“Avropa parlamenti erməni əsirlərinin azad olunması və vətənə qaytarılması məsələsini müzakirə edəcək”, – deyə Ermənistanın ombudsmanı Arman Tatoyan xəbər yayıb. Onun Facebook səhifəsinə istinad edən yerli media isə bildirir ki, aprelin 12-nə təyin olunmuş bu parlament müzakirəsındə Aİ-Ermənistan dostluq qrupunun rəhbəri Lukas Furlas, Cənubi Qafqazla münasibətlər üzrə nümayəndəliyin rəhbəri Marina Kalyurand, habelə Arman Tatoyan özü və “Ay dat”ın Avropa ofisinin icraçı direktoru Hegine Evinyan məruzə ilə çıxış edəcəklər.

Əslində isə Tatoyan yenə “balaca biclik” işlədir. Gerçəkdə söhbət Avropa parlamentinin üzvlərindən biri, kiprli Furlasın təşkil etdiyi virtual konfransdan gedir. Onun Twitter-də qoyduğu plakatda sağ-mərkəzçi Avropa Xalq Partiyasının, və Kiprin Demokratik Ralli Partiyasının emblemləri göstərilir. “Bu tədbirə sahiblik etmək mənim üçün şərəfdir, – deyə Furlas Twitter-də yazır. – Azərbaycanda erməni əsirləri və hərbi əsirlər problemi ən təcili və mühüm humanitar problemlərdən biri kimi qalır və hamımızı narahat etməlidir”.

Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar bitdikdən sonra əsirlər problemi erməni tərəfi üçün həqiqətən də kəskiliyini saxlayır. Onların dəyişdirilməsi nəticəsində Yerevana xeyli sayda erməni hərbçisi qaytarılıb. Amma hüquq müdafiəçiləri iddia edirlər ki, Azərbaycanda hələ çoxlu erməni əsiri qalır (hesabatlarda 62 nəfərdən 300 nəfərədək rəqəmlər qeyd olunur). Bununla belə, Azərbaycan tərəfi hərbi əsirlərin qaytarılması məsələsini bitmiş hesab edir. Bakı bildirir ki, müharibə bitdikdən sonra Azərbaycan ərazisinə yeridilmiş və terrorçuluğa qarşı əməliyyatlar nəticəsində ələ keçirilmiş erməni diversantları (məsələn, Şirak yaraqlıları) “hərbi əsir” sayıla bilməzlər.

Press Klub