Müəllif: Seymur Kazımov (Kəlbəcər-Göygöl)

Xudavəng (Dadivank) monastırının qarşısında rus hərbçisi keşik çəkir. Ondan xeyli aralıda isə 6 erməni keşişi gözə dəyir. Alban-udi xristian icmasının sədr müavini Rafiq Danakari bir qrup icma üzvü ilə monastıra doğru irəliləyir. Dəstə dini ayin icra etmək üçün içəri daxil olur. Erməni keşişləri ayini kənardan izləyir.

Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udi dini icmasının üzvləri üçüncü dəfədir ki, Xudavəng monastır kompleksini ziyarət edirlər. Danakari növbəti ayinləri Xocavəndin Tuğ kəndidə yerləşən dini ocaqda və Laçındakı Ağoğlan monastırında icra etmək arzusunda olduqlarını deyir…

Kəlbəcərə Azərbaycan ordusunun 27 il sonra getdiyi yolla getdik. 27 il əvvəl kəlbəcərlilərin böyük bir qismi məhz bu yolla məcburi köçkünlük həyatına qədəm qoyub. Hələ ki Murovun kənarı ilə yuxarılara doğru irəliləyirik. Yer buz, dağların başı qarlıdır, amma günəş göz deşir. Dövrə vura-vura zirvəyə qalxırıq. Ətrafda yalnız sıldırım qayalar və əyri-üyrü yol var. Elə bir yol ki, ağır tonnajlı maşınlar buzda sürüşməmək, palçığa batmamaq üçün təkərlərinə zəncir vurur. 27 il əvvəl cavan, yaşlı, uşaq məhz bu yolla o vaxtkı Xanlar, indiki Göygöl rayonuna çatmaq üçün soyuq  havada uzun məsafə getməli olub…

İndi yol bir qədər genişləndirilib, o vaxt daha dar və indikindən də yöndəmsiz idi. Sonradan buradan Azərbaycan əsgərləri istifadə ediblər.

İşğaldan öncə Kəlbəcərə giriş-çıxış iki yolla mümkün idi; Ağdərə-Tərtər və Laçın-Şuşa. 1993-cü ilin aprelindən Ermənistan Silahlı Qüvvələrinin birləşmələri artıq hər ikisinə nəzarət edirdilər.

Ömər aşırımındakı posta çatırıq. Noyabrın 25-dən bəri burada Azərbaycan əsgəri keşik çəkir. Hərbçilər foto çəkməyə icazə vermirlər, adlarının da yazılmasını istəmirlər. Döyüş əməliyyatları bitsə də, xidmət davam edir.

Bu postda əvvəl erməni əsgərləri dayanırdı. Özləri gedib, qidaları qalıb

Kələ-kötür yolla getməkdə davam edirik. 27 ildir buradan yalnız hərbi texnika keçib. Bir neçə saatdan sonra günəşin bol olduğu və buzun əridiyi əraziyə çıxırıq. Avtomobilimiz sürətini artırır və qarşımızda Kəlbəcərin kəndləri görünməyə başlayır. İşğal illəri ərzində böyük dağıntılara məruz qalmış evlər…

Yuxarılara doğru qalxdıqca böyük bir sahədə tam yeni dağıntının şahidi oluruq. Bura Ermənistan ordusuna məxsus hərbi hissə olub, özləri uçurublar. Beləliklə, erməni hərbçiləri və mülki vətəndaşlarının təzəcə məhv etdiyi və dağıtdığı meşələr, məntəqələr görünməyə başlanır.

Yolla bağlı şikayətimizi burada bitiririk, çünki Kəlbəcəri Ermənistanın Vardenis rayonuna birləşdirən asfalt yola çıxırıq.

Sıldırım qayalar, dağlar göz oxşasa da, mənzərəni başı kəsik kötüklər, yıxılmış ağaclar, sındırılıb ətrafa səpələnmiş budaqlar korlayır. Kəlbəcərdə məskunlaşdırılmış ermənilərin rayonu tərk etməzdən öncə meşələri qırdıqları barədə istər yerli, istərsə beynəlxalq mediada xeyli material var.“Kötük və yıxılmış ağac” mənzərələri yolun sağında, solunda, rayon ərazisindən axan Tərtərçay sahili boyunca geniş yayılıb.

Bu kəsilmiş kötük, sındırılmış ağac “mənzərə”lərini bir müddətdən sonra od vurulmuş, uçurulmuş kafe, restoran, yanacaqdoldurma məntəqəsi əvəz edir. Hətta elektrik stansiyaları da dağıntılara məruz qoyulub, yandırılıb. Təbii ki, yaşayış evlərini, avtomobilləri də bu siyahıya əlavə edə bilərik.

Çəkiliş apardığımızı görən bir qrup hərbçi bizə yaxınlaşır, tanış oluruq. Ehtiyatlı davranmalıyıq, çünki “mina sürprizi” ilə üzləşmək ehtimalımız var. Ətraf qar və buzdur. Qar üzərində ayaq izləri olan yerlərlə hərəkət etməliyik. Bəzi kadrları daha yaxından çəkmək üçün “çığırdan” çıxmaq istədikdə, “ora hələ yoxlanılmayıb”, sözlərini eşidirik, yəni mina olub-olmadığı məlum deyil.

… Göygölə qayıdırıq. 27 il əvvəlki “əzablı yollarla”. Amma bu qayıdış əvvəlki kimi əzablı deyil, ən azından ruhən və mənən.