Prezident İlham Əliyevin məhkəmə və hüquq sistemində islahatların dərinləşdirilməsinə dair 3 aprel 2019-cu il tarixli, 604 nömrəli fərmanından 2 il ötür. Ötən müddətdə bu sistemdə nə kimi dəyişikliklər baş verib? Hansı istiqamətlərdə köklü dəyişikliklərdən danışmaq olar?

Vəkillər Kollegiyasının üzvü Bəhruz Bayramov “Press Klub”a şərhində ötən dövr ərzində məhkəmə-hüquq sistemində müəyyən dəyişikliklərin olduğunu söylədi:

“Dəyişiklikləri əsasən mülki işlər üzrə görmək mümkündür. Amma bunu cinayət işləri və cəza siyasəti haqqında demək çətindir. Mülki işlər üzrə bir çox istiqamətlərdə irəliləyişlərin, müsbətə doğru dəyişiklilərin olduğunu müşahidə edirik. Sözügedən fərmanda cəza siyasətinin dəyişdirilməsi barəsində bəndin olmasına baxmayaraq, bu yöndə hansısa dəyişikliyin olmasından söhbət belə gedə bilməz”.

Vəkil ümumilikdə ədalət mühakiməsində çox ciddi dəyişikliklərin baş vermədiyini deyir. Onun fikrincə, müsbət dəyişikliklərdən biri məhz elektronlaşmanın həyata keçirilməsidir:

“Özüm də çox rahat şəkildə həmin portaldan istifadə edə bilirəm. Elektron kabinetə daxil olmaq və açar sözləri qeyd etməklə bütün məlumatları əldə etmək mümkündür”.

Vəkil cəza siyasətində dəyişdilməsini istədiyi bir sıra məqamlara da toxundu:

“Tutaq ki, məhkuma doqquz il iş kəsilib. Həmin məhkum səkkiz il cəzasını çəkib, vaxtından əvvəl azadlığa çıxmaq üçün müraciət edib. Prokurorluq bunların hamısından protest verir, apellyasiya məhkəməsi də təsdiq edir”.

B.Bayramovun sözlərinə görə, elə vəziyyət yaranıb ki, artıq hansı hakimin ədalətli, hansı hakimin ədalətsiz qərar çıxaracağını öncədən təxmin etmək mümkündür: “Məsələn, elə hakimlər var ki, hər zaman ədalətli qərar çıxarır və hüquqlarını müdafiə etdiyim insanın işinin həmin hakimdə olması sevindirici hal olur. İnzibati işlər üzrə də ciddi dəyişikliklərin olduğunu demək mümkün deyil. Bu sahədə bir sıra çatışmazlıqlar hələ də mövcuddur. Əsaslı dəyişikliklərdən isə konkret olaraq söhbət gedə bilməz”.

Hüquqşünas Əkrəm Həsənov “Press Klub”a açıqlamasında sözügedən fərmana uyğun olaraq ixtisaslaşmış inzibati və kommersiya məhkəmələrinin yaradıldığını vurğuladı:

“Bununla yanaşı, hakimlərin əmək haqları artdı. Hakimlərin dəftərxana xərci birbaşa özlərinə ödənilməyə başlandı. Müsbətə doğru bu kimi dəyişikliklər baş verdi. Amma planlaşdırılan dəyişikliklərin əhəmiyyətli hissəsi hələ də icra olunmur. Məhkəmə proseslərinin fasiləsiz audioyazısı əksər hallarda, xüsusilə də cinayət işlərində aparılmır. Audioyazının aparılması məhkəmə iclaslarında baş verənlərin protokollaşdırılması üçün vacibdir. Təəssüf ki, bəzən məhkəmədə baş verənlər protokollaşmada düzgün əks etdirilmir. Bu, əsasən də cinayət işlərində özünü göstərir”.

Hüquqşünas bildirdi ki, müsbət dəyişiklərdən biri də məhkəmə qərarlarının dərc olunmasıdır:

“Amma bu da tam həyata keçirilmir. Məsələn, Ali Məhkəmənin Plenumunun qərarları ümumiyyətlə, dərc olunmur. Ali Məhkəmənin özünün qərarları, kollegiyanın qərarları dərc olunur, amma Plenumun yox. Bu isə Prezidentin fərmanına ziddir. Ən başlıcası da odur ki, Ədliyyə Nazirliyinə tapşırıq verilib ki, məhkəmə qərarları üzrə axtarış imkanı yaradılsın. Müəyyən bir sistem olmalıdır ki, biz həmin sistem çərçivəsində məhkəmə təcrübəsini öyrənmək üçün hansısa bir qanun üzrə axtarış verək. Bu isə olduqca vacibdir. Çünki məhkəmələrin özbaşınalığının qarşısını almağın yolu budur ki, biz hamımız məhkəmələrin qərarlarını bilək və eyni cür işlər üzrə eyni yanaşmanı tələb edək. Bu, yoxdur. Ədliyyə Nazirliyi bu sistemi indiyədək təmin etməyib. Təmin etməmə səbəbini isə Ədliyyə Nazirliyinin özü yaxşı bilir. Onlardan soruşsanız, deyəcəklər ki, çətindir, uzun vaxt tələb edir. Amma hesab edirəm ki, bunu iki ilə etmək olardı. Mənə elə gəlir ki, bəzi şəxslərə bu məsələ sərf etmir. Ona görə ki, məhkəmə qərarları üzrə axtarış olsa, məhkəmədə korrupsiya halları azalacaq. Məsələn, mülki məsələ və ya vergi mübahisəsidir, amma məhkəmələr eyni tipli işlərə fərqli baxır, fərqli qərar verə bilirlər. Məsələn, tutaq ki, mən hakimi öncədən gördüm və qərar mənim xeyirimə verildi, lakin həmin işlə bağlı digər şəxsin işinə fərqli qərar çıxarılır. Bu zaman həmin şəxs gedib deyəcək ki, bu tipli digər işə bu cür baxılıb və tələb edəcək ki, mənim işimə də eyni cür baxmalısan. Əlbəttə ki, bu sistemi yaratmaq xeyli dövlət məmurlarına sərf etmir”.

Ülviyyə Şahin