Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında Azərbaycan və Türkmənistan arasında bu il yanvarın 21-də imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı qanun layihəsinin təfərrüatları açıqlanıb.

Qanun layihəsinə əsasən tərəflər “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədilə həmin yatağın coğrafi koordinatlarını müəyyən edəcəklər. Yatağın karbohidrogen resursları tərəflər arasında 30%-i Azərbaycana, 70%-i Türkmənistana çatacaq nisbətdə bölüşdürüləcək.

“Dostluq” yatağından çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi ilə rəqabət qabiliyyətli şərtlər əsasında, beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun olaraq həyata keçiriləcək. Bu kontekstdə tərəflər karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli sahəsində ən səmərəli beynəlxalq əməkdaşlıq formalarından istifadə edəcəklər.

“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökümətlərarası saziş bağlanacaq. Hökumətlərarası sazişin işlənib hazırlanması və razılaşdırılması məqsədilə tərəflər birgə işçi qrup yaradırlar. Qrup mümkün qısa müddət ərzində hökumətlərarası sazişin layihəsini hazırlayacaq və razılaşdıracaq.

Qanun layihəsi müzakirə üçün Milli Məclisə təqdim edilib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Memorandumda Türkmənistanın yataqdakı payı Azərbaycanınkından 2,33 dəfə çoxdur. Amma burada başqa məqamlar var. Ekspert qeyd edir ki, bölüşdürülməmiş yatağı bəri başdan öz tərəfimizə çəkməyin xeyirli olub-olmaması araşdırılmalıdır:

“Statistik baxımdan Türkmənistanın payı çoxdur, amma bizim də yaxşı mənfəətimiz olacaq. Onları hesablayanda qazanc elə yarıbayarıdır. Necə, izah edim: yatağın işlənməsi zamanı çəkiləcək xərclər Azərbaycanın yataqdan maksimum pay götürməsinə imkan verəcək. Çünki istər ilkin yataq bloklarının tikintisində, istər dayaq bloklarının quraşdırılmasında, sualtı infrastrukturun yaradılmasında, quyuların qazılmasında, onlara xidmət göstərilməsi işində Azərbaycan Dövlət Neft Şirkətinin qurumları və törəmə şirkətləri podratçı qismində iştirak edəcəklər. Bundan əlavə, “Dostluq” yatağından çıxarılaraq dünya bazarlarına göndəriləcək karbohidrogen ehtiyatlarının daşınması da Azərbaycanın mövcud olan infrastrukturları hesabına baş verəcək. Bu da ölkəmiz üçün əlavə qazanc maddəsi deməkdir”.

Ekspertin sözlərinə görə, yataqda birgə fəaliyyəti tənzimləmək üçün Azərbaycanla Türkmənistan arasında hökumətlərarası saziş imzalanacaq. Onun fikrincə, yatağın Türkmənistanla birgə işlənməsi Azərbaycan üçün yeni imkanlar acır:

“Ən azından, TAP kəmərinin genişləndirilməsi zamanı Avropanın qoyduğu şərtlərə görə digər mənbələrdən də qaz olmalıdır. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bu məsələyə toxunub. O bildirib ki, gələcəkdə türkmən mavi yanacağının Cənub Qaz Dəhlizi ilə ötürülməsi mümkündür. İndi görürsünüzmü, bizim dostluğumuz nə qədər uzaqlara hədəflənib”.

İqtisadçı Nemət Əliyev isə “Press Klub”a xatırlatdı ki, bu məsələdə daim Türkmənistan özünü, Azərbaycan da özünü haqlı bilib:

“Amma mübahisənin bu qaydada bitməsi onu göstərir ki, ölkələr başqa variant tapmayıb”.

N.Əliyevin sözlərinə görə, yataqların işlənməsi məsələsində o yatağın kimə aid olması bir o qədər də önəm daşımır: “Yatağın işlənməsi ilə bağlı razılaşma daha vacibdir. Orada kommersiya maraqlarının təmin olunması daha önəmlidir. Məsələn, “Azəri-Çıraq-Günəşli” yataqları birmənalı Azərbaycana məxsusdur. Amma hasilatın pay bölgüsündə Azərbaycanın payı azdır. Əsas gəlirlər yataqları istismar edən xarici şirkətlərə çatır, çünki onlar bu işə daha çox sərmayə qoyub. “Dostluq” yatağı məsələsində da belədir”.

N.Əliyev qeyd etdi ki, “Dostluq” yatağının karbohidrogen resurslarının göstərilən bölgüsü ölkələrin layihəyə yatırım etdiyi vəsaitə uyğundur. O hesab edir ki, Azərbaycanın layihəyə az həcmdə vəsait yatırmasının əsas səbəbi onun indiki dövrdə maliyyəsinin az olması ilə bağlıdır: “Əgər biz 2021-ci ilin dövlət büdcəsinə nəzər salsaq, məlum olacaq ki, ötən illə müqayisədə bu il dövlət investisiya xərclərinə bir o qədər də vəsait ayıra bilməyiblər”.

Onun sözlərinə görə, ölkəyə qoyulan həm xarici, həm də daxili sərmayədə azalma var: “Azərbaycanın maliyyə resursları məhduddur, ona görə də Azərbaycan 30 faizlə kifayətlənməli olub”

Turqut