Müəllif: Emanuel Pietrobon

Coğrafi baxımdan bir-birindən uzaq, geosiyasi cəhətdən isə yaxın olan Azərbaycanla İtaliya iqtisadi sahədə də bir-birini tamamlayır. Son illərdə iki ölkə arasında simbiotik bağ yaranıb. Bu, həm də geosiyasi nöqteyi-nəzərdən yeni imkanlar axtarışı kimi ortaya çıxıb.

Azərbaycan 2013-cü ildən İtaliyanın neft təchizatçısıdır. Bununla yanaşı, həm də geniş çeşiddə mal ixrac edilə biləcək bazardır.

Bu gün Roma Bakının əsas ticarət tərəfdaşlarındandır. Hər halda, İtaliya Azərbaycanın sürətlə dəyişdiyi keçid dövründə orada ustalıqla özünə yer edə bilib. Cəmi bir neçə gün əvvəl isə neft sektorunun inkişafı istiqamətində Azərbaycanla iki yeni müqavilə imzalayıb.

“Maire Tecnimont”dan böyük addım

İtaliyanın tanınmış markası “Maire Tecnimont” şirkəti fevralın 3-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan Heydər Əliyev adına Neft Emalı Zavodu ilə 160 milyon dollarlıq 2 müqavilə imzalayıb.

“Maire Tecnimont” Azərbaycan üçün tanış simadır. Bu şirkət orada dəyəri 1 milyard 600 milyon avrodan artıq olan, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş layihələrdə iştirak edir.

Yeni müqavilələrin imzalanma mərasimində “Maire Tecnimont” qrupunun İdarə Heyətinin sədri və əsas səhmdarı Fabrisio Di Amato, SOCAR prezidenti Rövnəq Abdullayev və İtaliyanın Bakıdakı səfiri Auqusto Massari də iştirak ediblər. Bununla, “Maire Tecnimont” Cənubi Qafqazdakı yeganə neft emalı kompleksinin yenidən qurulması və modernləşdirilməsi kimi şərəfli işi öz öhdəsinə götürüb. Bu, sənaye qrupunun imicinə, Azərbaycan iqtisadiyyatına, hər şeydən əvvəl İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinə əhəmiyyətli təsir göstərəcək.

Sənədə əsasən, “Maire Tecnimont” zavodda yenidənqurma işlərini ən qısa zamanda, 26-33 ay müddətində tamamlamalıdır.

Yalnız biznes yox, həm də diplomatiya

Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın nümayəndə heyətini videokonfrans formatında qəbul da edib. O, “Maire Tecnimont”un fəaliyyəti ilə yanaşı, Bakı – Roma arasında getdikcə dərinləşən əlaqələrdən söz açıb. “İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Bu barədə sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir”, – deyə president bildirib.

Dövlət başçısı bir neçə İtaliya şirkətinin Dağlıq Qarabağın bərpa işinə dəvət olunduğunu da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu şirkətlərin daha da artacağını gözləyir.

Son məqam həqiqətən də Azərbaycanda İtaliyanın nüfuzunun göstəricisidir. Məsələ ondadır ki, Fransa şirkətlərindən fərqli olaraq, İtaliya şirkətləri bu prosesdə iştirak etmək üçün Bakıya müraciət ünvanlamayıb. Onlar bərpa-tikinti işlərinə şəxsən Azərbaycan prezidenti tərəfindən dəvət olunublar.

Nəhayət, Azərbaycanın dövlət başçısı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması üzərində iş getdiyini bildirib. O, hesab edir ki, gərgin iş gedərsə, universitet artıq bu il fəaliyyətə başlaya bilər. Azərbaycanın gələcək rəhbər işçiləri italyanca da danışa biləcəklər. Onlar bu təhsil müəssisəsində yetişəcəklər.

(İtalyan dilindən tərcümə – WorldMedia.Az. Məqalənin orijinalı: Azerbaigian dove si parla italiano)