Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov həbs olunub. O, 240 min manatlıq dələduzluqda ittiham edilir.

Baş Prokurorluğun mətbuat xidmətindən “Press Klub”a verilən məlumata görə, Rəfael Cəbrayılov daşınmaz əmlakı üzərinə mülkiyyət hüququna dair sənəd almaq istəyən vətəndaşı aldatmaqda təqsirləndirilir. İttihama əsasən, sabiq deputatın qardaşı Rauf Cəbrayılov Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsini satıb. Əmlakın alıcısı sonradan torpağa mülkiyyət hüququnu təsdiqləyən çıxarış almaq istəyib. Rəfael Cəbrayılov çıxarış almaqda ona yardım edəcəyinə söz verib və bu işdən ötrü 240 min manat pul tələb olunduğunu deyib. Həmin şəxs istənilən pulu versə də, sənədi ala bilməyib, nə də pulu geri qaytarılıb. O, bir neçə dəfə Rəfael Cəbrayılovdan pulunu tələb etsə də, ala bilməyib. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Sabiq deputatın işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sabiq deputatın ittihamı qəbul edib-etmədiyi bəlli deyil.

Rəfael Cəbrayılovun adı bundan əvvəl də müxtəlif qalmaqallarda hallanıb, ondan hüquq-mühafizə orqanlarına, məhkəmələrə dəfələrlə şikayət olunub. 2019-cu ildə məlum olmuşdu ki, Rəfael Cəbrayılov 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyub. Bu məsələ ictimailəşəndən sonra R.Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etdi. 2019-cu ilin sentyabrında MSK onun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar verdi. O zaman məlum olmuşdu ki, deputat ev tikmək üçün 300 min dollar notarial qaydada borc alıb. Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva adlı vətəndaş Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə çıxarıb. Cavabdeh şəxs – Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Həmin ərəfədə üzə çıxdı ki, Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun daha bir neçə nəfərə külli miqdarda borcu var. Onların borclu olduğu şəxslər də bir-birinin ardınca müxtəlif dövlət orqanlarına, məhkəmələrə müraciət edirdilər. Onlardan biri də həkim-stomotoloq Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev idi. Onlar “Dərhal” MMC-nin Novxanı yolu ilə Mehdiabad-Fatmayi yolunun kəsişməsində yerləşən 5 mərtəbəli binadan 150 min manat dəyərində qeyri-yaşayış sahəsi almaq istərkən aldadılmışdılar. Həmin şirkət Cəbrayılovlara məxsus idi.

Cəbrayılov özü haqqında yazılanları ona qarşı “iyrənc ləkələmə kampaniyası” adlandırmışdı. Amma borclar, məhkəmə çəkişmələri və deputat vəsiqəsinin girov qoyulması ilə bağlı suallara cavab verməkdən imtina etmişdi.

Rəfael Cəbrayılov deputat vəsiqəsini girov qoyanda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü idi.

Gülər