Müəllif: Rikardo Sançes Serra

Müharibənin yeni bitdiyi bölgəyə səyahət həyəcanverici, eyni zamanda kədərlidir. Çünki müharibə zamanı baş verən dağıntılar insanın vəhşi, barbar üzünü ortaya qoyur…

Bakı və Qarabağ. Perulu jurnalistlər ilk dəfədir ki, Qarabağın ermənilər tərəfindən darmadağın edilmiş Füzuli, Cəbrayıl və Şuşa kimi Azərbaycan rayonlarına, eləcə də “Qafqazın Hiroşiması” kimi tanınan Ağdama səfər edir, müharibə zamanı ermənilər tərəfindən tamamilə məhv edilmiş şəhərlərə baş çəkirlər. Bu rayonlar işğal edilmişdi. Bir neçə ay əvvəl burada döyüşlər gedirdi.

Dağıdılmış və ya tövləyə çevrilmiş məscidlər, uçurulmuş məzarlıqlar, tarixi abidələr, xanların dağılmış sarayları, erməni işğalçıları tərəfindən viran qoyulmuş şəhərlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən 44 günlük müharibə nəticəsində azad olunub. İndi bu ərazilərdə bərpa və yenidənqurma işləri aparılır.

Sonra biz Ermənistanın ballistik raketlər atdığı, nəticədə uşaqlar da daxil olmaqla 26 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı, münaqişə zonasından 100 kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə gedirik. Dinc əhaliyə qarşı hücum hərbi cinayətdir. Ermənilər düşünürdülər ki, bu hücum azərbaycanlıların ruhunu sındıracaq. Amma bu, bumeranq oldu. Ölkənin hər yanında minlərlə azərbaycanlı küçələrə çıxaraq hökumətdən sərt cavab addımları atılmasını tələb etməyə başladı.

Dağlıq Qarabağ və ya Yuxarı Qarabağ. Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində olmuş bu bölgədə etnik ermənilərlə azərbaycanlılar birgə yaşayıb. 1991-ci ildə etnik ermənilər bölgəni müstəqil elan edərək, “Artsax Respublikası” adlandırımışdılar. Amma onu dünyanın heç bir ölkəsi tanımayıb. Qarabağ rəsmi olaraq Azərbaycan Respublikasının bir hissəsidir. O, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində yer alır (bu, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə də dəstəklənir).

Bu bölgədə 1990-cı illərin əvvəllərində baş vermiş müharibə milyonlarla azərbaycanlını yurd-yuvasından qaçqın salıb. Nəhayət, 30 il sonra Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində bu bölgəyə nəzarəti geri qaytarıb. Son savaş 2020-ci il noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında imzalanmış üçtərəfli bəyannamə ilə başa çatıb.

Haşiyə: Bakıda zəngilanlı qaçqın ailəsi ilə görüşdük. Onlar həyəcanla öz torpaqlarına qayıdacaqları anı gözləyir, buna hazır olduqlarını deyirlər. Ancaq həmin ərazilərdə hələ də zərərsizləşdirilməli olan minlərlə mina var. Azərbaycan hökumətinin 2021-ci ildə 2 milyon dollarlıq büdcə ilə başladığı bərpa işləri yəqin ki, hələ bir neçə il çəkəcək.

Azərbaycanın müxtəlif bölgələrində prezident İlham Əliyevin göstərişi ilə tikilmiş 116 yaşayış kompleksində təxminən 320 min qaçqın yaşayır. Bir neçə il əvvələdək bu insanlar qaçqın düşərgələrində yaşayıblar. İndi onların 70%-i öz toropaqlarına qayıtmaq üçün icazə gözləyir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin sözlərinə görə, indiyədək bu insanların yaşaması üçün 7 milyard dollar vəsait xərclənib.

Minalar bərpa işlərinə mane olur

Azərbaycan paytaxtı Bakını bir vaxtlar tərcüməçilik etmiş azərbaycanlı diplomatla və Meksika, Kosta-Rika və Kolumbiyadan olan jurnalistlərlə birlikdə tərk edir, bir zamanlar ermənilərin işğalında olmuş Qarabağa yollanırıq. Bizə tərcüməçidən aralanmamamızı tapşırırlar – hər tərəfdə piyada və tank əleyhinə minalar basdırılıb.

Cəmi bir neçə ay əvvəl döyüş meydanı olmuş şəhərlərə çatırıq. Burada tərk edilmiş tanklar belə, qalmaqdadır. Füzulidə bizi BMT-nin İnkişaf Proqramı tərəfindən dəstəklənən yerli Minatəmizləmə Agentliyinin (AMANA) nümayəndəsi gözləyir. O, bizə minatəmizləmə prosesi haqda danışır.

“Minaların təmizlənməsinin üç üsulu var: təlim keçmiş itlərlə axtarış, əl ilə zərərsizləşdirmək və xüsusi maşınlardan istifadə. Bizə bu işdə bir çox beynəlxalq təşkilat dəstək təklif etsə də, konkret yardımı yalnız Türkiyə verir”, – deyə ANAMA təmsilçisi bildirir.

Sonra bizə məsafədən minanın necə partladıldığını göstərirlər. Güclü titrəyiş baş verir.

Sülh tükdən asılıdır

Yolda Ermənistanla Qarabağ bölgəsi arasındakı quru dəhlizi ilə hərəkət edən müvəqqəti sülhməramlılardan ibarət Rusiya karvanı ilə qarşılaşırıq. Qeyd olunur ki, atəşkəs rejimini 2000 rus əsgəri qoruyur. Amma gecə saatlarında Şuşada olarkən Xankəndi tərəfdən ara-sıra atəş səsləri eşidirik. 2020-ci ilin noyabrında baş vermiş toqquşmalar zamanı bu şəhər də Azərbaycanın nəzarətinə qaytarılmalı idi. Lakin Rusiya tərəflər arasında atəşkəs razılaşmasına nail olub, bununla da Ermənistanın hərbi məğlubiyyəti təsdiqlənib.

Dağıntılar, xarabalıqlar…

Hər şeyin viran qaldığı, kabusa dönmüş Cəbrayıl şəhərinə çatırıq. Dağıdılmış evlər, viran qoyulmuş stadion, yerlə-yeksan edilmiş məzarlar. Diplomat bələdçimiz bir zamanlar babası ilə birlikdə yaşadığı evə baxmaq üçün icazə istətir və evdən qalmış bir parça divarı tanıyır. Göz yaşları içində geri dönür. Bu, rayonun azad edilməsindən sonra onun buraya ilk səfəri imiş…

Səyahətimizə davam edirik. 15 Sovet ölkəsinin İkinci Dünya müharibəsindəki qələbəsi şərəfinə ucaldılmış abidəni görürük.

Daha donra azərbaycanlılar üçün rəmzi əhəmiyyət daşıyan Şuşaya yollanırıq. Bəli, ermənilər üzərində hərbi qələbə bu şəhərin azad edilməsi ilə təmin olunub. Şuşa dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, yaylada yerləşir. Bu şəhəri dişlərinədək silahlanmış ermənilərdən azad etmək üçün yalnız bir yol var idi. Hərbçilər həmin yolla hərək etməli idilər. Bu isə əlçatmaz görünürdü. Ancaq gecələrin birində Azərbaycan Ordusunun elit qüvvələri şəhərə gizlin daxil olmaqla erməniləri mat qoyub. Azərbaycan əsgərləri onları hətta əlbəyaxa döyüşərək məğlub edib. Nəticədə ermənilər şəhəri dağıtmağa macal tapmadan qaçıblar.

Azərbaycan şairəsi Xurşibanu Natəvan və onun atası, Qarabağ xanının tamamilə dağıdılmış evini də gördük.

“Qarabağ” futbol klubunun (o, “Qafqazın Barselonası” adlandırılır) stadionu da dağıdılıb. “Qarabağ” UEFA Çempionlar Liqasında çıxış etmiş klubdur.

Yandırılmış torpaqlar

Biz Ağdamdan – daha bir “kabus şəhər”dən keçən zaman qəlbimiz kədərlə dolmuşdu. Xanın qismən dağılmış sarayını, 15 min il tarixə sahib heroqlifli daşları, Azıx mağarasını da gördük. Əkin sahələrini yandıraraq, yerinə duz töküblər ki, burada daha heç nə bitməsin. Bu Azərbaycan şəhəri də 30 il ermənilərin əlində olub. Bir məşhur məsəldə deyildiyi kimi, “onların gəzdiyi torpaqlarda ot bitmir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyir ki, ancaq Ağdamda 97 min ədəd mina basdırılıbmış. Emənilər bu şəhəri tərk etdikdən sonra burada 200-dən çox adam minaya düşərək ya həlak olub, ya da yaralanıb.

Burada 1980-ci ildə tikilmiş, vaxtilə 150-dən çox çörək növünün nümayiş olunduğu Çörək Muzeyi də dağıdılıb. SSRİ dövründə burada kosmonavtların kosmosda olarkən yedikləri çörəklərin qalıqları, müharibə zamanı əsgərlərə paylanılmış tikələr belə, nümayiş olunurmuş.

Dram Teatrının binası da tamamilə dağıdılıb.

Dövlət nümayəndəsi deyir ki, Ağdam bərpa olunduqdan sonra burada təqribən 200 min insan yaşayacaq. Bərpa işləri isə təxminən 10 il çəkəcək. Sonda 100 min nəfər şəhərin özündə, daha 100 min sakin kənd və qəsəbələrdə məskunlaşacaq: “Qaçqınlar qayıdan zaman burada onların özləri, həyətyanı sahələri ilə yanaşı, 10 min nəfərlik universitet, 10 il vergilərdən azad 190 hektarlıq sənaye parkı, hotellər, konfrans zalları, tramvay xətti, futbol stadionu, xəstəxanalar və sair olacaq”.

Bir vaxtlar Qarabağda 2600 mədəni abidə (heykəllər, büstlər, teatrlar, mavzoleylər, xan sarayları) olub. Paleolit dövrünə aid Azıx mağarası da buraya daxildir. Monitorinq nəticəsində onların 95%-nin məhv edildiyi məlum olub.

1870-ci ildə inşa edilmiş Ağdam məscidi ermənilərin dağıtmadıqları azsaylı tikililərdəndir. Bunun da səbəbi var: ermənilər onun minarələrindən müşahidə qülləsi kimi istifadə edirmiş. Məscidin özü isə tövləyə çevrilibmiş.

“Ermənilər 1954-cü il Haaqa Konvensiyasının tələblərini kobud şəkildə pozublar. Həmin sənədə əsasən, silaylı münaqişələr zamanı mədəni irsə toxunmaq olmaz. Ermənilərin məqsədi bu ərazilərdəki mədəni irsi məhv edərək, dünyaya Azərbaycanın mədəni tarixinin olmadığını göstərmək olub”, – deyə Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi bildirir.

Nifrət, sahibinə daha çox əzab verir

Səfərin sonunda hər bir jurnalistin beynində bir sual var idi: bu qədər vəhşilik nəyə lazım imiş? Ermənilər bu bölgədən bütün mədəni irsi, islam nişanələrini niyə silməyə çalışıb? Əgər ermənilər xristiandırlarsa, niyə torpaqları yandırmaq yolunu seçiblər? Onlar nədən istər 30 illik işğal dövründə, istərsə də buralardan geri çəkilən zaman özlərinin hesab etdikləri torpalarda hər şeyi dağıdıblar?

Bundan başqa, ermənilər minaladıqları ərazilərin xəritələrini də Azərbaycana təqdim etmir. Halbuki, insane təlafatından qaçmaq üçün bu, vacibdir. Ermənistan bunu etmirdə, beynəlxalq birlik tərəfində buna məcbur olunmalıdır. Əks halda ona sanksiyaların tətbiqi vacibdir.

Artıq ermənilər revanş düşüncəsindən imtina etməli, sülhü seçməli, bununla da iki xalq qarşıqlı inam və hörmətlə yaşamalıdır. Müharibələr yalnız əzab və kədər gətirir. İkinci Dünya müharibəsinin qaliblərindən biri olmuş general Duayt Eyzenxauer zamanında deyirdi ki, “mən müharibəyə nifrət edirəm, çünki onun əsl dəhşətlərini, onun nə qədər mənasız, nə qədər ağılsızlıq olduğunu yalnız əsgər görür”.

(İspan dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Café Viena