Müəllif: Seymur Həzi

“Qarabağ prosesi” ətrafında fikirlər və rəylərin söylənilməsi davam etməkdədir. Rusiyanın Cənubi Qafqazda bu qədər irəliləməsini qəbul etməyən Qərb təhlilçiləri, hərbi ekspert və diplomatları vaxtaşırı bu mövzuya toxunurlar.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Corc Meyson Universitetinin professoru Riçard Kozlariç bildirib ki, Azərbaycan və Ermənistan arasında növbəti müharibə ola bilər. O, fikrini belə əsaslandırıb ki, əgər dayanıqlı sülh prosesi təşkil olunmasa, belə risk həmişə var və yaz aylarında onun özünü büruzə verməsi daha çox ehtimal olunandır.

Səfirin fikirlərinin hansı ağırlıqda məlumata və ya siyasi duyuma əsaslandığını deyə bilmərik. Ancaq bəlli olan budur ki, Kozlariç eyni mövzuda danışan birinci və sonuncu ABŞ mənsubu deyil, bundan əvvəl də müxtəlif səviyyələrdə bənzər rəylər səslənmişdi. Üstəlik, nəzərə almalıyıq ki, sonuncu halda bu fikirlərin səsləndiyi tədbirə ev sahibliyi edən təşkilat – ABŞ ordusunun Qərargah və Baş Komandanlıq Kollecinin Mədəniyyət və Bölgə Araşdırmaları Bölməsi – heç də az maraq doğuran təşkilat deyil.

Azərbaycan və Ermənistan arasında müharibənin yeni mərhələsinin başlanması riski nə dərəcədə realdır? Bu suala cavab asan olmasa da, biz hər iki tərəfdən münaqişənin alovlandırılmasına cəhd ehtimallarını gözdən keçirə bilərik.

  1. Azərbaycan tərəfi müharibəyə cəhd edə bilərmi?
  2. a) Azərbaycanın dövlət başçısı bu müharibənin bitdiyini bildirib və Azərbaycan tərəfdən hər hansı müharibəyə təşəbbüs olacağını istisna edib;.
  3. b) Dövlət başçısı Ermənistan tərəfdən hansısa revanşist qrupun müharibəyə hazırlaşdığına işarə edərək deyib ki, əgər onlar belə bir addım atsalar, 44 günlük müharibə yenisinin yanında yalan olacaq və düşmən daha ciddi dərs alacaq.
  4. Ermənistan tərəfi müharibəyə cəhd edə bilərmi?
  5. Ermənistanda rəsmi səviyyədə bu barədə danlışılmır;
  6. Rusiyaya yaxınlığı ilə seçilən siyasi dairələr yeni müharibənin olacağına tez-tez işarə edirlər. Misal üçün, iki gün öncə sabiq prezident Serj Sarqsyan deyib ki, məğlub olan erməni xalqı və ordusu deyil, Paşinyan və komandasıdır.

Təhlil: Azərbaycan və Ermənistan tərəflərinin rəsmi açıqlamalarını gözdən keçirsək, hazırkı şəraitdə və mövcud hökumətlərlə bu münaqişənin alovlanmasının ehtimal edilmədiyini və ya çox az ehtimal olunduğunu söyləməliyik. Ancaq İlham Əliyevin revanşistlərə ünvanlanan fikri ilə Ermənistandakı revanşist  qrupların mövqeyini qarşılaşdırsaq, belə qənaətə gəlmək olar ki, burada risk amili üçüncü tərəfin, konkret Rusiyanın həmin quruplara imkan yaratması şəraitində güclənə bilər. Kreml bunu İrəvan vasitəsilə olmasa da, qondarma “Qarabağ rejimi” vasitəsilə edə bilərmi? Prinsipcə, mümkün haldır.

Ötən günlərdə qondarma rejimdə rus dilinin ikinci rəsmi dil kimi tanınması üçün separatçı parlamentə müraciət olunduğunu bilirik. Bu, əslində, həmin rejimi İrəvanın təsirindən çıxarıb, Moskvaya bağlamaq cəhdi istiqamətində atılmış ilkin mədəni-siyasi addımdır. Əgər İrəvanda heç bir ciddi siyasi dəyişikliyə nail olunmasa, keçmiş siyasi komandanın bütün oyunlarının Xankəndi üzərindən davam etdiriləcəyi bəllidir. Bu zaman isə Araik Arutunyanın devriləcəyi və Balasanyanın şərti rəhbərliyində yeni idarəçilər şurası qurulacağı gözləniləndir. Müvafiq bəyanatlar artıq səsləndirilib. Bu isə münaqişənin separatçı rejim tərəfindən yenidən körüklənməsi deməkdir. Kreml buna imkan verərmi? Əlbəttə, əgər Moskva nəzarətə götürdüyü ərazidə yuxarıda qeyd olunan siyasi yerdəyişmələrə imkan verəcəksə, deməli, başa düşməliyik ki, münaqişənin təkrar alovlandırılmasına da yaşıl işıq yandıracaq. Bəs bu, Rusiyanın nəyinə lazımdır?

Görünür, Putin əvvəldən nəzərə almışdı ki, onun bu bölgədə istədiyi qədər qalmasına imkan verməmək cəhdləri ola bilər. Sadəcə, prosesin başlanğıcında belə ehtimal indiki qədər güclü deyildi. Hazırda isə Rusiyanın “fürsətdən istifadə edib” girdiyi yerlərdən çıxarılması barədə ciddi mərkəzlərdən sərt çağırışlar eşidilməyə başlanıb. Bu isə Moskvanı vadar edir ki, bölgədə “sülh” vasitəsilə qala bilmirsə, müharibə təklükəsini gücləndirmək yolu ilə özünün uzun müddətə hesablanmış məqsədini təmin etmək variantını “yoxlama”dan keçirsin.