəyi üçün 77 milyon manat vəsait vergi ödəyicilərinin bank hesablarına köçürülüb. İki mərhələdə həyata keçirilmiş maliyyə dəstəyi proqramlarından 130 mindən çox vergi ödəyicisi yararlanıb, proqramlar 344 mindən çox vətəndaşı əhatə edib.

Üçüncü mərhələdə karantin rejiminin yumşaldılması ilə əlaqədər olaraq dəstək alan sahibkarların sayı kəskin azalaraq 12.982 vergi ödəyicisini əhatə edib, onlara 5.991,9 min manat ödənilib.

Dördüncü mərhələ çərçivəsində isə (ötən ilin dekabrı, 2021-ci ilin əvvəli) 185856 muzdlu işçini əhatə edən 20.442 vergi ödəyicisinə 41.753 milyon manat verilib.

İqtisadçı Qubad İbadoğlu isə bu barədə bildirmişdi ki, koronavirus pandemiyası dövründə sahibkarlara və əhaliyə ayrılmış yardımın məbləği 600 milyon manat civarındadır.

BVF-nin hesabatını “Press Klub”a şərh edən iqtisadçı Rövşən Ağayev bidirdi ki, pandemiyaya qarşı mübarizədə ev təsərrüfatlarına, biznesə az dəstək göstərmiş ölkələr iki qrupa bölünür:

“Birinci qrup kifayət qədər yoxsul ölkələri əhatə edir, onların maddi imkanları yoxdur, əsasən “üçüncü dünya” ölkələridir. Məsələn, bizim regiondan Ermənistan bu siyahıdadır. İkinci qrup isə təbii resurs ölkələridir. Məsələn, Qazaxıstan, Azərbaycan, Səudiyyə Ərəbistanı və s. Adıçəkilən ölkələrdə əlbəttə, resurs problemi yoxdur, istəsələr, iqtisadiyyata kifayət qədər pul inyeksiya edə bilərlər. Amma niyə etmirlər? Bunun iki fundamental səbəbi var. Birincisi, institusional səbəblərlə bağlıdır. Məsələn, Azərbaycanda icbari tibbi sığorta oturuşmayıb. Dövlət bu sektora, keyfiyyətli səhiyyəyə kifayət qədər vəsait xərcləmir. Siz həmin hesabata baxsanız, görərsiniz ki, Azərbaycanın xərclərinin az olmasının əsas səbəblərindən biri səhiyyənin dəstəklənməməsidir. COVİD-19 kimi pandemiya şəraitində gərək, dövlət səhiyyəni ciddi şəkildə dəstəkləsin, amma göründüyü kimi, Azərbaycanda evdə müalicə alan xəstələrin dava-dərman, müalicə xərclərini dövlət əhalinin öz üzərinə qoyub”.

Ağayev ikinci istiqamətin biznesə dəstəklə bağlı olduğunu qeyd edir:

“Məlumdur ki, inkişaf etmiş ölkələrdə biznesə dəstək bir neçə istiqamətdə həyata keçirilir. Biznes subyektlərinin problemli aktivlərini, səhmlərini, borc kağızlarının bir hissəsini dövlət müəyyən müddətə alır və s. Azərbaycanda biznesə dəstək çox aşağı səviyyədə oldu. Əvvəla, qiymətli kağızlar bazarı yoxdur, beləliklə, problemli aktivləri almaq üçün institusional mühit mövcud deyil, ikincisi, biznesə birbaşa maliyyə dəstəyi verməyə həvəs göstərilmədi. Çünki resurs ölkələrində hökumətlər özlərini biznesdən asılı hiss etmirlər. Bir ölkənin büdcəsinin əsas hissəsi biznesin ödədiyi vergidən formalaşmırsa, orada hökumət özünü bu sektordan asılı hesab etmir”.

İqtisadçı ev təsərrüfatlarına dəstək məsələsində də Azərbaycan hökumətinin axsadığını vurğuladı:

“İnkişaf etmiş ölkələrdə bu sektora kifayət qədər vəsait verildi ki, pul dövriyyəsi olsun, insanlar, iqtisadiyyat ayaqda dura bilsin. Təəssüf ki, resurs ölkələrinin sırasında olan Azərbaycanda iqtisadi fəallıq ev təsərrüfatlarının xərcləmələrindən yaranan dövriyyə deyil, dövlət invesitisiyaları çərçivəsində aparılan xərcləmələr, enerji daşıyıcılarının topdan satışından əldə edilən vəsaitlər hesabına təmin edilir. Ona görə, resurs ölkələri ev təsərrüfatlarının qayğısına qalmağı özlərinə borc bilmirlər”.

Ekspert institusional problemlərdən biri kimi statstikada ciddi problemlərin olduğunu da qeyd etdi:

“Azərbaycanda qeyri-leqal işləyənlərin, yoxsulların etibarlı sayı məlum deyil. Həm də bu səbəbdən ev təsərrüfatlarına əhəmiyyətli dəstək verə bilmirlər”.

Turqut