Tarixçi-alim, siyasətşünas, Avrasiya Tədqiqatlar Mərkəzinin əməkdaşı Maksim Qoən “Caucase de France”a müsahibəsində Dağlıq Qarabağ münaqişəsi, Ermənistanda siyasi böhran, Fransa-Azərbaycan-Türkiyə əlaqələri haqda danışıb.

– Tərəflər arasında ötən il noyabrın 10-da imzalanmış atəşkəs bəyannəməsindən sonra silahlar sussa da, vəziyyət hələ qənaətbəxş deyil. Ermənistan minaladığı ərazilərin xəritəsini, beynəlxalq hüquqa zidd olaraq, Azərbaycana verməkdəm intina edir. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa bu iki dövlət arasında sülhün yaradılmasında hansı rolu oynaya bilər? 

– Fransa Minsk qrupunun həmsədri kimi, bu məsələdə ciddi bir iş görə bilməz. Çünki ötənilki müharibədən sonra Minsk qrupu praktiki olaraq mövcud deyil. ATƏT-in Minsk qrupu bu münaqişəni sülh yolu ilə həll etməli idi. Lakin o, tam iflasa uğradı. Bunu Azərbaycan da bilir, digərləri də bilirlər.

Əgər Fransa bu məsələdə hər hansı rol oynamaq istəyirsə, anlamalıdır ki, bu gün Minsk qrupu Bakı üçün pis xatirədən, sağlam düşüncəli ermənilər üçün isə itirilmiş fürsətlərin doğurduğu peşmanlıqdan başqa bir şey deyil. Çünki BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hələ 1990-cı illərin əvvəllərində qəbul etdiyi qətnamələri silahlar icra edib. Problemin belə həllinə təəssüflənə bilərik, amma Azərbaycana başqa seçim qoymadılar.

– Dağlıq Qarabağ müharibəsi zamanı Parisin Ermənistana açıq dəstəyi Fransa-Azərbaycan münasibətlərini gərginləşdirib. Nəticədə bu gün Fransa şirkətləri Qarabağın yenidən qurulması layihələrindən kənarda qalacaqlarından ehtiyat edirlər. Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafını necə görürsünüz? Bu iki ölkə arasında ticarət əlaqələri yaxşılaşa bilərmi?

– Əlaqələr yaxşılaşa bilər, lakin Parisdə problemin öhdəsindən gələ biləcək siyasi iradəyə ehtiyac var. Çalışmaq lazımdır ki, Fransada həqiqətlər bilinsin. Məsələn, BMT Təhlükəsizlik Şurasının bayaq haqqında danışdığım 4 qətnaməsi, yaxud Ermənistanda nasist cinayətkarları Dro və Qaregin Njdenin davamlı olaraq qəhrəmanlaşdırılması kimi həqiqətlər. Bugünkü böhran sırf Parisin anlaşılmaz seçimlərindən qaynaqlanır.

Elə etmək lazımdır ki, Azərbaycan Moskvanın təzyiqləri qarşıısında Fransaya güvənə biləcəyinə əmin olsun – bu, bir çox problemi həll edəcək elementar müdriklik olardı.

– Bu gün Ermənistanda siyasi böhran yaşanır. Revanşist əhvalın hiss olunduğu ölkədə davamlı nümayişlər keçirilir. Ermənistan hökuməti vəziyyəti yoluna qoymaq üçün hansı addımları atmalıdır?

– Hələ 2009-cu ildə hakimiyyəti zorla ələ keçirmək təhdidi etmiş, bu gün də faktiki olaraq öz niyyətini gizlətməyən ən təhlükəli siyasi quruluş – Erməni İnqilabi Federasiyasının (vaxtilə Dro ilə Njde bu təşkilata rəhbərlik ediblər) fəaliyyəti qadağan edilməlidir. Bu, radikal, lakin ən faydalı yoldur. Levon Ter-Petrosyan 1994-cü ildə bunu etmişdi. Lakin 1995-ci ildə qadağanı aradan qaldırdı. Bu yumşaqlıq Ter-Petrosyanun president kürsüsünü itirməsi ilə nəticələndi.

Erməni İnqilabi Federasiyasının rəhbərləri, həmçinin üzvləri üsyan çağırışı edərlərsə, eyni zamanda hər hansı başqa cinayətə əl atarlarsa, ciddi nəzarət altına alınmalı, sistemli mühakimə olunmalıdırlar. Müxalifətin qalan hissəsi təhlükəli deyil – istər korrupsiyaya görə nüfuzdan düşmüş Respublikaçılar Partiyası, istərsə də 2020-ci ilin payızınadək Ermənistanın özündə belə, çox az adamın tanıdığı kiçik partiyalar.

Bu gün Ermənistanda daha bir problem generalların itaətsizliyidir. Bu azmış kimi, ölkə prezidenti də revanşist mövqe tutur. Nəticədə Paşinyan hakimiyyəti iflic vəziyyətdədir. Paşinyan yalnız qarşıdan gələn seçkidə qələbə qazanacağı təqdirdə sədaqəti şübhə altında olan hərbçilər, həmçinin son məğlubiyyətin ağırlığını başa düşməyən president qarşısında güclü mövqedə olacaq.

– Avropa İttifaqının rəhbərləri Ankara ilə diplomatik münasibətlərə yeni start vermək məqsədi ilə aprelin 6-da Türkiyədə olublar. Fikrinizcə, tərəflər arasındakı gərginliyin azaldılması mümkündürmü? Ümumiyyətlə, Aİ-Türkiyə əlaqələrinin gələcəyini necə görürsünüz?

2020-ci ilin sonlarından etibarən yaşananlar gərginliyin azaldılması istiqamətində atılan addımlardır. Amma bu, reallıqda öz təsdiqini tapmalıdır. Belə addımlar daha da gücləndirilməlidir.

Konkret Fransa-Türkiyə münasibətlərinə gəlincə, Parisdə anlamalıdırlar ki, Türkiyəyə qərəzli yanaşma seçkilər baxımından ultrasağçılara, iqtisadi cəhətdən isə Fransanın rəqiblərinə sərf edir. Fransız-Türk assosiasiyaları birləşməli, üzvlərini və tərəfdarlarını Fransada keçirilən seçkilərdə səs verməyə təşviq etməli, mediada onları ifadə edə biləcək liderlər seçməlidirlər.

İstər Fransanın Ankaradakı, istərsə də Türkiyənin Parisdəki səfirləri çox səriştəli diplomatlardır və onlar artıq gərginliyin azaldılmasına töhfə verirlər. Amma onların bu fəaliyyəti bəzilərinin boş oturması, yaxid səhvlərini davam etdirməsi üçün bəhanə olmamalıdır.

(Fransız dilindən tərcümə – WorldMedia.Az. Orijinal: Maxime Gauin: La guerre dans le Haut-Karabakh, aucun autre choix n’a été laissé à l’Azerbaïdjan)