Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) Bakıda daha 3 yaşayış binası tikməyə icazə verib. Bu barədə Komitə məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yeni binalar paytaxtın Qaradağ rayonunun Ümid qəsəbəsində inşa ediləcək. Obyektlərin layihəçisi “Kapitel” MMC-dir.

Ortaya belə bir sual çıxır: işğal altındakı ərazilər azad olunduqdan sonra Bakıda məcburi köçkünlər üçün yeni binaların tikintisini davam etdirməyə ehtiyac varmı?

Öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəyini öyrənməyə çalışdı. Qurumdan sualımıza cavab olaraq bildirildi:

“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Bakıda daha 3 yaşayış binası tikməyə icazə verilməsi ilə bağlı məlumat yerləşdirilib. Həmin binaların gələcək təyinatı isə hələ bəlli deyil.”

Lakin bu cavab yeni sualların ortaya çıxmasına səbəb oldu. “Qaçqınkom” məcburi köçkünlərdən başqa daha kimlər üçün yaşayış binası tikə bilər? Qanun bu barədə nə deyir?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Press Klub”a açıqlamasında yeni binaların tikilməsindən söhbət getmədiyini söylədi:

“Komitə sözügedən ərazidə artıq üç binanı inşa edib. Həmin binalar şəhid ailələrinə paylanılıb. Sadəcə olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin binalara indi kod verib ki, həmin kodlar əsasında sayğaclar quraşdırılsın, binaya qaz verilsin və s… KİV də oradan məlumatı götürüb, amma dəqiqləşdirmə aparmadan məlumatı yayıb…”

Yəni, millət vəkilinin sözlərinə görə, yeni binaların tikintisindən yox, hazır binalara Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən kodun verilməsindən söhbət gedir.

Amma yenə sual yaranır: əgər məsələ Q.Həsənquliyevin dediyi kimidirsə, bəs, onda Komitə niyə fərqli danışır? Çünki “Qaçqınkom” sözügedən binaların təyinatının bəlli olmadığını deyir. Deputat isə həmin binaların artıq şəhid ailələrinə paylandığını söyləyir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daha ətraflı izahatına ehtiyac var. Komitədən sorğumuza cavab gözləyirik…

Ülviyyə Şahin