Rusiya-Ukrayna sərhədində, habelə ölkənin şərqində – Donetsk və Luqansk vilayətləri ərazisindəki təmas xəttində gərginlik son günlər artıb. Atəşkəs tez-tez pozulur. İlin əvvəlindən bəri Rusiyaya bağlı separatçı-işğalçı qüvvələrin atəşi nəticəsində 27 ukraynalı həbçi həlak olub. Sosial şəbəkələrdə yayılan videokadrlardan hər iki tərəfin cəbhə xəttinə ağır silahlar, döyüş texnikası cəmləşdirdiyi görünür. Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyanın istənilən təcavüzünə cavab vermək əzmində olduğunu bəyan edib.

Müharibə riski yüksəlsə də, Qərb – xüsusən ABŞ və Böyük Britaniya Ukraynaya birmənalı dəstək nümayiş etdirir. Prezident Cozef Bayden, dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin, Baş Qərargah rəisi Mark Milli, milli təhlükəsizlik üzrə müşavir Сeykob Sallivan, eləcə də Britaniyanın müdafiə, xarici işlər nazirləri və Baş Qərargah rəisi ukraynalı tərəf-müqabilləri ilə əlaqə saxlayıblar. Müşahidəçilərin qənaətinə görə, toqquşma ehtimalı yüksəkdir və onu şərtləndirən bir neçə səbəb var:

Əvvəla, Qarabağ müharibəsində Türkiyə və İsrailin verdiyi yeni nəsil pilotsuz uçuş texnikası ilə Azərbaycanın Ermənistan üzərində böyük üstünlük qazanması Ukraynanı Donbasda hərbi əməliyyatlar keçirməyə həvəsləndirib. Rəsmi Kiyev Ankara ilə sıx təmasdadır, prezident Ərdoğan Ukraynaya birmənalı dəstək verir. Krım və Donbas məsələsində Türkiyənin mövqeyi NATO müttəfqiləri ilə üst-üstə düşür. Hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr yüksələn xəttə üzrə davam edir. Xüsusən Ukrayna rəhbərliyi Türkiyə hərbi-sənaye kompleksinin hazırladığı pilotsuz uçuş aparatları, zərbə dronları və bu qəbildən olan başqa müasir texnikanın alınmasına külli miqdarda vəsait xərcləyir. Razılaşmaya görə, Ukraynada Qarabağ müharibəsində mühüm döyüş keyfiyyətləri nümayiş etdirən TB-2 “Bayraktar” pilotsuz uçuş aparatlarının yerli istehsalı da təşkil ediləcək. Rəsmi Kiyev öz arsenalına bu silahları daxil edib, Türkiyə hərbçilərinin köməyi ilə təlim-məşq, sınaq uçuşları həyata keçirir. Gözlənilir ki, Rusiya ilə yeni müharibə olarsa, Ankara bacardığı qədər müttəfiqini dəstəkləyəcək. Bu günlərdə prezident Zelenskinin Ankaraya səfəri gözlənilir.

Ukraynanın ABŞ-la da sıx hərbi əlaqələri var. Vaşinqton Ukrayna ordusunun müasirləşdirilməsi, təchizatı, texniki problemlərinin həlli, döyüş qabiliyyətinin yüksəldilməsi üçün hər il 250-300 milyon dollar maliyyə ayırır. Amerika ordusunun zabitləri ukraynalı hərbçilərə təlimlər keçir. Məlumatlara görə, bu kömək sayəsində Ukrayna ordusunun bir neçə briqadası yüksək döyüş hazırlığına malikdir, habelə ən müasir silahlarla, o cümlədən ABŞ-ın məşhur tank əleyhinə “Javelin” sistemləri ilə təchiz olunub. Eyni zamanda, ABŞ Ukrayna tərəfini qiymətli kəşfiyyat məlumatları ilə təmin edir. ABŞ-ın pilotsuz aviasiyası müntəzəm olaraq Rusiya sərhədlərində uçuşlar keçirir.

Hərbi toqquşma riskini artıran başqa səbəblərə gəldikdə, əlbəttə, bu gərginlik təkcə iki ölkə arasında yaşanan konflikt deyil, Qərblə Rusiya arasındakı geosiyasi qarşıdurmanın da Ukraynaya birbaşa təsiri var. ABŞ-da Co Bayden hakimiyyətə gələndən sonra Putin rejimi ilə bağlı sərt möqe tutması və ona qarşı Avropa Birliyi və Britaniya ilə birgə, koordinasiya olunmuş fəaliyyət mexanizmi yaratması, Ukraynaya açıq dəstək verilməsi Rusiyanı çox narahat edir.

Bu situasiyada Rusiya üçün kifayət qədər mürəkkəb vəziyyət yaranıb. İqtisadi sankisyaların və pandemiyanın məngənəsində boğulan rusiyalıların Putin hakimiyyətindən narazılığı artır. İlin əvvəlində müxalifət lideri Aleksey Navalnının həbsinə qarşı ölkə miqyasında etirazlar həm də bu narazılığın ifadəsi idi. Payızada keçiriləcək Duma seçkiləri ərərfəsində etirazların artacağı gözlənilir. Kremldə ehtimal edirlər ki, Qərb bu aksiyalara dəstək verəcək, bu da ölkədaxili vəziyyətə nəzarətin itirilməsi riski daşıyır. Nəticədə prezident Putinin geosiyasi ambisiyaları və Ukrayna qarşısında mövqeləri ciddi zərbə ala bilər. Paralel olaraq, prezident Zelenskinin Ukraynada Rusiyaya bağlı 5-ci kolonu sıradan çıxarmağa başlaması Moskvanın bu ölkəyə daxildən təzyiq imkanlarını zəiflədir.

Rusiyanın Ukraynanın şərqində məğlub olması Putinin MDB ölkələrinə təsir imkanlarının da zəifləməsinə gətirib çıxara bilər. Bu da İkinci Qarabağ müharibəsində Rusiyanın açıq müdaxiləsi ilə üzləşən Azərbaycanın maraqlarına uyğundur. Məlumdur ki, bilavasitə Kreml Qarabağ probleminin başa çatmasına, erməni tərəfinin tam məğlubiyyətinə imkan vermədi, bölgəyə sülhməramlı adı altında hərbi birləşmələr yeritdi, hazırda Qarabağın tam nəzarətdə saxlanılması üçün “bərkitmə” işləri həyata keçirilir. Əlbəttə, Azərbaycanın Kremli dayandırmaq imkanları yox dərəcəsindədir. Bu şəraitdə qarşıdurma yolunun seçilməsi yeni risklərə gətirib çıxara bilər. Bu səbəbdən rəsmi Bakı Rusiyaya qarşı maksimum ehtiyatlı davranır, Kremlin Qarabağdakı özbaşınalıqlarına zəif reaksiya verir.

Ukrayna böhranı coğrafi baxımdan uzaqda olsa da, siyasi və mənəvi baxımdan Azərbaycanı seçim qarşısında qoyur. Çünki Ukrayna beynəlxalq müstəvidə Azərbaycana birmənalı dəstək verən azsaylı ölkələrdən biridir. Son Qarabağ müharibəsində də Ukrayna bacardığı qədər Azərbaycanın yanında oldu. Hərbi qaynaqlar bildirirlər ki, döyüşən ordunun bəzi silahlarla və mərmilərlə təminatında dost ölkə mühüm rol oynayıb. Baxmayaraq ki, müqaviləyə görə, təchizat Rusiya tərəfindən həyata keçirilməli idi. Rusiya hərbi-sənaye kompleksi sifarişlərin ödənişlərini bir neçə il əvvəldən alsa da, çatdırılma işini qəsdən ləngidib, yaxud göndərməyib.

MDB məkanındakı mövcud münaqişələr bəzi fərqlilikləri çıxmaqla, eyni xarakterə malikdirlər. O cümlədən, Ukraynanın şərqindəki aqressiv separatizm Qarabağ münaqişəsi ilə eynilik təşkil edir. Çoxsaylı insan itkilərinə, ağır iqtisadi, humanitar problemlərə səbəb olmuş hər iki münaqişə Rusiya tərəfindən yaradılıb və Kremlin geosiyasi maraqlarına xidmət edir. Ukrayna Azərbaycandan fərqli olaraq, konfliktdə Moskvanın baş rolunu ön plana çəkir. Bakı isə çox ehtiyatlı mövqe tutur, bunun müsbət tərəfləri ilə yanaşı, ziyanları da az deyil. Xüsusən, Azərbaycanın Rusiyaya qarşı beynəlxalq ictimaiyyətdən dəstək almaq imkanlarını azaldır.

44 günlük müharibədən sonra Rusiyanın təzyiqi ilə üzləşən Azərbaycan Ukraynaya bacardığı qədər dəstək verməyə çalışmalıdır. Bu, hərbi və maddi istiqamətlərdə olmasa belə, siyasi-mənəvi cəhətdən mütləq ifadə olunmalıdır. Qarşıda müttəfiq Türkiyə örənəyi var. Ankara regional və geosiyasi məsələlərdə Moskva ilə uzlaşma nöqtələri tapsa da, prinsipial hesab etdiyi məqamlarda ortaya mövqe qoymaqdan çəkinmir. Azərbaycan özü müəyyən etdiyi formada Ukraynanın yanında olmalıdır, necə ki cəmiyyət dost ölkəyə birmənalı dəstəyini ifadə edir…

Turqut