Xidməti müqavilələrə yeni məhdudiyyətlər tətbiq ediləcək. Əmək Məcəlləsinə ediləcək dəyişikliklə real əmək münasibətlərinin xidməti müqavilə ilə rəsmləşdirilməsi xeyli çətinləşdiriləcək.

Mövcud qanunverciliyə görə, qeyri-dövlət və qeyri-neft sektorunda əməkhaqqı vergidən azad edilsə də, əməkhaqqının 25 faizi həcmində sosial ödəmə həyata keçirilir. Xidməti müqavilədə isə cəmi 5 faiz gəlir vergisi və 62 manat sosial ödəniş etmək tələb olunur. Bu, sahibkarlara sərf etdiyindən, onlar işçini daha çox xidməti müqavilə ilə işə götürməyə üstünlük verirlər.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, son 3 ildə görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı artıb:

“Əmək müqavilələrinin sayı iki yüz minə minə qədər artıb. Amma ölkədə 5 milyona yaxın məşğul əhali olduğu halda, onlardan yalnız 1 milyon 700 min nəfərinin əmək müqaviləsi var. Qalan hamısının ya mülki-hüquqi müqaviləsi var, ya da heç ümumiyyətlə, müqaviləsi yoxdur”.

Dəyişikliyə əsasən əgər işçi ilə işəgötürən arasında bağlanan müqavilə əmək müqaviləsi formasındadırsa, yəni burada işçi və işəgötürən barədə ətraflı məlumat verilirsə, müqavilədə işçinin iş yeri, vəzifəsi, peşəsi müqavilənin müddəti, işçinin əmək funksiyası, iş və istirahət, maaşı, məzuniyyətin müddəti və vaxtı göstərilirsə, işçi ilə əmək müqaviləsi bağlanmalıdır.

Liqa sədrinin sözlərinə görə, mövcud vəziyyətdə xidməti müqavilə ilə işləyən işçi bir çox hallarda əmək müqaviləsi ilə işləyən şəxslə eyni işi görür, lakin bir sıra hüquqlardan məhrumdur:

“Pensiya yığımı kimi hallarda mənfi təzahürlər üzə çıxır. İşçi kimi isə onun işçi hüquqları olmur. İstənilən gün onunla mülki-hüquqi müqaviləyə xitam verilsə, artıq o, heç bir şey edə bilməz. Dövlət Əmək Müfəttişliyi də buna nəzarət edə bilmir. Çünki onlar işçi sayılmır”.

Təkliflərdən biri də odur ki, tərəflər arasındakı münasibətlər rəsmləşdirilərkən işəgötürənin fəaliyyət sahəsi əsas götürüləcək. Yəni işçi qarşı tərəfə onun əsas fəaliyyət sahəsi ilə xidmət göstərirsə, hökmən əmək müqaviləsi bağlanmalıdır. Bu isə o deməkdir ki, tikinti şirkətində tikinti mühəndisi xidməti müqavilə ilə işə götürülə bilməz. İşçi şirkətdə hansısa şəxsi əvəz etdikdə də əmək müqaviləsinin bağlanması tələb olunacaq.

REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli isə “Press Klub” vasitəsilə məsələyə münasibət bildirərkən xidməti müqavilələrin rəsmi əmək müqavilələri ilə əvəz edilməsi cəhdinin anlaşılan olduğunu söylədi:

“Burada rəsmi müqavilələrin sayının artırılması bir hədəf kimi götürülüb. Amma bunun qaynaqlandığı problemlər həll olunmasa, qadağalar yolu ilə qanunun imkan verdiyi xidməti müqavilələrin qarşısını almaq doğru da deyil, mümkün də deyil”.

Ekspertin sözlərinə görə, xidməti müqavilələrin artmasına səbəb işəgötürənlər tərəfindən sosial sığorta fonduna edilən ödənişlərin həcminin kifayət qədər yüksək olmasıdır:

“İşəgötürənlər Sosial Müdafiə Fonduna ödəniş etməmək üçün xidməti müqaviələrə üstünlük verirlər. Bu da anlaşılandır. Əgər Sosial Müdafiə Fonduna işəgötürən tərəfindən ödənişlərin həcmi azaldılsa, heç buna əl atmağa ehtiyac qalmazdı. Ona görə də xidməti müqavilələrin sayı son zamanlar artıb. Hökumət də müəyyən məhdudulaşdırıcı addımlarla bunun qarşısını almağa cəhd göstərir”.

Cəfərli bunu doğru addım kimi qiymətləndirmir:

“Xidməti müqavilə Azərbaycan qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi mümkün olan münasibətlərin tənzimlənmə formasıdır. Bunların sayının artmasının yeganə səbəbi normal əmək müqavilələri zamanı Sosial Müdafiə Fonduna ödənişlərin həcmi ilə bağlıdır. Bununla bağlı qanuna müəyyən dəyişikliklər olunsa, o zaman xidməti müqavilələrin sayında belə artım müşahidə olunmazdı. Ona görə, məqsəd aydındır. Normal əmək müqavilələrinin sayının artırılması məqsəd kimi qoyulub. Məqsədə çatmaq üçün seçilmiş yol və üsul isə düzgün deyil”.

Qeyd edək ki, xidməti müqavilədən istifadə etməklə vergidən və DSMF-ə ödənişlərdən yayınmağın qarşısını almaq üçün Əmək Məcəlləsi ilə yanaşı, Vergi və Mülki məcəllərə də dəyişikliklər ediləcək.

Ülviyyə Şahin