Yeni dərs ilinin başlaması və məktəblərin qapılarının şagirdlərin üzünə açılması sevindirici olsa da, bir çox valideyni çıxılmaz duruma və stresə salıb.

Rayonlarda və kənd yerlərində internet problemi uşaqların online tədrisdən yararlanmasını sual altında qoyur. Bundan daha ciddi və paytaxt da daxil olmaqla, bütün ölkə üçün əsas problem isə kompüterlə təminat məsələsidir. Ölkədə sosial-iqtisadi durum, vətəndaşların gəlir səviyyəsi məlumdur. Hər kəs kompüter almaq gücündə deyil. İmkan tapıb, 1 ədəd kompüter ala bilənlər isə, əgər ailədə təhsil alan ikinci-üçüncü uşaq varsa, yenə çətin vəziyyətdə qalırlar.

Problemi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz ilə müzakirə etdik.

O.Gündüz bildirdi ki, distant təhsil üçün vacib olan texniki və texnoloj şərtlər var: 

“İlk növbədə internet platforması olmalıdır. Kompüter texnologiyaları əlçatan olmalıdır. Azərbaycanda geniş zolaqlı internetlə bağlı ciddi problemlər var. Regionlarda, kəndlərdə ümumiyyətlə, keyfiyyətli internet əlçatan deyil. Belə olan halda, distant təhsilin necə təşkil olunacağı, bunun məsuliyyətini kimin daşıdığı sual doğurur. Hökumət şagirdlərin və müəllimlərin texniki-texnoloji təminatını öz üzərinə götürmür. Təhsil müəssisəsi əgər əyani təhsildən imtina edib, distant təklif edirsə, onda düşünürəm ki, bu formada təhsil vermək üçün imkanlar yaratmağa borcludur”.

Mütəxəssis qeyd etdi ki, ölkədə keyfiyyətli internet təminatı üçün iki istiqamətdə tədbirlər görülməlidir:

“Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mobil operatorlar, provayderlər, informasiya texnologiyaları şirkətləri bir araya gəlməlidir. Bu qurumların iştirakı ilə şagirdlərin kompüter və internet problemləri həll olunmalıdır. Bu qurumlardan hansı köməyi edə biləcəklərinə dair rəylər alınmalıdır. Məsələn, provayderlər şagirdlərə, tələbələrə güzəştli paketlər verə bilərlər. İkinci tərəfdən isə hökumət bunun fərqində olmalıdır ki, yerlərdə normal internet infrastrukturu olmadan rəqəmsal xidmətləri vermək olmur ki, distant təhsil də bu xidmətlərdəndir. Problemi kökündən həll etmək üçün hökumət regionlarla bağlı “Optika” adlı proqram hazırlamalıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi maraqlı tərəflərin iştirakı ilə bu proqramın üzərində işləməlidir. Proqram hökumətə təqdim olunmalı və onun maliyyəsi təmin edilməlidir. Vaxtilə belə bir proqram mövcud olub, amma müəyyən səbəblərdən maliyyələşdirilməyib. Bunun üzərindən xeyli müddət keçib və problem daha da ciddiləşib”.

O.Gündüzün fikrincə, indiki vəziyyətdə mövcud problemi yalnız Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, hansısa provayder təklikdə həll edə bilməz:

“Bunun həlli bir nazirliyin, bir provayderin gücündə deyil. Burada böyük maliyyə tələb olunur. Nazirlik yalnız bir rayonda problemi həll edə bilər. Digər ölkələrin hökumətləri bu problemi həll etmək üçün effektiv qərarlar qəbul edirlər. Məsələn, Qazaxıstan hökuməti şəhərlərin birində bu problemin həlli üçün 15 milyon, digərində 20 milyon dollar xərcləyib. Ölkə üzrə xərclər 150 milyon dollara çatıb”.

O.Gündüz hesab edir ki, Təhsil Nazirliyi təcili olaraq şagirdlərin və müəllimlərin texniki-texnoloji təminatı ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlamalıdır:

“Təhsil Nazirliyində mövcud durumla bağlı yetərincə informasiya toplanıb. Bu informasiyaların ictimaiyyətdən gizlədilməsi doğru deyil. Nazirlik distant təhsilin keyfiyyətli təşkili üçün dərhal mövcud texniki-texnoloji durumla bağlı hökumətdən, ayrı-ayrı qurumlardan kömək istəməlidir. Nazirlər Kabineti distant təhsilin təşkili üçün nazirliyə köməklik göstərməli, əlavə resurslar ayırmalıdır”.

Ülviyyə Şahin