Ermənistanın baş naziri Nikol Paşinyan son həftələr Türkiyə ilə münasibətlərin normallaşdırılmasından tez-tez danışır. Son olaraq o, Gürcüstana getməzdən əvvəl jurnalistlərə bildirib ki, İrəvan bu addımı atmağa hazırdır. Paşinyan çərşənbə axşamı hökumətin iclasında Türkiyə prezidentinin daha əvvəl Ermənistanla münasibətlərin tənzimlənməsi ilə bağlı bəyanatlarını xatırladıb:“Həmin bəyanatlarda biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmir yolu əlaqələrinin bərpası məsələlərinin müzakirə edilməsi imkanlarını görürük. Biz bu kimi söhbətlərə hazırıq”.

Xatırladaq ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan avqustun 29-da bəyan edib ki, əgər Ermənistan konstruktiv addımlar üçün irəliyə getməyə hazır olduğunu bildirirsə, Ankara Ermənistan hökuməti ilə münasibətlərin tədricən normallaşdırılması üzərində işləyə bilər: “Artıq sülh və sabitliyi təmin edərək, iqtisadi inkişaf və regional əməkdaşlıq şəraitini saxlamalıyıq”.

Türkiyə prezidenti Azərbaycanın Ermənistanla hərtərəfli sülh müqaviləsi üzrə danışıqlara başlamağı təklif etdiyini xatırladıb:

“9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamədə razılaşdırıldığı kimi, bütün regionu birləşdirərək Cənubi Qafqazın transformasiyası üçün yeni fürsətlər yaranacaq. Bu tarixi fürsətdən yetərincə istifadə etmək istəyən bütün tərəflərlə çalışmağa hazırıq. Beşli və ya altılı platforma təklifimiz var. Bu platforma Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanı əhatə edir. Hətta biz dedik ki, Gürcüstanı da bura cəlb edək. Əgər bu platforma bu cür qəbul olunsa, zənnimcə, bölgədə rahatlıq daha çox olar. Çünki bölgədə dəmir və avtomobil yolları çəkilməlidir”.

Xatırladaq ki, iki ölkənin münasibətlərinin normallaşdırılması məqsədi ilə 12 il əvvəl – 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzalamışdılar. Birinci protokol diplomatik münasibətlərin qurulmasını nəzərdə tuturdu. İkinci sənəd isə qüvvəyə minəndən sonra iki ay ərzində Türkiyə ilə Ermənistan arasındakı dövlət sərhədi açılmalı idi. Amma Azərbaycanın kəskin etirazlarından sonra Ankara geri çəkildi və Ermənistan Konstitusiya Məhkəməsi də protokolların qüvvədən düşdüyünü elan etdi.

2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra regionda yeni vəziyyət yaranıb. Azərbaycan işğalda olan torpaqların böyük bir hissəsini azad edib, hazırda sərhədlərin delimitasiyası, demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı müzakirələr gedir. Bu proses əlbəttə ağırlı gedir, xeyli problemlər, ziddiyyətlər var.

Avropa Siyasət Mərkəzinin təlimçisi Amanda Pol Türkiyə-Ermənistan sərhədlərinin açılacağına ümidlə yanaşır. O, erməni mediasına müsahibəsində bildirib ki, bu proses bir qədər vaxt aparacaq:

“Hələlik tərəflər bir-birinə etibar eləmir, xüusən Ermənistan Türkiyəyə. Düşünürəm ki, bölgədə siyasi vəziyyətin sabit olması çox vacibdir. Azərbaycan-Ermənistan sərhədində bir sıra problemlər, o cümlədən atışmalar baş verir ki, onlar həllini tapmalıdır. Əgər Türkiyə Ermənistanla sərhədləri əlverişli şərtlərlə açsa, eyni şey qarşı tərəfdən də edilsə, burada Türkiyənin itirəcəyi bir şey yoxdur. İki ölkə arasında münasibətlərin yaxınlaşması, sərhədlərin açılması real perspektivdir. Amma yaxın 2-3 ildə bu, baş verməyəcək”.

A.Pol əmindir ki, bunu etmək üçün hər iki tərəfdən real istək var:

“İki ölkə arasında etimadı möhkəmləndirmək lazımdır. Əlbəttə, ilk növbədə hər şey Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs bəyannaməsinin həyata keçirilməsindən asılıdr”.

Siyasi təhlilçi Rauf Mirqədirov “Press Klub”a şərhində bildirdi ki, Türkiyə tərəfindən münasibətlərin normallaşdırılması ilə bağlı hər hansı problem yoxdur. Onun sözlərinə görə, yeganə problem Azərbaycanla Ermənistan arasında davam edən münaqişə idi:

“Əgər iki ölkə arasında sülh müqaviləsi imzalanarsa, son maneə də aradan qalxmış olacaq”.

Ekspert xatırlatdı ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış Sürix protokollarında hətta Qarabağ münaqişəsi həll olunmadan belə münasibətlərin normallaşdırılması nəzərdə tutulurdu:

“Həmin protokollarda əsas problem kimi dövlətlərin biri-birinin ərazi bütövlüyünü tanıması məsələsi qoyulmuşdu. İkinci məsələ – 1915-ci ildə baş vermiş hadisələrə münasibət formalaşmalı idi. Bunun üçün isə birgə komissiya yaradılmalı idi. Amma sonradan Ermənistan belə bir komissiyanın yaradılmasından imtina etdi. Hazırda da bu məsələnin düyünə düşməsi erməni xalqının vaxtilə yaşadığı tarixi hadisələrdən qaynaqlanan komplekslərdən azad olmaması ilə əlaqədardır. Əgər Ermənistanın müstəqilliyi haqqında Konstitusiya Aktına baxsaq, görərik ki, orada Türkiyə ilə münasibətlərə təsir göstərəcək hər iki amil öz əksini tapıb. Həmin Bəyannamənin preambulasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə bir istinad var. İkincisi, Ermənistan Konstitusiyasının tərkib hissəsi olan bu Müstəqillik Aktında Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapıb. Bu kimi məsələlər erməni xalqının mövqeyini əks etdirir, bu da öz növbəsində Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılmasına mane olur”.

Mirqədirov əlavə etdi ki, ermənilər Azərbaycanı və Türkiyəni özünə qarşı təhlükə kimi görür və təhlükəsziliyini təmin etmək üçün Rusiyaya sığınır:

“Belə təqdim olunmasına baxmayaraq, Türkiyənin Ermənistanı əzmək və məhv etmək kimi planları yoxdur, bu, ona heç lazım da deyil. Əksinə, sərhədlərin açılması Ermənistanın Rusiyadan asılılığını azaldacaq. Sözsüz ki, Ermənistan bununla öz məhsulları üçün böyük bazar əldə edəcək. Həmçinin, biz əmək miqrantları axınının istiqamətinin dəyişəcəyini görəcəyik. Rusiyaya üz tutan ermənilər daha yaxın ölkədə daha asan şərtlərlə özlərinə iş, gəlir yeri tapa biləcəklər. Türkiyə haqqında məlumatı olanlar yaxşı bilirlər ki, bu ölkədə çoxlu sayda erməni miqrantları çalışır. Bu amil dövlətlərarası münasibətlərə də təsir edir, prezident Ərdoğan dəfələrlədeyib ki, Türkiyədə 100 mindən artıq Ermənistan vətəndaşı yaşayır”.

Turqut